Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2025 / 19:51

Həyatın içində bir film səhnəsi

Liftçi qız” real həyatda

1966-cı ildə Azərbaycan kinosunda qısametrajlı bir film çəkilmişdi: “Liftçi qız”. Rejissoru Rüfət Şabanov, ssenaristi isə Həsən Seyidbəyli olan bu film “Liftçi qız” hekayəsinin motivləri əsasında ekranlaşdırılmışdı. Cəmi 31 dəqiqəlik bu ekran əsərində baş qəhrəman Lalə obrazını (Cüllüt) aktrisa Xuraman Qasımova canlandırırdı. Onun səmimiyyəti, insanlarla ünsiyyətindəki incəliyi və peşəsinə olan hörməti tamaşaçının yaddaşına hopmuşdu.

O dövr mənim yaşadığım illərə təsadüf etməsə də, Liftçi qız” filmi mənim üçün sovet dövrü kollektivliyinin, sadəliyin və peşə fəxarətinin bir simvolu kimi qalmışdı. Hər zaman düşünürdüm ki, o mənzərə yalnız filmlərdə qala bilər. Ta ki, ötən gün  MUM kimi tanıdığımız Bakı Mərkəzi Universal Mağazası Ticarət Mərkəzinə gedənə qədər.

Parça bölməsinin yerləşdiyi 3-cü mərtəbəyə qalxmaq üçün liftdən istifadə edirdim. Liftə daxil olduğumda təxminən 5-6 nəfər vardı. Diqqətimi bir mənzərə çəkdi: liftin içində, düymələrin yanında bir qadın dayanmışdı. İnsanlar ona növbə ilə müraciət edirdi: “2-ni bas”, “3-ü bas”, “4-ü bas…” O isə təmkinlə, səbrlə və mehribancasına hamının dediklərinə əməl edirdi.

Əvvəlcə düşündüm ki, düymələrə yaxın olduğu üçün könüllü şəkildə yardım edir. Mərtəbəmə çatıb düşdüm. Təxminən iki saat sonra geri dönəndə yenidən həmin liftdən istifadə etdim. Və baxdım ki, o qadın hələ də oradadır. Yanında balaca bir stol da var. Maraqlanıb soruşdum: – Siz burada işləyirsiniz?– Bəli, mən liftdə işləyirəm, – dedi gülümsəyərək.

O an beynimdə sanki bir film lenti geri çəkildi. Liftçi qız filminin kadrları gözümün önündə canlandı. Və anladım ki, bu mənzərə təkcə kinolarda deyilmiş. Həmin səmimi, mehriban, hər kəslə xoş münasibət quran lifçi obrazı bu gün də yaşayır – ticarət mərkəzində, liftin küncündə, düymələrin yanında.

Qadınla bir qədər söhbətləşdim. Soruşdum:– Ürəyiniz sıxılmırmı burada?– Xeyr, öyrəşmişəm. Başımın üstündə ventilyator var, o da yaxşı işləmir. Amma onu da alışmışam, – dedi sakit və razı bir tonla.

Düşündüm ki, bəlkə, bu işi məvacibə görə görür, bəlkə də, başqa çarəsi yoxdur. Amma dəqiq hiss edilən bir şey var idi: bu xanım öz işini sevir. O, sadəcə liftin düyməsini basmırdı, o, gündəlik həyatın axınında unudulan insan münasibətlərini, nəzakəti, diqqəti yaşadırdı.

Ən çox insanın qorxub minmədiyi bu lift – onun gününü keçirdiyi, həyatının bir parçasına çevrilmiş iş yeridir. Bu sadə, bəlkə də, diqqətdən kənarda qalan qadın, mənə o çoxdan unudulmuş bir hissi, filmlərlə gəlib keçmiş sandığımız səmimiyyəti yaşatdı.

Liftçi qız filmində gördüyümüz lifçi qız bu dəfə real həyatda qarşımda idi. Bu dəfə kamera yox idi. Amma səhnə eyniydi.

Sonradan öyrəndim ki, onun adı Nərgiz imiş. Adı da özü kimi sadə, sakit və səmimi… Nərgizin sadə iş günündə, səs-küylü bir ticarət mərkəzinin liftində baş verən bu səssiz, diqqətdən yayınan xidmət əslində unudulmaqda olan bir dəyərin canlı nümunəsidir: insana olan qayğı, peşəsinə olan hörmət və içdən gələn səmimilik.

Bəzən düyməyə basmaq sadəcə bir iş deyil. Elə anlar olur ki, bu, kiməsə kömək etmək, birinə gülümsəmək, insanlıq göstərmək fürsətinə çevrilir. MUM-un lifti də bu gün elə o fürsəti yaşatdı.

Ən əsası isə, “Liftçi qız” filminin ruhu bu dəfə real həyatda, canlı, nəfəs alan bir insanda, Nərgiz adlı lifçi xanımda özünü göstərirdi.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!