26 Avqust 2025 / 12:55

Məhkəmə Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin jurnalistə qarşı protokolunu rədd etdi

Gülməli də olsa, cərimə ödəniləndən iki həftə sonra Xətai DYPŞ-nin inspektoru, polis leytenantı İlqar Bayramov elektron sistemə baxmadan protokol tərtib edib məhkəməyə sənəd hazırlayıb…

Xatırladırıq ki, Bakı şəhər Xətai rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru Yaşar Musayev tərəfindən jurnalist Asif Mərzili(Məmmədov) barəsində tərtib edilərək məhkəməyə göndərilmiş (hakim Aygün Həsənovanın icraatına verilmişdir) İnzibati Xəta Haqqında 7241971 №-li Protokola ötən gün məhkəmə tərəfindən tamamilə əsassız və qanunsuz olması səbəbindən xitam verilmişdir. Bu barədə jurnalist özü araz.az-a bildirmişdir. Sitat: «Məsələ ondadır ki, Y.Musayev Xətai rayon Məhkəməsinə yazdığı 18.07.2025-ci il tarixli, 55-2-27013 saylı məktubunda qeyd edir ki, rəhbəri olduğum “Təzadlar” qəzeti və eyni adlı tezadlar.az portalının xidməti fəaliyyətində istifadə etdiyim 90DL707 dövlət nömrə nişanlı avtomobilə yazılmış cəriməni ödəmədiyimə görə mənə qarşı Azərbaycan İXM-nin 529.3-cü maddəsi ilə inzibati material tərtib edilib və baxılması üçün məhkəməyə göndərilir…».

Asif Mərzili əlavə olaraq qeyd edir ki, sən demə, 05.03.2025-ci il tarixdə ona EQ26431429 elektron protokol ilə 20 manat cərimə tətbiq olunub: «Mən həmin cərimənin (eləcə də daha iki cərimənin) əsassız və qanunsuz olması ilə bağlı MPM-nin tələblərinə uyğun olaraq məhkəməyə müraciət hüququmdan istifadə edərək həmin dövrdə DİN-nin Baş DYPİ-dən əvvəlcə Sumqayıt İnzibati Məhkəməsinə, sonra Bakı şəhər İnzibati Məhkəməsinə şikayət vermişəm… İş üzrə məhkəmə baxışı uzandığından həmin cərimə 02.07.2025-ci il tarixdə tərəfimdən məcburən ödənilmişdir(qəbz təqdim edilir). Təəssüflər olsun ki, Xətai RPİ-nin rəis müavini vəzifəsini müvəqqəti icra edən Y.Musayev Xətai rayon DYPŞ-nin İnzibati Xəta Haqqında 7241971 №-li Protokoluna dair materialı imzalayıb məhkəməyə 18.07.2025-ci il tarixdə göndərərkən belə həmin cərimənin ödənilib-ödənilmədiyini araşdırmır. Əgər mənə qarşı qeyd olunan Protokolu tərtib edən Xətai rayon DYPŞ-nin rəhbərliyi və inspektor İlqar Bayramov elektron sistemə daxil olsaydı, bilərdilər ki, həmin cərimə artı iki həftə əvvəldən ödənilmişdir. Üstəlik, İXM-nin 150.11-ci maddəsinə əsasən, cərimənin ödənilməməsi 3 ay müddəti keçərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin avtomobilin duracağa yerləşdiriləcəyi barədə qərar qəbul olunur, avtomobil saxlanılaraq duracağa verilir. Bu günədək mənə bu barədə heç bir məlumat, xəbərdarlıq  edilməmişdir, avtomobilim saxlanılmamışdır və s. Halbuki qeyd olunan Protokolu tərtib edən Xətai rayon DYPŞ-nin inspektoru İlqar Bayramov elektron sistemdə təkrar axtarış versəydi, həmin həmin cərimə üzrə elektron protokolun məhkəmə baxışında olduğunu görərdi, yaxud da cərimənin artıq ödənildiyini görərdi. Onu da qeyd edim ki, bir neçə dəfə SMSRadar.az elektron portalından ödənilməmiş cəriməmin olub-olmamasını öyrənmək üçün EQ26431429 elektron protokol üzrə də axtarış vermişəm və sistemdə belə bir cərimə protokolunun etibarlı olmadığı barədə elektron mesaj almışam( Təqdim edilir)…».

Bilmirəm, buna inspektor İlqar Bayramovun səhlənkarlığı, yoxsa işinə məsuliyyətsizliyi deyək, amma məhkəmənin və jurnalistin vaxtını almaq, əlavə yazışmalarla baş qatmaq qəti doğru iş deyil! Belə çıxır ki, İlqar Bayramovun özünü məhkəməyə vermək lazımdır ki, bir də belə hallara yol verməsin!

*** 

Beləliklə, dünən Xətai rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Xətai rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən polis mayoru Yaşar Musayev tərəfindən jurnalistin barəsində tərtib edilərək məhkəməyə göndərilmiş İnzibati Xəta Haqqında 7241971 №-li Protokola əsassız və qanunsuz olması səbəbindən (İXM-nın 529.3 maddəsinin qeydinə əsasən) xitam verilmişdir.

Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!