Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ekoloji layihə niyə yarımçıq qaldı?

Hazırda Hövsan yolunun üstündə sürətlə tikinti işləri aparılır. Söhbət Suraxanı rayon ərazisində yerləşən Zığ gölündən gedir. Ərazidə ağır texnika, kranlar, ekskovatorlar və betonqarışdıran maşınların iştirakı ilə intensiv iş gedir. Yaxınlaşıb söhbətləşdiyim fəhlə bildirdi ki… “Burada kanalizasiya sistemi çəkilir və işləri “Ensol” MMC şirkəti həyata keçirir. Həmin bu tikililər də su nasosları üçün hazırlanır.”
Lakin etibarlı mənbələr bildirir ki, kanalizasiya xətləri tamamlandıqdan sonra həmin ərazidə yaşayış binalarının inşasına başlanacaq. Uzun illərdir çirkab sularından yaranmış gölün qurudulması iləmi???

Qısa xatırlatma edək ki, 15 oktyabr 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb. “Təzadlar” qəzeti bu barədə iki dəfə araşdırma yazıları dərc edib.
Sərəncamda aşağıdakı göstərişlər əksini tapıb: Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılsın.
Sərəncama əsasən, vəsaitin ayrılması və lahiyənin icrası o vaxtkı İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə olunub, maliyyələşməni isə Maliyyə Nazirliyi təmin etməli idi. Layihənin yerli icrası ilə bağlı nəzarət və koordinasiya funksiyası isə Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə aid idi. Prezidentin sərəncamı ilə ayrılan 2 milyon manat vəsaitin necə xərcləndiyi indiyədək açıqlanmayıb. İcraçı qurumların məsuliyyətində olan lahiyənin nəticəsi yoxdur, ortada iş görünmür. Bu da cəmiyyət arasında haqlı suallar yaradır: ayrılan milyonlarla manatın taleyi necə oldu? Bəli, üzərindən illər keçsə də, ayrılan vəsaitin nəticəsi gözə dəymədi, hansı işlərin görüldüyü barədə heç bir məlumat verilmədi. Bu isə, vəsaitin icrasına məsuliyyət daşıyan dövlət qurumlarının şübhəli fəaliyyəti barədə ciddi suallar yaradır. Sakinlərin ümidlə gözlədiyi ekoloji lahiyə kağız üzərində qaldı. Zığ gölünün vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verilən sözlər reallığa çevrilmədi. Əksinə, zaman keçdikcə ərazidə başqa planların həyata keçirildiyi aydın oldu.

Bu gün həmin sahəyə baxanda tamamilə başqa mənzərə ilə rastlaşırıq. Gölün ətrafı artıq illərlə olduğu kimi bataqlıq və qurunt suları ilə örtülü deyil. Ərazidə iri tikinti işləri gedir, göl torpaq daşınaraq doldurulur, yeni kommunikasiya xətləri çəkilir. Burada yerləşən məkanlar belədir: bir tərəfdə “Baku Bus” MMC-yə məxsus qaraj və qazdoldurma məntəqəsi, qarşı tərəfdə Qum adası ərazisi, arxada isə Zığ kəndi.
Bütün bu geniş sahə uzun illər qrunt suları ilə əhatə olunmuşdu. Onun bir hissəsi əvvəlki illərdə doldurularaq “Baku Bus”un istifadəsinə verilib, digər hissəsinin isə indi mərhələli şəkildə doldurulduğu müşahidə olunur.
İlk vaxtlar yayılan məlumata görə, məhz bu ərazidə böyük və müasir standartlara uyğun park salınacağı deyilmişdi. Bu xəbər yerli əhali arasında böyük sevinclə qarşılanmış, sakinlər illərlə gözlədikləri istirahət məkanının nəhayət, gerçək olacağına inanmışdılar. İnsanlar ümid edirdilər ki, burada yaşlıların sakitlik tapacağı, uşaqların isə təhlükəsiz əylənəcəyi geniş və möhtəşəm bir park yaradılacaq. Lakin sonradan ortaya çıxan yeni iddialar həmin sevinci narahatlıqla əvəz etdi.
Əldə olunan məlumata görə, park üçün nəzərdə tutulan torpağın böyük hissəsində çoxmərtəbəli yaşayış binalarının inşası planlaşdırılır, park isə, yalnız qalan kiçik sahədə salınacaq Bu isə faktiki olaraq parkın yalnız yeni tikiləcək binalarda yaşayacaq sakinlərə xidmət edəcəyi deməkdir.

Ərazidə yaşayan sakinlər bu plana ciddi etiraz edirlər. Onların sözlərinə görə, bu qədər geniş torpağın yalnız kiçik hissəsini parka ayırmaq ədalətsizlikdir. Çünki həm Qum adasında, həm Zığ tərəfdə, həm də Hövsanda minlərlə insan yaşayır, lakin onların dincələcəyi, gəzintiyə çıxacağı, uşaqlarını gəzdirə biləcəyi geniş bir park yoxdur. Hazırda bu böyük ərazidə yeganə alternativ yalnız kənarda yerləşən “Gənclər Parkı”dır, amma yerləşdiyi ərazi baxımından burdakı sakinlər üçün uzaqlığına görə rahat deyil. Sakinlər bildirirlər ki, parkın əvəzinə bina tikintisi həyata keçirilsə, bu, həm ekoloji, həm də sosial baxımdan yanlış qərar olacaq. Onların sözlərinə görə, Zığ gölünün illərlə çöküntü və lil ilə dolmuş sahəsini dolduraraq hündürmərtəbəli binalar ucaltmaq ümumiyyətlə, etibarlı sayılmır. Park bu bölgənin nəfəsliyi, insanların bir araya gəlib istirahət edəcəyi yeganə açıq məkan ola bilər. Əks halda, tikiləcək binalar əhalini sıxışdıracaq, yaşamaq mühitini daha da çətinləşdirəcək. Yerli əhali açıq şəkildə xəbərdarlıq edir ki, əgər park əvəzinə bina tikintisinə start verilərsə, onlar səslərini qaldıracaq, Suraxanı rayon İcra Hakimiyyətinə şikayətə gedəcək, etiraz aksiyalarına çıxacaqlar. Sakinlər aidiyyəti dövlət qurumlarına müraciət edərək, bu məsələyə vaxtında reaksiya göstərilməsini, əhalinin istəyinin nəzərə alınmasını tələb edirlər.
Yekunda, yerli sakinlər birmənalı şəkildə vurğulayırlar:
“Bu ərazi park olsun – bina tikilməsin!”
Elşad FƏRMANOĞLU
P.S. Dəfələrlə tikintini aparan şirkətin nümayəndələri ilə görüşüb burada hansı obyektin inşa olunduğunu öyrənmək istəmişəm. Bir jurnalist kimi mövzuya aydınlıq gətirmək üçün fəhlələrlə də danışmışam, lakin onlar dəqiq cavab verə bilmirlər. Hətta telefon nömrəmi də qoymuşam ki, rəhbərlik gələndə əlaqə saxlasın və onların da mövqeyini öyrənib dərc edə bilim. Təəssüf ki, indiyə qədər heç bir reaksiya olmayıb.

Bununla belə, əks tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bu məqsədlə “Ensol” MMC-yə məxsus (+994 10) 228-29-28 nömrəsinə də zəng etdim. Telefonu cavablayan xanım bildirdi ki, bu tikinti ilə bağlı heç bir məlumat verə bilməz və bunun üçün şirkətə rəsmi sorğu göndərilməlidir. Ancaq xanım, görünür, “Media haqqında” qanunun tələblərini yaxşı bilmir. Qanuna görə, jurnalist informasiya sorğusunu həm şifahi, həm də yazılı şəkildə verə bilər. Mən də məhz operativlik naminə şifahi şəkildə müraciət etmişdim. Lakin yazılı sorğunun hazırlanması və cavabın gəlməsi uzun vaxt aparır, halbuki tikinti sürətlə, demək olar ki, dayanmadan davam edir. Artıq bir mərtəbə qaldırılıb, ərazilərdə qazıntı işləri aparılıb. Fəhlələr yalnız ümumi sözlər deyirlər, rəhbərlik isə bizimlə əlaqə saxlamır. Halbuki ictimaiyyətin maarifləndirilməsi üçün ən azı qısa, şifahi açıqlama vermək mümkündür.