23 Sentyabr 2025 / 07:27

Hökumətin “Respublika”sı- BƏKİR NƏRİMANOĞLUNUN ARAŞDIRMASI

“Kommunist” qəzetindən ayrılan ilk qurum Azərbaycan SSR Nazirlər Soveti oldu. 1990-cı ilin iyulundan Nazirlər Sovetinin ayrıca mətbu orqanı – “Respublika” qəzeti dərc olunmağa başlandı. Qəzeti baş nazir Həsən Həsənov təsis etmişdi. O günə kimi, “Kommunist” qəzeti Azərbaycan KP Mərkəzi Komitəsinin, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı idi. Düzdür, “Kommunist”nin “Respublika” ilə paralel Nazirlər Sovetinin orqanı olması 1 dekabr 1990-cı ilə kimi davam etdi.

“Respublika”nın qeydiyyat şəhadətnaməsi.

Qəzetin 1990-cı ildə “Respublika” adlandırılması önəmli idi. Həsən Həsənov sonralar deyirdi ki, qəzetin həmin adla buraxılmasına inadla cəhd göstərənlərdən biri olub: “O zaman bu, siyasi bir hadisə idi. Qəzetə bu adı verməklə müstəqilliyimizi bir daha qeyd elədik, gözə çarpacaq dərəcədə təsdiqlədik. Bunu “Respublika”nın o dövrdə nəşr olunan yazılarında da görmək mümkündür”.[1]

“Respublika” qəzeti üç dəfə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. İlk dəfə, 1991-ci ilin aprelində – Ayaz Mütəllibovun dönəmində, ikinci dəfə 1994 oktyabr hadisələrindən sonra və sonuncu dəfə isə, Azərbaycan prezidentinin fərmanı ilə 2025-ci ilin avqustunda.

Ayaz Mütəllibov dönəmində

Əslində, Ayaz Mütəllibov qəzetə fəaliyyətə başlaması münasibətilə təbrik də göndərmişdi. O, ilk sayda dərc olunan təbrikdə, “İlk dəfə olaraq müstəqil hökumət qəzetinin fəaliyyətə başlaması Azərbaycanın həyatında mühüm hadisədir. …Arzu edirik, o daim iqtisadi, siyasi, tarixi, mənəvi və hüquqi məsələlərinin şərhində öndə getsin, sadə zəhmət adamları ilə hökumət orqanları arasında canlı körpü yaratsın, tezliklə geniş xalq kütləsinin rəğbətini qazanaraq əsl xalq tribunasına çevrilsin.” – deyə yazırdı.[2]

Ancaq həmin dövrdə Naxçıvanda olan Heydər Əliyevin müsahibələrinin dərc olunması qəzetə olan münasibəti dəyişdi.

1990-cı ilin avqustun sonu-sentyabr əvvəlində qəzetdə Heydər Əliyevin “Mən adamlara inanmışam…” başlıqlı müsahibəsi üç hissəli dərc olundu. Müsahibəni “Qobustan” toplusunun əməkdaşı, yazıçı Azər Abdulla aparmışdı.

Həmin dövrdə qəzetin əməkdaşı olan Asif Mərzili xatırladı ki, müsahibənin ilk hissəsi qəzetdə çap olunduqdan sonra prezidentin mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev redaksiyaya zəng edib: “Telefona Əmir Mustafayev cavab verdi. Telefon danışığından sonra halı pisləşdi və dedi ki, Heydər Əliyevlə müsahibəyə görə zəng edib. Osman Mirzəyev deyib ki, siz o müsahibəni ona görə vermisiniz ki, Heydər Əliyev hakimiyyətə gələcək və sizə vəzifə verəcəck, indi görün sizin başınıza nə oyun açacağıq. Qəzeti dərhal bağlıyırdılar, ancaq Həsən Həsənov imkan vermədi”.[3]

Müsahibə sadəcə hakimiyyətdə deyil, oxucularda da maraq yaratmışdı. Müsahibə dərc olunduqdan sonra redaksiyaya oxuculardan 71 məktub daxil olub.[4]

Bundan sonra Heydər Əliyevin daha iki müsahibəsi qəzetdə dərc olundu. Qəzetin 1990 20 oktyabr sayında Heydər Əliyevin jurnalist Andrey Karaulovla, 24 noyabr sayında isə “Sovet Gürcüstanı”nda dərc olunmuş müsahibələri tərcümə olunaraq verildi.

Asif Mərzili “Sovet Gürcüstanı” qəzetinə verilən müsahibənin dərc olunmasını bağlanma səbəblərindən biri hesab etdi: “Gürcü jurnalisti – Aleko Aslanişvilini evimdə qonaq saxladım, bilet aldım, Naxçıvana yola saldım. Onlar Heydər Əliyevlə müsahibəni həm gürcü, həm də rus dilində dərc etdilər. Müsahibənin başlığı belə idi: “Qafqaz pələnginin qolları hələ də bükülməzdir”. Ayaz Mütəllibovun dövründə belə bir müsahibənin tərcüməsi “Respublika”da dərc olundu”.[5]

Nəticədə, Ayaz Mütəllibovun sərəncamı ilə “Respublika” qəzetinin buraxılması 1991-ci il aprelin 16-dan dayandırıldı və Ali Sovetin orqanı “Həyat” qəzeti ilə birləşdirildi.[6]

Sərəncamda qəzetin bağlanmasına səbəb kimi Nazirlər Sovetinin Azərbaycan Prezidentinə tabe olan Nazirlər Kabinetinə çevrilməsi, habelə Azərbaycan Respublikası Ali Sovetinin mətbu orqanının – “Həyat” qəzetinin varlığı, böyük kağız qıtlığı, poliqrafiya xidmətlərinin çox baha olması göstərildi.

Baş nazir Həsən Həsənovun da qəzetin bağlanmaması üçün etdiyi cəhdlər nəticəsiz qaldı: “Onda mənim müqavimət göstərməyimə baxmyaraq, əleyhdarlarımız cəza tədbirlərinə əl atdılar və Ayaz Mütəllibovun qərarı ilə bizim qəzetimizi bağladılar, baxmayaraq ki, bu, onların səlahiyyətinə aid deyildi. Mənim qəzeti müdafiə etmək cəhdlərim nəticə vermədi, çünki o zaman yalnız bir qəzet mətbəəsi var idi, o mətbəəyə də bizim qəzeti çap etmək qadağası qoyulmuşdu”.[7]

1994 oktyabr hadisələrindən sonra

“Respublika” adlı qəzet bir də Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətinin sonlarına doğru, 14 may 1993-cü ildən Yusif Rzayevin baş redaktorluğu ilə buraxılmağa başlandı. Hökumət qəzetinin yenidən çap olunması o vaxtkı Baş nazir Pənah Hüseynin ideyası idi.  Baş redaktor Yusif Rzayevə də dəvət Pənah Hüseyndən gəlmişdi: “Pənah bəy əvvəlcə qəzetin “Hökumət qəzeti” adlanması təklifini verdi. Amma müzakirədən sonra bu qərara gəlindi ki, qəzet “Respublika” adlandırılsın”.[8]

Maraqlıdır ki, qəzet birinci nömrədən, 1990-1991-ci illlərin sayları nəzərə alınmadan nömrələnməyə başlandı. “Əvvəlcə “Hökumət qəzeti” adı ortada olduğundan nəşrə də elə birinci nömrədən başlamaq fikri var idi. Ona görə də 1990-1991-ci illərdə bir müddət nəşr olunmuş qəzetin davamı kimi yox, sıfırdan fəaliyyətə başlamaq qərara alındı. “Respublika” adı “Hökumət qəzeti” adından daha məqbul sayıldı. Yəni, əvvəlcədən o biri “Respublika” qəzetini bərpa etmək fikri olmadığından onu davam etdirməklə bağlı ümumiyyətlə müzakirə getmədi. Başqa hansısa məqsəd yox idi.”, – deyə Yusif Rzayev əlavə etdi.[9]

Ancaq qəzetin 100-cü yubiley nömrəsi üçün 1990-1991-ci illərdə nəşr edilən 46 nömrə (46+54) nəzərə alındı.[10]

Yusif Rzayevin qəzetdə baş redaktorluğu uzun sürmədi, 1993-cü il 4 iyun hadisələrindən sonra Pənah Hüseyn istefa verdikdən sonra o da baş redaktorluqdan ayrıldı. Yusif Rzayev: “Məni qəzetə məhz Pənah bəy dəvət etmişdi. Ona görə də onun istefasından sonra mən də öz işimdən getmək qərarına gəldim və işdən getmək haqqında ərizmi o vaxt Baş nazirin vəzifəsini müvəqqəti icra edən birinci müavin Vahid Əhmədova təqdim etdim. Həm də o vaxt baş nazir vəzifəsinə Surət Hüseynovun gələcəyi gözlənilirdi. Mən isə əmin idim ki, onunla işləyə bilmərəm və buna görə də işdən getdim”.[11]

“Respublika” hakimiyyət dəyişikliyindən sonra da Nazirlər Kabinetinin orqanı kimi fəaliyyətini davam etdirdi.

1994-cü ilin oktyabrında Baş nazir Surət Hüseynov və onun tərəfdarları Gəncədə dövlət çevrilişinə cəhd etdilər. Buna etiraz olaraq 4-5 oktyabrda Bakıda mitinqlər keçirildi və baş nazir Surət Huseynov və tərəfdarları həbs edildi.

1994-cü ilin oktyabrında Gəncədə baş vermiş hadisələr “Respublika” qəzetinə də təsirsiz ötüşmədi. Qəzetin fəaliyyəti dayandırıldı.

Yusif Rzayevin istefasından bir müddət sonra Nazirlər Kabinetinin mətbuat xidmətinin də rəhbəri olmuş Rusvat Bayramov qəzetə baş redaktor təyin olunmuşdu.

Rusvat Bayramov bildirdi ki, qəzetə qarşı kampaniya aparıldıqdan sonra bağladılar: “O vaxtlar Arif Rəhimzadə və Qabil Hüseynli deyirdilər ki, 1994-cü il oktyabr hadisələrinin ideoloji cizgilərini “Respublika” qəzeti hazırlayıb. Sonra bu fikir rəsmi şəxslərin dilindən də təkrarlandı. Əslində, belə deyildi”.[12]

Rusvat Bayramov dedi ki, ən gərgin vaxtlarda belə qəzetçilik prinsiplərini pozmayıb: “Həmişə, birinci dövlət başçısı ilə bağlı xəbərləri vermişəm. Yəni, subardinasiyanı gözləmişəm”.[13]

Qəzet 20 mart 1996-cı ildə Nazirlər Kabinetinin deyil, “Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi və qəzetin redaksiya heyəti”nin təsisçiliyi, Teymur Əhmədovun baş redaktorluğu ilə fəaliyyətini bərpa etdi.

“Xalq qəzeti” ilə birləşmə

“Respublika” qəzeti sonuncu dəfə Azərbaycan prezidentinin 11 iyul 2025-ci il fərmanı ilə fəaliyyətini dayandırdı. Fərmana əsasən, “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı.[14]

Qəzetin son nömrəsi 17 avqust 2025-ci ildə çıxdı.

Bəkir NƏRİMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!