Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 18:13

Kuryer işi – halal zəhmət, amma…

Halal zəhmətlə dolanan kuryerlər şəhər sakinlərini niyə narahat edir?

Son illər Bakının küçə və prospektlərində motosikletli kuryerlərin sayı sürətlə artıb. Yemək, sənəd, bağlama və digər xidmətlərin çatdırılması sahəsində çalışan bu gənclər, çörəkpulu qazanmaq üçün gecə-gündüz işləyirlər.

Çox zaman ağır və təhlükəli şəraitdə çalışan bu kuryerlər üçün nə sığorta, nə də sosial təminat var. Əksəriyyəti 18-30 yaş arası gənclərdir. Şirkətlər onlara motosiklet verir, bəzən bu nəqliyyat vasitələrinin texniki vəziyyəti və təhlükəsizlik göstəriciləri nəzərə alınmadan onları yollara buraxır. Bu gənclər də günün istənilən saatında, istənilən hava şəraitində sifariş çatdırmaq üçün yollara çıxırlar.

Onların işi asan deyil – zamanla yarışırlar, hər sifarişin vaxtı var. Gecə saat 2-də də, səhər 6-da da işləməli olurlar. Və çox vaxt bu zəhmət qarşılığında cüzi gəlir əldə edirlər. Ancaq bu əmək və zəhmət tablosunun bir başqa, daha az görünən və daha çox hiss edilən üzü də var: şəhər sakinlərinin istirahət hüququnun pozulması.

***

Artıq bir neçə ildir ki, Bakı sakinləri kuryer motosikletlərinin yaratdığı səs-küydən şikayətlənirlər. Gecənin qaranlığında binanın altına gələn motosikletin “bızz” sədası yuxuda olan insanları diksindirir. Sakinlər bildirir ki, bu səs o qədər güclü olur ki, bəzən elə bil vertolyot evin üstünə enir: “Hər həftə sonu dostlarla bir araya gəlirik, söhbət edirik, dərtləşirik. Bu dəfə də mövzu eyni idi: kuryerlərin səs-küyü. Beş nəfərik, hamımız eyni şeydən gileyləndik. Gecə yatdığımız yerdə birdən ‘bızz’ – elə bil göydən samalyot gəlir. Diksinirik. Elə bil, binaya çırpılacaq. Bu artıq sadəcə narahatlıq yox, psixoloji təsirdir”, – deyə Günəşlidə qalan dostumuzun narazılığı. Bəzi motosiklet sürücüləri sanki bu səsdən həzz alır. Qapını açmaq olmur, hava sərin olsa belə, səs içəri dolur. Kondinsioneri işlətmək məcburiyyətində qalıram. Gecə saat 2-də, 3-də, 4-də bu səs-küylə rastlaşmaq artıq gündəlik hala çevrilib.

***

Bu sahədəki ən ciddi problemlərdən biri də nəzarətsizlikdir. Motosikletlərə texniki baxış keçirən, onların səs səviyyəsini ölçən, sürücülərin davranışını izləyən real bir mexanizm görünmür. Vətəndaşlar iddia edirlər ki, kuryer şirkətləri müəyyən qurumlarla anlaşma əsasında “toxunulmazlıq” statusu qazanıb. Yəni istənilən vaxt, istənilən səs-küylə istədikləri binaya daxil ola bilirlər və buna görə heç bir məsuliyyət daşımırlar. Halbuki, illər əvvəl nömrəsiz motosikletlərin hərəkətinə qarşı tədbirlər görülmüşdü, indi isə səs məsələsi gündəmdədir.

***

“Dostlarımızdan biri Yasamal parkına kiçik bir motosiklet gətirmişdi. Səsi az olsa da, parkda minlərlə insanı narahat etmişdi. Park rəhbərliyi müdaxilə etdi, motosikleti yığışdırdı. Sürücü səsboğucu taxandan sonra yenidən işləməyə icazə verdilər. Demək, mümkünmüş. Sadəcə tədbir və nəzarət lazımdır”. Bu, sübut edir ki, əgər istək olsa, texniki yollarla problemin qarşısı alınır. Amma bunun üçün istək və məsuliyyət gərəkdir – həm şirkətlər, həm də nəzarət orqanları tərəfindən.

***

Nə kuryerləri günahlandırmaq doğrudur, nə də vətəndaşların narahatlığını görməzlikdən gəlmək. Hər ikisinin mövqeyi anlaşılandır. Gənclər işləyir, dolanmağa çalışır, vətəndaşlar isə sakitlik və istirahət hüququ istəyir. Əgər bu sahədə müəyyən qaydalarnəzarət mexanizmləri tətbiq olunarsa – məsələn, gecə saatlarında səs norması, səsboğucu məcburiyyəti, texniki baxış tələbləri və s. hər iki tərəfin hüquqları qorunmuş olar. Aidiyyəti qurumların bu məsələyə biganə yanaşmaması, həm insani, həm də şəhər mədəniyyəti baxımından vacibdir. Əks halda, hər gecə binanın qarşısından gələn “bızz” sədası şəhərin yuxusunu da, səbrini də aparacaq…

Bu məsələ təkcə səs-küy problemi deyil. Bu, həm də cəmiyyət olaraq bir-birimizi nə qədər düşündüyümüzün göstəricisidir. Gənclərin zəhməti dəyərlidir, onların halal çörək qazanmaq istəyi başa düşüləndir. Amma bu zəhmət, başqa insanların narahatlığı bahasına olmamalıdır.

Bir tərəfdə motosikletin sükanı arxasında zamanla yarışan kuryer, digər tərəfdə isə səhər işə yuxusuz gedən vətəndaş dayanır. Bu ziddiyyətin aradan qalxması üçün təkcə tənqid yox, sistemli həll yolları lazımdır. Dövlət qurumları, bələdiyyələr və xidmət şirkətləri məsuliyyətli davranmalı, həm işçilərin, həm də sakinlərin hüquqlarını bərabər səviyyədə qorumağa çalışmalıdırlar.

Axı şəhər dediyimiz yer, yalnız binalardan ibarət deyil. Şəhər insanların bir-birinə münasibətidir.

Elşad FƏRMANOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!