İyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Təzadlar"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.