12 Sentyabr 2025 / 11:59

Köhnə, sınıq-salxaq maşınların utilizasiyasına görə bunları bilirdinizmi?

…Bakının avtomobil duracaqlarında, küçə və həyətlərində atılmlş, çürümüş, gediş-gəlişə mane olan minlərlə avtomobil yatır. Bu avtomobillərin işlək vəziyyətə gətirilməsi isə mümkünsüzdür. Bəzilərinin ili rəhmətlik Brejnevin hakimiyyəti illərinə gedib çıxır, bəziləri isə avtoqəzada “paralic” olub, yenidən yola çıxması mümkünsüzdür, istifadəsi əlverişsizdir və s.
Lakin Nazirlər Kabineti bu problemi aradan qaldırmaq üçün 2024-cü ilin 31 yanvarından etibarən nəqliyyat vasitələrinin texniki baxış və gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya rüsumlarını müəyyənləşdirib. Çoxları bunu bilmir.
NK-nın həmin qərarına görə, minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı ilinə görə rüsumlar belədir:
4–7 il arası – 400 manat,
7 il və daha çox olduqda – 700 manat ödənilir.
Dövlət texniki baxışı zamanı isə:
4–10 il arası – 10 manat,
10–20 il arası – 20 manat,
-20–30 il arası – 30 manat,
30 ildən çox olduqda – 40 manat tutulur.
***
 Tezadlar.az xatırladır ki, ölkəmizdə “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” da yaradılıb. Bu fond həm güzəştləri, həm də birdəfəlik ödənişləri maliyyələşdirir, habelə utilizasiya prosesini stimullaşdırır. Məsələn, arzu edənlər www.nvu.gov.az elektron portalına daxil olub həyətindəki çürüməkdə olan avtomobilini utilizasiyaya verib müəyyən məbləğ də ala bilər. Avtomobilini utilizasiyaya vermək istəyən şəxs əvvəlcə nəqliyyat vasitəsini daimi uçotdan çıxarmalı, sonra isə portala daxil olub ərizə yazmalıdır. Avtomobil təhvil verildikdə təsdiqedici sənəd təqdim olunur və həmin sənədlə yeni avtomobil almaq üçün güzəşt və ya birdəfəlik ödəniş əldə etmək mümkündür. Bunlar Qərarda aydın yazılıb.
 Dövlət Statistika Komitəsinin məlumatına görə, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq isə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından bugünədək 10.551 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Köhnəlmiş və ya yararsız halda olan nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına indiyədək 716 min manatdan çox birdəfəlik ödəniş edilib və eləcə də 511 ədəd yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
Odur ki, həyətinizdə əl-ayağa dolaşan, hərəkətə mane olan, onsuz da darısqal həyətlərdə artıq yer tutan avtomobilinizi utilizasiyaya verin!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!