13 Sentyabr 2025 / 21:44

İş elanları yalanları və fırıldaqları- “TƏZADLAR”IN ARAŞDIRMASI

İşə ehtiyacı olan minlərlə insan bu elanlara açıb baxır və nəticədə  dələduzların TikTok-da və digər sosial platformada baxış sayını artırır ki, bu da əlavə “n” qədər gəlir deməkdir…

…Sosial şəbəkələr artıq həyatımızın müəyyən hissəsinə çevrilib. Nə istəsən orada tapmaq olur. Hansısa bir saytı, proqramları axtararkən tik-tok səhifəsində iş elanları adamın gözünü yağır edir. Özü də yüksək əmək haqqı ilə. İş yerlərinin bu “defisit” vaxtında vətəndaşlara 750, 780 və 800 manat əmək haqqı təklif olunur. Fikirləşirsən ki, yüksək maaşlı iş yerlərinin defisit olduğu indiki vaxtda belə yüksək əmək haqqı olan iş yerləri nə əcəb boş qalıb ki, hətta sosial şəbəkədə elan verirlər?!

 Elanlarda daha çox klinikalara və uşaq baxçalarına mühafizəçi lazım olduğunu bildirirlər. Onu da yaxşı bilirik ki, klinikaya və ya uşaq baxçasına rəhbər gələn şəxs həkimindən, tibb bacısından tutmuş, sanitara və mühafizəçiyə qədər öz qohumlarını, qonşularını, dostlarını və yaxınlarını işə cəlb edir. İndi nə sirdirsə, əhalinin əksəriyyətinin iş axtardığı bir vaxtda belə yüksək maaşlı iş yerləri sosial şəbəkələrdə elan edilir. Istər-istəməz düşünürsən ki, burada mütləq nəsə bir müəmma var.

XXX

Elə mən də o müəmmanı araşdırmaq qərarına gəldim. “Etibar elə və yoxla” prinsipinə üstünlük verərək, tik-tok səhifələrində qarşıma çıxan elanların bir neçəsinə göstərilən nömrə ilə zəng etdim. Əvvəlcə həmin video-rolikin birindəki elanı olduğu kimi təqdim edirəm. Bir xanım elanı belə səsləndirir: “İş yeri səliqəli, maaş vaxlı-vaxtında verilir. Mühafizə işinə bəylər axtarılır, növbəli iş qrafiki, həm gecə, həm də gündüz növbələri var.

 Video-rolikin üstündə isə belə yazılıb: “İş saatı 12 saat, yaş aralığı (18-65), növbəli iş qrafiki, 2 gün iş, 2 gün ev. (klinikaya bəy mühafizəçilər tələb olunur. Maaş 750 AZN, ünvan: Babək prospekti”.

Klinikanın adı və göstərilən Babək prospektində hansı ünvanda olduğu bildirilmir. Elə buna aydınlıq gətirmək üçün göstərilən nömrələrə zəng etməyə başladım. Birinci zəng etdiyim mobil nömrə yuxarıda göstərilən iş elanını verən (050) 977-77-68 oldu.

Telefona cavab verən və özünü Gülay kimi təqdim edən qıza belə dedim:

– Xanım, 20 yaşında gənc qohumlardan biri üçün iş lazımdır.

Xanım bildirdi ki, qoy gəncin özü zəng eləsin. Cavab olaraq dedim ki, Gülay xanım, bir böyük kimi mən bilməliyəm, qohum hansı iş şəraitində və hansı klinikada işləyəcək? Sanki mənimlə danışan canlı insan yox, robot imiş. Çünki yenə də “Qoy gəncin özü zəng eləsin”- deyən bu  Gülay xanım telefonu qulağıma qapatdı.

XXX

 Bu iş elanı belə getdi. Ondan sonra daha bir iş elanı verən (051) 881-84-62 nömrəli telefona zəng etdim. Cavab verən Aydan xanım da Gülay xanımı təkrar edirmiş kimi qeyd etdi ki, qoy gəncin özü zəng etsin. “Indi danışa bilmirəm, yarım saatdan sonra özü zəng edər”.

 Bu elan da Xırdalandakı klinikaların birinə mühafizəçi lazım olduğu barədə idi. Əmək haqqı da 780 manat göstərilirdi. Bu nömrəni gəncin anasına verdim ki, zəng edib maraqlansın. Aydan xanım gəncin anasına da deyib ki, qoy işə düzəlmək istəyən özü zəng etsin. Mən başa düşə bilmirəm, valideyn uşağın işi ilə maraqlanmalıdır də. Sən valideynə də iş barədə məlumar vermirsənsə, onda bu elanlar nə üçündür? Burda nə fırıldağınız var? Nə isə…

XXX

Daha bir iş elanında göstərilən nömrəyə zəng edirəm. “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı klinikaların birinə mühafizəçi lazım olması barədə olan elana uyğun olaraq göstərilən (051) 881-09-32 nömrəli mobil telefona zəng etdim. Burada da əmək haqqı 780 manat idi. Telefona cavab verən Nigar xanım özü də bilmədən bu iş elanlarının fırıldağını demək olar ki, açdı. Nigar xanıma da bildirdim ki, gənc qohumum üçün iş lazımdır. Bu xanım da o birilər kimi bildirdi ki, “Qoy gəncin özü zəng etsin. Deyəndə ki, Nigar xanım, iş yeri haradadır, klinikanın adı nədir? Cavab verdi ki, “Biz vasitəçilərik. Özünüz şirkətlə əlaqə saxlayın”.  

 Belə cavabı eşidən kimi Nigar xanıma iradımı bildirərək,dedim: “Nigar xanım, vasitəçisiniz çox yaxşı. Onda zəhmət çəkin, ya şirkətlə bizi calaşdırın, ya da şirkətin telefon nömrəsini verin, özümüz əlaqə saxlayaq”.

 Nigar xanım yenə başladı təkrar eləməyə ki, biz vasitəçiyik. Yenə də səbrimi basıb, cavab verdim ki, ay xanım,vasitəçi olmaq nə deməkdir? Siz elanda bu nömrəni vermisiniz və mən də həmin nömrə ilə sizinlə əlaqə saxlamışam. Məsləhət idisə, şirkətin nömrəsini yazaydınız, biz də birbaşa onların özünə zəng edəydik. Bir vaxta ki, öz nömrənizi yazmısınız, onda zəhmət çəkin vasitəçi kimi mühafizəçi tələb olunan şirkətlə əlaqəmizi yaradın. Mən özüm də jurnalistəm, məhz bu fırıldaqçı iş elanları haqda araşdırma aparıram…”.

 Jurnalist sözünü  eşidən kimi Nigar xanım “Jurnalistsinizsə, sizə heç bir məlumat verməyəcəyəm” – deyib, telefonu qulağıma qapatdı.

XXX

 İndi görək buradan hansı nəticə çıxır? Nəticə odur ki, bütün bu iş elanlarının hamısı yalan və fırıldaqdır. Aldığım digər məlumata görə, hətta mühafizəçi işləmək istəyən gəncin özü də əlaqə saxlasa, onu bir neçə dəfə get-gələ salıb heç bir işlə təmin etmirlər. Ara yerdə ərizə yazanda 5-10 manat pul it-bata düşür. Deməli, ayının min oyunu bir armudun başındadır”. Bütün bu iş elanlarının heç bir əsası yoxdur. Indiki zamanda elə yüksək əmək haqqı verilən iş yeri heç vaxt boş qalmaz.  Sadəcə, kimlərsə bu yolla babat pullar qazanırlar. Yəni, elana aldanıb, gələnlərin hər birindən 5-10 manat alanda gör bu pullar necə vurub kəllə-çarxa çıxır. Bu açıq-aşkar dələduzluqdur və əsl korrupsiya mənbəyidir. Bundan əlavə, işə ehtiyacı olan minlərlə insan bu elanlara açıb baxır nəticədə  dələduzların tik-tokda və digər sosial platformada baxış sayını artırır ki, bu da əlavə “n” qədərlir deməkdir. Deməli, insanlar ehtiyacdan açıb o elanlara baxır, dələduzların cibinə isə pullar axır. Vətəndaşın işi düzəlməsə də olar, əsas odur ki, fırıldaqçıların işi yaxşı düzəlib.

 Yaxşı olar ki, insanların hissləri ilə oynayıb, onları aldadıb tələyə salmaq istəyən bu elan verən fırıldaqçılarla hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olsunlar. Tam əminəm ki, bu işin arxasında çox ciddi saxtakarlıqlar dayanır. Əgər bu iş ciddi araşdırılsa, inanın ki, çox sensassiyalı faktlar üzə çıxacaq. Ehtiyac içində olan insanların hissləri ilə bu şəkildə oynamaq olmaz. Ayıbdır, vallah ayıbdır!

Elçin Məmmədli          

1

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!