1 Aprel 2026 / 16:24

“Kontakt Home”dan daha bir şikayət

“Kontakt Home” mağazalar şəbəkəsindən alınan məhsullarla bağlı şikayətlər səngimir. Redaksiyamıza daxil olan müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tez-tez məhsulların qüsurlu olmasından, geri qaytarılmasının isə mümkün olmadığından gileylənirlər.

Tezadlar.az xəbər verir ki, belə şikayətçilərdən biri də bloger Aygün Qabulovadır. A.Qabulova sosial şəbəkə hesabında “Kontakt Home”dan aldığı məhsulla bağlı narazılığını ifadə edərək bildirib ki, ötən həftənin cümə günü mağazadan fen alarkən məhsulun yoxlanılmasına icazə verilməyib. Satıcı isə problem yaranacağı təqdirdə məhsulun geri qaytarılacağını bildirib. Amma…

A.Qabulovanın dediyinə görə, feni evdə işə salarkən yanıq qoxusu gəlib, eyni zamanda cızıltılı səs eşidilib: “Ertəsi gün məhsulu geri qaytarmaq üçün apardım, amma dedilər ki, bu mümkün deyil, çünki gigiyenik məhsuldur. İlk dəfədir eşidirəm ki, fen gigiyenik məhsul sayılır. Əgər belədirsə, bu barədə satış zamanı məlumat verilməli idi. Nə məlumat verilib, nə də çekdə qeyd olunub. “Kontakt Home”un özbaşınalıqları ilə bağlı çox video görmüşdüm, amma bunun mənim başıma gələcəyini düşünmürdüm”.

Bloger qeyd edib ki, məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib və hazırda cavab gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!