Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

… Neçə gün əvvəl 2019-cu ildə əməkdaşımız Elçin Məmmədli ilə birlikdə Kiyevdə xidməti ezamiyyədə olarkən, yaxından tanış olduğumuz bloger–jurnalist Vitali Zelenski elektron poçtumuza belə bir mesaj göndərmişdir: «Salam əzizim Asif və Elçin! Mən Kiyevdə yaşayan azərbaycanlılarla sıx təmasdayam, canlı söhbətlərimiz çox olur. Bu günlərdə onlara belə bir sual verdim: «Xarici ölkələrdə olan blogerlərinizin Azərbaycan rəhbərliyi barədə təhdid və təhqirlərini erməni blogerlərin Paşinyan barədə bu formada sərt olmasını heç vaxt görməmişəm. Niyə belədir, nə baş verir və bunu nə ilə izah edə bilərsiniz?».
***
…Çoxdan idi bu məzmunda qeydlərimi oxucuların diqqətinə çatdırmaq istəyirdim, amma bu dəfə kiyevli həmkarımızın bu sualı o vaxtdan formalaşmış qənaətimi, daha tez ortaya qoymuş oldu.
Bəli, hərdən YouTube–də xaricdəki blogerlərin videoları qarşıma çıxır. Vaxtım olanda izləyirəm, nədən və niyə o cürə sərt danışdıqlarının səbəbini bilmək üçün. Çox ağrılı və düşündürücü məsələdir.
Yeri gəlmişkən, dünən iş yerinə yaxın ərazidə, Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçmiş müdafiə naziri Rəhim Qazıyevlə rastlaşdım. Salamalaşdıq və ilk sözü də belə oldu: «Niyə siz jurnalistlər o söyüş blogerlərinə «Belə olmaz!» demirsiniz? Mən hakimiyyətə qatı müxalifətdəyəm, amma o cür təhqiramiz çıxışlarla qəti razı deyiləm və əgər əlimdə imkan olsa, o söyüşcüllərin dərsini özüm verərəm. Belə olmaz!» və s.
…Rəhim Qazıyevin də nəzərdə tutduğu həmin blogerlərin, niyə o cürə yol tutduqlarının mahiyyətini qoyaq bir kənara. Bəllidir ki, onların bəzilərini Azərbaycandan qaçırdan və incik salan, bezdirib Avropaya yönəldən Prezident deyil, hansısa məmurdur, iş adamıdır, bir mənzili üç adama satan saxtakar MTK rəhbərləridir, qanunsuz qərar qəbul edən hakimlərdir və s. Bəs niyə hədəfdə İlham Əliyevdir??? Yaxud, niyə məmurun günahı ölkə rəhbərliyinə ünvanlanmalıdır? Lap açıq desək, niyə və nə üçün Prezidentin Sərəncamları ilə vəzifə alan… bu məmurlar razı olurlar ki, onların əməllərinə görə Prezident bu cürə hədəfə alınır???
Gəlin əyri oturub düz danışaq: Azərbaycanın birinci xanımı bir mənzili üç adama satan saxtakar iş adamının fəaliyyətinə cavabdehdirmi? Bəlkə prezident erməni faşizmi ilə müharibə və mübarizəni bir kənara qoyub, ədalətsiz qərar qəbul edən hansısa hakimlərin qanunsuz fəaliyyəti ilə mübarizə aparmalıdır??? Yoxsa, prezident gedib hansısa nazirin, icra başçısının, polis rəisinin, baş həkimin, prokurorun, deputatın, işıq, qaz və suya rəhbərlik edənlərin yerinə işləməlidir?
Məsələ belədir: bəli, ölkədə problemlər var və çıxış yolu da yox deyildir, amma və lakin… Və onları istehsal edən isə, bəzi məmurlardır, iş adamlarıdır, şirkət, agentlik rəhbərləridir! Çoxsaylı məmurlarla canlı təmasım, münasibətim olduğundan, kimin kim olduğunu yaxşı bilirəm. Bu söylədiklərimi isə kiməsə xoş və ya naxoş gəlməsi üçün indi demirəm, bunları aprelin 14-də 32 yaşı tamam olan «Təzadlar» qəzetində həmişə yazmışıq və deyirik, buna görə bəzən məhkəmələrə çəkilmişik, indi də məhkəmə qalmaqalındayıq və s. Olsun! Tənqidçi jurnalistikanın günü belə də olmalıdır!
Cənablar, Prezidentə sədaqətli olmaq isə təkcə onun imzaladığı Sərəncamları rahat kresloya yayxanıb bildiyin kimi yerinə yetirməkdə deyil! Bunları bilmək üçün daha kim olmaq lazımdır ki?! Yaxud, Prezidentə sədaqətlilik- özünü istəkli göstərmək üçün, kabinetin hər divarına, başının üstünə… iri portretini asmaqla da ölçülmür! Bu istək və sədaqətin ölçü vahidi– məmur vicdanında olan mütləq ədalətdir! O ədalət olmayanda isə, bilin, yerindən duran hər şeyə görə prezidenti günahkar görəcək! Bu aksiomadır! Elmin və cəmiyyətin qanunu, hökmü belədir!
***
Sual verirəm: Azərbaycanda YAP–ın təxminən 700 min üzvü var və hamısı da partiyaya qəbul ediləndə Prezidentə və partiyaya sədaqət andı içir! Yalan deyirəmsə, desinlər ki, elə deyil! Bəs YAP–ın sədri kimdir? Əlbəttə, Prezident! Onda sual edirəm: YAP–ın sədrinin üstünə gəlirlər, hər şeyə görə günahkar bilirlər və… 700 min YAP–çı isə susur? Niyə? Halbuki bu YAP–çıların hansısa birinə, iraq olsun, bir ağır söz desən, ya səni vurub öldürər, ya da məhkəməyə verib dərini boğazından çıxartdırar!
Sual aydın oldumu?! Savabını qoy YAP–çılar özləri versinlər!
***
Başqa bir məsələ: Sovet dövründə hərbi xidmətdə olanlar bilir, rusların tum çırtlama kimi «şirin» bir “mat” söyüşü var idi, bələkdə də bunu elə–belə deyirlər. Dil və qan öyrəşib! Təzə vaxtı bilmədən Azərbaycandan olan bizlərə bu cür dil uzadılanda, araya qan düşürdü və bir də bizə bu ifadələr ünvan edilməzdi!
***
…Ölkənin Birinci xanımı– statusuna görə, ölkənin «Mat Tereza»sı, yəni ANAsıdır! Kimlərsə onun üstünə gəlir, danışır və… Və sair! Azərbaycan cəmiyyətinə sual verirəm: hansı birimizin, iraq olsun, anasının ünvanına kimsə bilib–bilmədən, qanıb-qanmadan bir ağır söz işlətsə, açıq deyirəm, yəqinki ciddi cəzalandırarıq! Belə ifadələrə görə ölənlərin sayı kriminal statistikada ifadə olunub, var! Düzdürmü?! Bəlkə yalan deyirəm? A kişilər, yuxarıda dedim, statusuna görə ANAmızı–ölkənin Birinci xanımını söyürlər, dinmirik, kütləvi surətdə susuruq! Niyə???
Başqa bir nümunə: Prezident– statusuna görə ölkənin sahibidir, yiyəsidir, ATAsıdır! Təkrar edirəm, söhbət şəxsdən yox, Prezidentdən gedir!
ATAmızı söyürlər, yenə də susuruq! Niyə??? Daha çox misal və nümunə çəkə bilərəm, amma məncə, söz yiyəsi sözünü götürmüş olar yəqinki!
***
…İri ranqlı məmur tanıyıram, bir jurnalist onun barəsində yersiz ifadə işlətmişdi deyə, məhkəməyə verdirib başına min bir oyun açdırdı! Bu məmura vəzifə verən, etimad göstərən, etibar edən, hər cür şərait yaratdıran Prezidentin üstünə gəlirlər, o isə susur! Niyə? Prezidentə sədaqət budurmu???
Adlarını sadalamağa nə ehtiyac: nazirlərimizin, o statuslu şirkət prezidentlərinin, o yekəlikdə digər iri ranqlı məmurlarımızın sayı “n” qədərdir. Onların biri haqqında mediada, sosial şəbəkələrdə xoşagəlməz bir söz, mənafeyinə toxunan ifadə işlətsən, səni zəlil günə salarlar! Amma sayı minlərlə olan bu məmura vəzifə–padşahlıq vermiş Prezidentə dil uzadanlara isə hamı baxır, görür, amma susur! Niyə???
***
…Mən YAP üzvü deyiləm, dövlətdən vəzifə də almamışam və bu gündən sonra da almaq fikrində deyiləm. Hətta dövlətin MEDİA Agentliyindən iki ildir layihə uda və yardım ala bilmirik, bəzi texniki problemlərə görə… Və Azərbaycanda yeganə qəzet və ya saytıq ki, Qazaxıstanın, Qırğızıstanın rəsmi qəzetlərini «DQR» ifadələrinə görə təkzib etdirmişik, bu yazıları saytlarından sildirmişik. Avstraliya Parlamentinin «DQR» müzakirəsini hələ 2020-ci ilin müharibə gedən 8 oktyabr günlərində dondurtmuşuq. Amma və lakin… Yəni, sözümün mətləbi odur ki, bu yazını oxuyanlardan kimsə düşünsə ki, hakimiyyətə təmənna və yarınma var, elə deyil!
XXX
… Azərbaycan hakimi (Yasamal, Tahir İsmayılov) 2009-cu ildə peşə fəaliyyətimə görə dövlətin adından məni 1 il müddətinə azadlıqdan məhrum edən hökm verdi. Amma 1 gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb azad edilmişəm… Eləcə də, 2016-cı ildə benzin tökülərək evim, bir neçə ay keçəndən sonra isə eyni üsulla şəxsi avtomobilim yandırılıb– kül olub, izi və adı bəlli cinayətkar isə hələ də tutulmayıb, DİN–də istintaq gedir… Mənə dəyən külli məbləğdə maddi və mənəvi ziyan da hələ ödətdirilməyib…
Nəhayət, dövlətimizdən haqqım olan nə mənzil, nə də başqa şey almamışam. Amma bu dövlət mənə əlimi birdəfəlik üzdüyüm yurdumu qaytarıb verib! Və bu tarixi qələbənin memarı, başında duranı Prezidentdir, Ali Baş Komandandır! Ona xaricdə oturan blogerlər dil uzadır: mən susa bilərəmmi və ya susmalıyammı?! yəqinki yox!!! Bəs siz niyə susursunuz???
***
Bunları niyə deyirəm, qoy hamı bilsin: bu yazdıqlarım heç bir halda Azərbaycan Prezidentinə– bu dövlətin rəhbəri olan İlham Əliyevə təmənnalı xidmət istəyinin məhsulu deyil. Sübutlar və səbəblər yuxarıda sadalandı! Bunlar külli Azərbaycanın və azərbaycanlıların uca və müqəddəs mənəviyyatının başağrısı olmuş ermənizmi ölkədən yox edən bir rəhbərə olan könül dəstəyimdir! Belə götürəndə, tabeliyində o qədər hüquq mühafizə orqanı olan Prezidentin hansısa dəstəyə nə ehtiyacı?! Amma və lakin…
Cavab: sən susursansa, dinmirsənsə, demək deyilənlərə şəriksən!!!
Yəqin ki, bu sətirləri oxuyanlar gördü ki, bir dəfə də olsun İlham Əliyevin adını məxsusi və təmtəraqlı çəkmədim... Amma mən fəxr və qürurla ölkəni–Qarabağı, Azərbaycanı, o cümlədən mənim yurdumu 30 illik işğaldan qurtarmış, 30 il Azərbaycanda və xarici ölkələrdə aşağı olan başımızı dik tutmağı bizə yaşatmış, yurdumuzda kök salmış erməni faşizminin kökünü Qarabağdan birdəfəlik kəsmiş Prezidentdən danışıram! Prezident– bu dövlətin– anamız Azərbaycanın atributudur! Adam da sözün böyük mənasında ANAsının atributunu təhqir edərmi?! Axı dünya bəzi müəyyən sosial problemləri olan bir ölkəni 30 illik işğaldan qurtarmış Prezidentlə– İlham Əliyevlə tanıyırsa, burdan–bura biz niyə İlham Əliyevin üstünə gələn milli diluzatmaları görməyək, tanımayaq, yaxşı mənada reaksiya verməyək, əksinə, hətta susaq?! Səbrli olun, bu susmağın fəlsəfəsini isə yazının sonunda biləcəksiniz!
***
Yeri gəlmişkən, az qala unutmuşdum, Milli Məclisin 125 deputatı var! Şəxsi mənafeləri korluq çəkəndə, maaşlarının 8-10 mindən 1-2 min manatlıq azaldılması məsələsi ortaya atılanda, az qalırlar özlərini şəhid etsinlər, göz yaşı axıtsınlar… Səsləri az qala dağları titrədən o 125 deputat, bəs niyə onları parlamentdə təbrik etmiş, xeyir–dua vermiş Prezidentin barəsində olan məlum addımlara–söyüşlərə susurlar???
***
Yuxarıda Rəhim Qazıyevlə eksklüziv söhbəti elə–belə xatırlatmadım. Azərbaycan Prezidentinə, Azərbaycanın Birinci xanımına qarşı Avropadakı bəzi mühacirlərimizin bəlli münasibtini göz önünə gətirəndə, təkrarən deməyə məcburam: bu- hakimiyyətə qarşı az qala düşmən münasibətdə olan Rəhim Qazıyevin münasibəti, bu isə nəslinə–kökünə, yeddi arxa dönəninə vəzifə, status, imtiyaz, deputatlıq verilmiş, kral şəraiti yaradılmış deputat və nazirlərimiz, şirkət prezidentlərimiz! Mən hələ din xadimlərimizi demirəm: bəlkə Allaha xoş gedəndir ki, sənin kefiköklüklə dindarlıq edib ölülərlə məşğul olduğun ölkənin rəhbərinə dil uzadırlar, sən isə dindar olaraq susursan! Quranda- dində beləmi yazılıb, beləmi məsləhət görülüb?!
***
…Hələ 15 il əvvəl mətbuatda Azərbaycan jurnalistikasını kurasiya edənlərə xitabən yazmışdım ki, Qənimət Zahidin, Azər Əhmədovun… başına «restoran» oyunu açmaq, Xədicə İsmayılın evinə gizli kamera qoydurmaq onları məğlub etmə anlamına gəlmir! Onlara o yalançı, qohum–əqraba jurnalistlərinə edilən kimi, Jurnalistlər binasından ikiotaqlı mənzil versəniz, o birilərlə fərq qoymadan müəyyən tədbirlərə dəvət etsəniz, qılıncınızın daşı düşərdimi?! Siz onlara o biriləri ilə fərq qoyanda, onlar da sizlərə tamam fərqli gözlə baxmağa süni məhkum edilmiş olurlar! O vaxt Qənimət Zahid bu fikirlərimə etirazvari yazmışdı ki, «Bəy, deyirsiz bizi də o biriləri kimi ələ alsınlar?!». Dostcasına yazmışdım ki, söhbət ələ almadan getmir, ələ alınmadan da yox… Amma o fəxri adlar, mənzil və s. sizlərin də haqqıdır, mən hamıya eyni gözlə baxmanın, fərq qoyulmamanın fəlsəfəsinin nə demək olduğunu anlatmaq istəyirəm!
***
Nəhayət, gəlirəm mətləbə: bu yazıda deyilənlər və ya deyə bilmədiklərim, cəm halda işarə vurduğum mətləblər, o anlama gəlməsin ki, hamı Avropalı o bəzi mühacirləri qınasın, özlərinin dilində və üslubunda söysün, təhdid etsin və s. Əsla! Mən demək istəyirəm ki, onları Azərbaycandan qaçırdan səbəbləri də öyrənib–araşdırıb, buna baiskar olanları başa salmaq lazımdır ki: indi dünya virtualdır, qarmaqarışıqdır, fikir və yaşam sərhədləri rezin kimi ölçüsüzdür, niyə o söyüşçüllərin potensialı xaricdə Azərbaycanın lehinə deyil, əleyhinə işləməlidir?! Və onlara tövsiyyə edilməli və anladılmalıdır ki, erməni blogerlərin heç biri, ermənilərin yüz illərdir Qarabağda müvəqqəti məskunlaşıb at oynatdığı o boyda torpaqları əldən vermiş Paşinyanın əleyhinə bir kəlmə belə danışmadıqları halda, niyə sizlər bu torpaqları Azərbaycana qaytarmış, başımızı uca etmiş Prezidentə- İlham Əliyevə qarşı bu qədər qəddarsınız???
Uzun danışsam da, səmimi deyirəm, sözümün və fikirlərimin fəlsəfəsi bundan ibarətdir. Amma həm də inanıram ki, o bəzi blogerlər də Azərbaycana bundan sonra əsl azərbaycanlı gözü ilə baxmağın əsl mənasını başa düşəcəklər! Təbii ki, başa düşməyəni də başa salmaq bizlərin borcudur! Mən öz borcumdan çıxdım. Bəs sən necə, borcundan çıxmaq istəmirsən?
Asif MƏRZİLİ
02 avqust 2025-ci il