Qubada sanitar texniki, sanitar gigiyenik vəziyyətə, o cümlədən qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərə uyğun olmadan fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional Bölməsindən Tezadlar.az-a verilən məlumata görə, rayonun Timiryazev kəndində Məlikov Ələkbər Bəhram oğluna məxsus sexdə yoxlama zamanı məhsulların istehsalı zamanı texnoloji ardıcıllığa riayət olunmaması müəyyənləşib. Həmçinin istehsal müəssisəsində istifadə olunan suyun laborator müayinələrinin həyata keçirilmədiyi üzə çıxıb. Sexdə “Quba Şahdağ” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilər (limonad) istehsal olunur.

Aşkar olunan fakt əsasında qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri mütəmadi davam etdirəcək.