Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ziyad müəllimin adı Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, iqtisadi elmininformalaşması, iqtisadi inkişafın strateji istiqamətlərə yönəlməsi ilə vəhdətdə çəkilir. Onun parlaq bioqrafiyası istedadla, təhsillə, zəhmət və zəka ilə yaşanan bir ömürdür.
ZİRVƏYƏ DOĞRU 85 İLLİK YOL
1940-cı ilin 25 iyun tarixində Bakı şəhərində dünyaya gələn Ziyad Səmədzadənin həyatı və fəaliyyəti bu gün Azərbaycan iqtisad elmi və dövlətçiliyi üçün örnək bir modeldir. Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsilini başa vurduqdan sonra elmi fəaliyyətə başlayan Ziyad müəllim qısa müddətdə özünü istedadlı və prinsipial bir tədqiqatçı kimi təsdiq etmişdir.
İqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan Ziyad müəllim eyni zamanda Beynəlxalq Menecment Akademiyasının və Şərq Neft Akademiyasının da akademikidir. O, 1961-ci ildən etibarən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, daha sonra elmi idarəetmə təcrübəsini təhsil və dövlət idarəçiliyi ilə sintez etmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, Azərbaycan Dövlət Plan Komitəsinin sədri, Baş nazirin birinci müavini kimi ölkənin iqtisadi həyatına yön verən əsas şəxslərdən biri olmuşdur.
DÖVLƏT QULLUĞU – BİRLİK, TƏHLÜKƏSİZLİK, STRATEGİYA
Ziyad müəllimin fəaliyyəti yalnız elmlə məhdudlaşmır. Onun uzun illər dövlətin müxtəlif strukturlarında çalışması həm siyasi uzaqgörənlik, həm də iqtisadi idarəetmənin elmi əsaslarla qurulması baxımından nümunəvidir. O, 1983–1991-ci illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovetin İqtisadiyyat məsələləri üzrə daimi komissiyasının sədri və Ali Sovet sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
Ziyad müəllim 1992–1994-cü illərdə Avropa Birliyi Komissiyasının Azərbaycana texniki yardımı üzrə milli koordinatoru kimi beynəlxalq platformada da ölkəmizi layiqincə təmsil etmişdir.
PARLAMENTARİZM VƏ İQTİSADİ SİYASƏT
Onuncu çağırışdan başlayaraq Azərbaycan parlamentində təmsil olunan Ziyad Səmədzadə bu gün də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəal üzvü kimi fəaliyyət göstərir. O, həmçinin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir və müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Parlament fəaliyyətində Ziyad müəllim daim iqtisadi islahatların qanunverici bazasının yaradılması, sahibkarlığın inkişafı, vergi və büdcə siyasətinin təkmilləşdirilməsi kimi mühüm məsələlərə önəm verir.

ELMİ MƏKTƏBİN QURUCUSU
Ziyad müəllimin elmi yaradıcılığı iqtisadi elmin klassik və çağdaş problemlərini sistemli şəkildə əhatə edir. Onun 500-dən çox elmi əsəri, 40-dan çox kitab və monoqrafiyası bu sahədə mötəbər elmi baza kimi qəbul olunur.
Onun müəllifi olduğu və ideyası əsasında hazırlanmış 7 cildlik “Böyük İqtisadi Ensiklopediya” və “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi yalnız ölkənin iqtisadi tarixini əks etdirmir – bu fundamental əsərlər həm də gələcək nəsillər üçün ciddi elmi istinad mənbəyidir.
Ziyad müəllim iqtisadi təhlükəsizlik, regional siyasət, məşğulluq, əmək ehtiyatları, demoqrafik proseslər kimi strateji sahələrdə tədqiqatlar apararaq iqtisad elminin inkişafında yeni istiqamətlər açmışdır. Onun rəhbərliyi altında hazırlanmış elmi işlər bu gün də universitetlərdə dərs vəsaiti, elmi-tədqiqat mərkəzlərində istinad mənbəyi kimi istifadə olunur.
BEYNƏLXALQ NÜFUZ VƏ DÖVLƏT TƏLTİFLƏRİ
Ziyad Səmədzadənin çoxillik fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuş, Rusiya və Belarusun nüfuzlu elmi mükafatlarına – Vavilov, Kondratyev və Fransisk Skorina medallarına layiq görülmüşdür. Bu təltiflər təkcə onun elmi fəaliyyətinə deyil, dövlətçilik və ictimai xidmətlərinə verilən dəyərin ifadəsidir.
ZİYAD MÜƏLLİM – ZƏKA, ZƏHMƏT VƏ ZİYALILIQ RƏMZİDİR
Ziyad müəllimin ömür yolu bir həyat məktəbdir. O, təkcə iqtisadiyyat elmi sahəsində deyil, şəxsi və ictimai həyatında da örnək ola bilən bir şəxsiyyətdir. Gənc alimlərin yetişməsində, elmi rəhbərlik və məsləhətçilik missiyasını sevə-sevə yerinə yetirən, yüzlərlə iqtisadçının formalaşmasında böyük əməyi olan bu alim bu gün də yorulmadan çalışmaqda, yeni ideyalar və elmi yanaşmalar təqdim etməkdədir.
Əziz Ziyad müəllim!
85 illik yubileyiniz münasibətilə Sizi dərin hörmət və ehtiramla təbrik edirik! Sizin ömrünüz sadə bir ömür deyil – bir dövr, bir məktəb, bir tarixdir. Elmi fəaliyyətiniz, ictimai-siyasi xidmətləriniz, dövlətə və millətə bağlılığınız bu gün də minlərlə insan üçün yol göstəricisidir.
Sizə uzun ömür, möhkəm sağlamlıq, yeni elmi və mənəvi, ictimai nailiyyətlər arzulayırıq. Siz Azərbaycanın iqtisadi düşüncəsinin memarlarından biri, böyük bir elmi irsin müəllifisiniz. Qələminiz iti, düşüncəniz aydın, yolunuz daim uca olsun!
ƏLÖVSƏT QARACA ƏLİYEV,
Azərbaycan İnformasiya və Cəmiyyət Birliyinin rəhbəri,
iqtisad elmləri doktoru, professor
(Xüsusi olaraq “Təzadlar” üçün)