Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 11:44

“Heydər Əliyevin 70-ci, 1995-2005-ci illərdəki investisiya siyasəti bərpa olunsa, dünyada analoqu olmayan nəticə olar”

Sabiq maliyyə naziri, Professor Saleh Məmmədov “Iqtisadi Hesabat: Azərbaycanın iqtisadiyyatı (2025-ci il yanvar-aprel)” adlı statistik təhlil aparıb, maraqlı təkliflər verib… Professer qeyd edir ki, əgər H. Əliyevin 70-ci illərdə və 1995-2005-ci illərdə həyata keçirdiyi investisiya siyasəti bərpa olunarsa, çox qısa zamanda dünyada analoqu olmayan nəticələr əldə etmək olar.
***
Professor bu statistik təhlilinin sonunda isə yazır: “Bu təhlili dərc etməkdə məqsəd heç də kimisə tənqid etmək, kimisə zəif göstərmək deyil. Sadəcə ölkə iqtisadiyyatında baş verənlər ürək ağrıdıcı məqamlardır. Hətta qapalı məktubla ölkə rəhbərliyinə də göndərmişdim, cavab almadığıma görə açıq mətbuata istiqamətləndirdim. Bu ölkədə çox böyük işlər görülüb, torpaqlar işğaldan azad olunub, təsəvvür olunmaz səviyyədə ehtiyatlar toplanıb və bunun hamısı hazırkı iqtidar edib. Belə şans, münbit şərait bəlkə də bütün tarix boyu nadir sayılan hadisələrdəndir. Bunu əldən buraxmağı isə gələcək nəsillər bizim heç birimizə, nə iqtidara, nə müxalifətə, nə sadə ziyalılara, alimlərə bağışlamayacaq. Azərbaycan isə ənənəvi gerilikdən can qurtara bilməyəcək. Bu vəziyyətdən hamı itirir, həm hökümət, həm müxalifət, həm hər bir vətəndaş. Qazanan isə bir qrup vətən-millət hissiyyatını itirmiş şəxslər və başqa ölkələrdi. Hazırda dünyada qeyri-stabil situasiya hökm sürür, bütün möhkəm valyutaların ciddi dəyərdən düşməsi prosesi gedir və bu daha da güclənəcək. Sovet rublu kimi, bir də ayılacağıq ki, nə ehtiyatları saxladığımız dollar, evro, funtdan bir şey qalmayıb. Özəl valyutalar bu möhkəm valyutaları yavaş yavaş rəqabətdə sıxışdırır. Dövriyyəyə dollardan xeyli çox kriptovalyutalar çıxarılıb və bunlar qlobal inflyasiyanı ciddi surətdə artırır. Hesablamalar göstərir ki, qlobal inflyasiya 2013-2025-ci illər arasında Azərbaycan valyuta ehtiyyatlarından 20 milyard dollar həzmə vermişdir”.
Beləliklə, Professor Saleh Məmmədov yazır: “…Statistika komitəsi növbəti iqtisadi hesabatı açıqladı. Ümumi Mənzərə: Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ilk dörd ayında zəif ÜDM artımı (planda nəzərdə tutlduğundan 3 dəfə az), əsas kapitala investisiyaların ciddi azalması və güclü büdcə performansı ilə xarakterizə olunur. Dövlət günü-gündən zənginləşir, biznes və şəxslər müflisləşir. Ölkənin iqtisadiyyatı hansı tərəfdən baxsan paradokslar toplusu kimi görünür.
Əsas paradokslar:
-Birinci paradok. Maliyyə – pul resurslarının nisbi həcm göstəricilərinə görə ölkə. dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsindədir. Ümumi daxili məhsulu qədər və ya ona yaxın ehtiyyatda maliyyə resursları olan ölkələrin hamısı ən inkişaf etmiş ölkələrdir: İsveçrə, Norveç, Sinqapur və yalnız Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında qalmaqda davam edir. Amma, istifadə olunan pulların nisbi göstəricilərinə görə Azərbaycan ən geridə qalmış Afrika ölkələri ilə bir sırada gedir. Məsələn, işçi yerlərinin yaradılması üçün investisiyaların payı, elm və texnoloji inkişafa xərclərin payı, ölkənin iqtisadiyyatına cəlb olunan xarici borcların ÜDM-də payı, iqtisadi diversifikasiya, ixrac diversifikasiyası və s. göstəricilər üzrə ölkə hətta Əfqanıstan, Nigeriya, Qabon kimi ölkələrdən də geri qalır.
-ÜDM artımının faktiki olaraq dayanması (illik 0,9%) fonunda vergi gəlirlərinin 6 dəfə daha sürətlə (5,3%) artması ilə üst-üstə düşür. Son 4-5 ilin real mənzərəsi bundan ibarətdir. Adətən dünyada, ÜDM-nin vergilərə nisbətən üstün artması meyli görünür, Azərbaycanda isə tam əksinə, vergilərin üstün artması qanunauyğunluq vəziyyəti almışdır. Necə ola bilər? Şirkət bir şeylər istehsal etməli və ya xidmət göstərməlidir ki, qazandığı gəlirdən daha çox vergi ödəsin. Dünya ölkələrində 70-ci illərin iqtisadi böhranından çıxmaq üçün davam edən vergi islahatları hər il vergi dərəcələrinin azaldılması ilə müşahidə olunur (A. Lafferin təklif nəzəriyyəsi və Laffer əyrisi). Amma Azərbaycanda vergilərin dərəcələri və məbləği ciddi artımla müşahidə olunur. Dövlətin xəzinəsində böyük bolluq, biznes və şəxslərin kassasında quruluq və qıtlıqdır. Xəzinədə toplanan artıq pullar passivləşir, ölü əşyaya çevrilir. Biznesdə qalan aktiv pullar isə sürətlə azalır, böyük pul və investisiya qıtlığı yaranmışdır. Bu dövr ərzində Gürcüstanda ÜDM artımı 9,3%, Ermənistanda 4.4% olmuşdur.
– Əsas kapitala investisiyaların azalmasına (-4,6% illik) baxmayaraq ki, büdcə profisiti (artıqlığı) 3 milyard manat təşkil edir (gəlirlərin 21,5%-i). Hec bir ölkədə belə bir hala rast gəlmək mümkün deyil. Əsas kapitala investisiyalar o vaxt azalar ki, maliyyə vəsaiti olmasın və ya işçi qüvvəsi defisiti olsun. Ölkədə həm həddindən artıq böyük miqdarda maliyyə mənbələri var, həm də işçi yerlərinə böyük tələbat var. İşçi qüvvəsi çatışmayan zamanı da adətən ölkələr əsas kapitala investisiyaların həcmini azaltmırlar, əksinə çatışmayan işçi qüvvəsini miqrasiya hesabına artırırlar, çünki, birincisi, iqtisadiyyatın daralmasına gətirib çıxararsa, ikincisi sürətlə artımına səbəb olacaq. Bizim hesablamalarımıza görə hazırda mövcud işçi qüvvəsini işçi yerləri ilə təmin etmək üçün 42 milyard dollar tələb olunur. Hazırda isə illik əsas kapitala investisiyaların həcmi cəmi 11 milyard dollar təşkil edir. Potensial cəlb oluna biləcək resursların həcmi isə təqribən 120 milyard dollardır. Azərbaycan tarixində heç vaxt əsas kapitala investisiyaların ÜDM-də payı bu günkü qədər aşağı düşməmişdir – 10%. İqtisadi bum vaxtları bu rəqəm 50-60%-ə qədər qaldırılmışdır. Xüsusilə H.Əliyevin respublikaya başçılıq etdiyi zaman (1970-80) və 1994-2004 arası daimi yüksək olmuşdur. Qrafikdən göründüyü kimi, bu rəqəm 1992-dən etibarən sürətlə artmağa başlamış, 2004-cü ildə pik həddə 58%-ə çatmışdır. 2014-cü ildən isə başlayaraq düşmə ciddi xarakter almışdır. Hazırda bu göstərici dünya ölkələri və həmçinin keçmiş Sovet respublikaları arasında demək olar ki, ən aşağı həddədir. Hesablamalar göstərir ki, hazırda işsizliyi heç olmasa mövcud vəziyyətdə saxlamaq üçün əsas kapitala qoyuluşların payı ən azı 20%-dən yuxarı olmalıdır. İşçi yerlərin ixtisarı nəticəsində azad olunan işçiləri və təbii artımı işçi yerləri ilə təmin etmək üçün isə ən azı bu rəqəm 40-50%-ə qaldırılmalıdır. Daha doğrusu H. Əliyevin 70-ci illərdə və 1995-2005-ci illərdə həyata keçirdiyi investisiya siyasəti bərpa olunarsa, çox qısa zamanda dünyada analoqu olmayan nəticələr əldə etmək olar. Çünki, əvvəlki dövrlərdən fərqli olaraq ölkədə olduqca böyük maliyyə imkanları var. 70-ci illərdə Sovet bürokratik aparatından hər manatı almaq üçün böyük mübarizə aparmaq tələb olunurdu, müstəqillik dövründə isə ciddi qıtlıq var idi. Amma indi dünyada analoqu olmayan investisiya pul bolluğu var, bunu bu hökumət yaradıb və bu hökumət də bu vəsaitlərin sərəncamçısıdır. Hər an bu pullar investisiyalara yönəldilə bilər.
Qrafik 1. Əsas kapitala investisiyaların ÜDM-də payı.% (1990-2023)
– Bütün inkişaf etmiş ölkələr iqtisadiyyatda pul-investisiya bolluğu yaratmaq üçün ciddi tədbirlər görür, ölkələrinə daha çox resurs cəlb edir və bunun hesabına iqtisadiyyatı yüksək sürətlə inkişaf etdirirlər. Yuxarıda adları çəkilən İsveçrənin xarici borcları 2.3 trilyon dollar, Sinqapurun 2.1 trilyon, Norveçin 795 milyard dollar təşkil edir, amma öz ehtiyatları da boldur. Azərbaycanda isə xarici borclar cəmi 14 milyard dollardı və günü gündən azalır (Ermənistan – 6.5 milyard dollar, Gürcüstan – 25 milyard dollar). Bütün müsəlman və kommunist ölkələri xarici pul cəlb etməkdən qorxurlar, amma öz pullarını xaricdə saxlamağa çalışırlar. Ölkədə həm xaricdən pul cəlb etmək və həm də öz resurslarını xarici ölkələrdə yerləşdirmək üzrə hazırkı müsbət meyllərin əksinə hərəkət edilir, buna görə də ciddi investisiya-pul qıtlığı hökm sürür, olduqca yüksək faizlər vardır, iqtisadiyyat durğunluq sindromunu dəyişə bilmir. 2014 cü ildə ÜDM 75 milyard dollar idisə, 2024-clü ildə 74 milyard dollar olmuşdur. Bu il də 2014-cü ilin səviyyəsinə qalxmaq xeyli problemli görünür.
– Müasir rəqəmsal keçid və süni intellekt şəraitində elmi-texnoloji inkişafa üstünlük verilməsi əvəzinə elmdən-texnoloji inkişafdan qaçmaq meylləri izlənilir. Bir neçə onilliklər əvvəl elmsiz keçinmək mümkün idisə, indi ümumiyyətlə, bunsuz müstəqil yaşamaq mümkün deyil. Elm və inkişaf investisiyaları getdikcə sürətlə azalır. Azərbaycan yeganə ölkədir ki, 1980-ci illə müqayisədə elm xərcləri 4 dəfə, patent sayı 15-20 dəfə, elmi işçilərin, elmi təşkilatların və s. sayı, elmdə əsas fondların həcmi, elmi məhsulların həcmi, istehsalın elm tutumluluğu bir neçə dəfə azalsın. Bu proses bu gün də davam edir.
Nəticə: Pul bolluğu içində üzən Azərbaycan iqtisadiyyatı (dövləti) neftdən asılılıq və investisiyaların çatışmazlığı kimi struktur problemlərlə üzləşir. Büdcə intizamı təqdirəlayiq olsa da, resursların diversifikasiyaya və insan kapitalına yönəldilməsi vacibdir. İnflyasiya ilə mübarizə və biznes mühitinin yaxşılaşdırılması 2025-ci ildən sonra davamlı artımı təmin edəcək. Birinci növbədə işçi yerlərinin yaradılması, yenidən sənayeləşmənin həyata keçirilməsi – faktiki olaraq sənayenin bərpası, süni intellekt erasında əsas prioritet kimi elm-texnologiyanın inkişafının sürətləndirilməsi, müstəqillik dövründə dağıdılmış elmin bərpa olunması zəruridir. Əsas kapitala, elm və texnologiyaya güclü investisiya qoymadan artım əldə etmək, on illik durğunluqdan can qurtarmaq mümkün deyil. Hələ insanlıq tarixi belə təcrübəyə sahib olmamışdır.
Sonda bütün iqtisadçılar, xüsusilə dövlət məmurları üçün pulun üç müqəddəs, tarix boyu dəyişməz prinsipini çatdırıram:
1. Biznesdə, vətəndaşda qalan bir dollar və ya manat dövlətə keçəndən xeyli, Azərbaycan şəraitində isə 3-4 dəfə güclüdür.
2. Bu günün dolları- manatı sabahın dollarından-manatından güclüdür.
3. Risksiz dollar və ya manat riskli dollar-manatdan xeyli güclüdür. Bu prinsiplərin nəzərə alınması bu gün üçün çox vacibdir.
Dərin hörmətlə, prof. Saleh Məmmədov”.
Bir mətn şəkili ola bilər
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!