26 Sentyabr 2025 / 21:30

Hövsan yolunda park əvəzinə bina tikintisi iddiası – Rəsmi açıqlama

Qısa xatırlatma: Bir neçə gün öncə redaksiyamız Zığ gölü ətrafında aparılan tikinti işləri ilə bağlı sakinlərin narahatlıqlarını işıqlandırmışdı. Onlar bildirirdilər ki, ərazidə əvvəlcə böyük park salınacağı vəd olunsa da, hazırda yaşayış binalarının inşasına hazırlaşdıqları barədə iddialar dolaşır.

Hazırda Hövsan yolunun üstündə, Suraxanı rayonunda yerləşən Zığ gölü ətrafında sürətlə tikinti işləri aparılır. Ərazidə ağır texnika, kranlar, ekskavatorlar və betonqarışdıran maşınların iştirakı ilə intensiv işlər davam edir.

Sakinlərin sözlərinə görə, bir vaxtlar bu sahədə böyük park salınacağı vəd edilsə də, indi ərazidə yaşayış binalarının inşasına hazırlaşdıqları barədə iddialar dolaşır. Onların fikrincə, park yalnız kiçik bir sahədə salınacaq, qalan torpaq isə çoxmərtəbəli binalara ayrılacaq ki, bu da ciddi narazılıq doğurur.

Sakinlər bildirirlər ki, Zığ və Hövsan ərazilərində minlərlə insan yaşayır, lakin onların geniş istirahət məkanı yoxdur. Mövcud “Gənclər Parkı” isə məsafə baxımından əlverişli hesab edilmir. Onların sözlərinə görə, gölün illərlə çirkabla dolmuş ərazisinin doldurularaq bina tikintisinə ayrılması həm təhlükəli, həm də ekoloji baxımdan yanlış qərar olardı. İddialara görə, əgər park əvəzinə bina tikintisinə start verilərsə, sakinlər etiraz aksiyalarına çıxacaq və məsələni aidiyyəti dövlət qurumlarına çatdıracaqlar.

Rəsmi cavab gəldi

Məsələ ilə bağlı redaksiyamızın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən mediaya açıqlama verilib. Qurumdan bildirilib:

“Hazırda Zığ gölü ətrafında aparılan işlər Prezidentin müvafiq Sərəncamına uyğun olaraq gölün təmizlənməsi və abadlaşdırılması məqsədi daşıyır. Bu layihə ilə bağlı bir neçə qurum müştərək fəaliyyət göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən Hövsan qəsəbəsindən Zığ gölü istiqamətində kanalizasiya kollektoru tikilir. Hazırda tullantı sularının həmin kollektora ötürülməsi üçün yeraltı nasos stansiyasının inşasına başlanılıb. Tikinti-quruculuq işləri plan üzrə davam etdirilir.”

Məsələ açıq qalır

Beləliklə, rəsmi açıqlamaya əsasən, hazırda aparılan işlər yalnız Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühəndis-kommunikasiya infrastrukturunun qurulması ilə bağlıdır.

Lakin sakinlərin park əvəzinə yaşayış binalarının tikiləcəyi barədə narahatlıqları hələ də qalır. Mövzu ilə bağlı tikinti işlərini həyata keçirən şirkətin və aidiyyəti dövlət qurumlarının əlavə açıqlamaları da dərc olunacaq.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!