1 Sentyabr 2025 / 19:08

II Moruq Festivalı keçirilib – FOTO

Göygöl rayonunda Aqrar Biznes Festivalı və II Moruq Festivalı keçirilib.

Tezadlar.az  Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki,  Aqrar Biznes Festivalı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr, dövlət qurumları və sahibkarların bir araya gəldiyi mühüm platforma sayılır.

Tədbir çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə kənd təsərrüfatında dövlət dəstəyi alətlərinə əlçatanlıq, kredit və sığorta imkanları, məşğulluğun artırılması, qida təhlükəsizliyi standartları və sahibkarların bazara çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Festival iştirakçılarına həmçinin toxumçuluq, gübrə və pestisid istehsalı, aqrotexnika, suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən məhsul və xidmətlər təqdim olunub.

Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında ölkənin aparıcı bankları və maliyyə institutları iştirak edərək kənd təsərrüfatı sahibkarlarına güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və investisiya imkanları barədə ətraflı məlumat veriblər. Fermerlər bank nümayəndələri ilə birbaşa ünsiyyət quraraq yeni maliyyələşmə alətlərindən necə faydalana biləcəkləri barədə praktiki bilgilər əldə ediblər.

Qeyd edək ki, ötən il Göygöldə 120,5 hektar sahədə giləmeyvə, əsasən moruq və böyürtkən becərilib. Sahələrdən 164,6 ton məhsul yığılıb, orta məhsuldarlıq 14,2 sent/ha təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!