27 Oktyabr 2025 / 07:36

Kamerunda etiraz aksiyası zamanı dörd nəfər həlak olub

Kamerunun iqtisadi paytaxtı Dualada müxalifətin təşkil etdiyi və 12 oktyabr prezident seçkilərində namizədi Bakari İssa Tşiromanın tanınmasını tələb edən nümayiş zamanı ən azı dörd nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə Tşiromanın seçki qərargahına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, nümayiş zamanı atışma baş verib. Hakimiyyət orqanları etiraz zamanı itkilər barədə rəsmi məlumat vermir.

Bir gün əvvəl Tşiroma 26 oktyabrda ölkənin bütün şəhərlərində ona dəstək nümayişləri keçirməyə çağırıb.

“Gəlin və bütün əsas şəhər qovşaqlarında dinc yürüşlər təşkil edin”, -xəbər portalı “Actu Cameroun” onun çıxışından hissələrə istinadən yazıb.

Bu arada, son saatlarda Kamerunun sosial mediasında Tşiromanın ölkədən qaçdığı barədə məlumatlar yayılıb. Müxalifət lideri bunu təkzib edib və “qələbə nümayişi” hazırladığını bildirib.

Seçki komissiyasının açıqladığı məlumatlara görə, 92 yaşlı hazırkı prezident Paul Biya səslərin 53,66%-ni toplayaraq prezident seçkilərində qalib gəlib. Onun əsas rəqibi, keçmiş nazir Tşiroma səslərin 35,19%-ni toplayıb. Tşiroma seçki komissiyasının hesablamalarını rədd edib və səslərin 60%-ni qazandığını iddia edib.

Kamerun Konstitusiya Şurasının (KŞ) qalibi və səslərin son sayımını oktyabrın 27-də elan etməsi planlaşdırılır. Tşiroma bildirib ki, KŞ seçki komissiyasının rəqəmlərini təsdiqləsə, tərəfdarlarını küçələrə çıxarmaq niyyətindədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!