Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-14-cu-hisse/
17-22-31 mart – Neft kontraktlarına aid danışıqları eşidən Məmməd:
– Neft qayıdıb bizim düşmənimiz olacaq, hələ bilinmir nə qədər ehtiyat var, hamı daşınıb qurtarıb. Gürcülərə gəlincə, nə qədər ki, müəyyən mənada asılıdırlar onlar bizimlə dostdurlar, işləri düzələn kimi buynuzları çıxır. Hələ ki, iki respublika arasında başlanan müqavilə işləsə yaxşı olar.
Süleyman Rəhimov həmişə mənim şeirlərimi oxuyardı. Deyərdi ki, sənin şeirlərindən Şahbuz bulaqlarının ətri gəlir.
Köhnə nəsl həmişə bir-birilə didişərdi. Dünyanın işinə bax, indi onların heç biri bu dünyada qalmayıb, əsərləri qalıb
Almaniyadan tanıdığımız Məhəmmədin bacısı oğlu bizə qonaq gəldi. Camal Məhəmmədgildə çəkdirdiyimiz şəkli də gətirmişdi.
O, söhbətə başladı:
– Cənubda şərait çox yaxşıdır, ancaq azadlıq yoxdur, millətpərəst olduğum üçün Bakıdan ayrıla bilmirəm. Tehranda 12 milyon azərbaycanlı yaşayır. Təbrizdə isə yığma adamlardır, Təbriz dağılmaq üzrədir. Təbrizdə azərbaycanlıları sıxışdırmağa başlayıblar.
Səmimi söhbətlərdən sonra ayrıldı.
1 aprel – Kəlbəcərin işğalının 3 illiyinə həsr edilmiş veriliş gedirdi. Danışanlar bir-birini təqsirləndirir, hamsını xain adlandırırdılar.
Məmməd belə bir lətifə söylədi:
– Bir gün oğru mollanın evini qarət edir. Qonşular mollaya təskinlik verir, biri deyir qapını bərkitsə idin oğru girə bilməzdi, biri pəncərəyə görə mollanı günahlandırır. Hərənin bir söz söylədiyini görən molla acıqlanır: – Görünür, oğrunun heç bir günahı yoxmuş. İndi bunlar da bar-bar bağırırlar ki, ermənilərin heç bir günahı yoxdur, bütün günahlar bizdədir.
– Həmişə deyirdin ki, Kəlbəcərin elə yerləri var ki, bir nəfərlə böyük qoşunun qarşısını almaq olar. Ordunun döyüşkən ruhunu qaldırmaq üçün təbliğatı gücləndirmək lazımdır. Rus şairlərinə fikir verin, onlar lazım gələndə həmişə ordunun içində olurlar.
6 aprel – Saraydan canlı yayımla mart hadisələrini verirdilər. Sabir Rüstəmxanlı danışırdı:
– Böyük şairimiz Məmməd Araz demişkən:
Bir ağılın budağından sallanıb
Neçə-neçə ağlı dayaz yaşayır…
Cənab prezident, ətrafınızdakı ağlı dayazları silkələyib tökmək lazımdır.
İradə danışdı ki, sonradan tikilmiş balkonların sökülməsi haqqında yığıncaq olub. Yazıçıların kooperativ evində yaşayan Rəfiq Zəka böyük bir balkon tikdirib. Sökməsinlər deyə deyibmiş ki, bu ev Məmməd Arazın evidir. Bu sözləri eşidən Ədalət Əzizov acıqlanıb deyib ki, Məmməd Arazın bir evi var, adamın başına tökülür. Sizə kim deyir ki, ora Məmməd Arazın evidir? Sizə yalan danışıblar.
Məmməd güldü:
– Deməli, yazıçı dostlarım da adımdan istifadə edirlər…
12-17-18 aprel – Dəyanət adlı bir şair ittifaqa üzv olmaq üçün Məmməddən zəmanət istəyirdi. Fikrini belə açıqladı:
– Məmməd əminin kimliyindən asılı olmayaraq bütün xalq onu istəyir, çünki o, heç kimi tərifləmir, yaltaqlanmır, öz yerişini itirmir. Bəzi şairlər indidən ölüdür, onları şair sayan yoxdur. Məmməd əmi diri ikən əbədiləşib.
– Məmməd, bu qədər tərifdən sonra otur zəmanətini yaz, – dedim.
Məmməd televerilişlərə münasibətini bildirdi:
– Rusiyada çevriliş də olub, çevrilişə cəhdlər də olub. O boyda ölkəni dağıtdılar, lakin heç kimi asmırlar, kəsmirlər. Hamısı deputatdır, xalqın içindədir. Biz vəzifədən çıxanların hamısını günahkar hesab edirik. Sözümüzdən elə çıxır ki, özümüz erməniləri çağırıb torpaqlarımızı vermişik, onların heç bir günahı yoxdur. Öz içimizdə düşmən axrtarmaqla məşğuluq. Demirəm, Rəhimin günahı yoxdur, var, ancaq bütün hakimiyyəti günahlandırmaq olmaz. Vuruşmaq lazımdır, Deyəsən, bizdə ona da həvəs qalmayıb.
Yazıçılar haqqında xatirələrindən danışanda Ənvər Əlibəylinin adını çox hörmətlə çəkərdi Məmməd:
– Mənim ilk şeirimi “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə o çap edib. Televiziyada işləyəndə də mənim bir sözümə, bir misrama belə toxunmaz, olduğu kimi verərdi.
-Bu yadımdadır ki, sən televiziyada çıxış edəndə səni hamıdan axıra saxlar, sözünü və ya şeirini yarımçıq kəsərdilər.
– Elə deyil, sənin dediklərin ayrı adamın dövründə olurdu. Sənin dediyin adam həmişə mənim əleyhimə idi, bunu gizlətmirdi də. Ənvər Əlibəyli isə mənə həmişə hörmətlə yanaşıb.
19 aprel – Günorta iki qonağmız oldu. Geologiya-minerologiya institutunun şöbə müdiri İsrafil müəllim və Paşa müəllim.
İsrafil müəllim:
– Sizi çoxdan görmək, söhbət etmək arzusunda idik. İmkan tapıb gələ bilmirdik. Vəziyyət çox gərgindir. Daşkəsən dəmir filizi mədənlərini almanların köməyilə işə salmaq istəyirlər. Onlarla bir yerdə çalışıram. Neft məhsulları hazırlayan alimlərin az qala gözləri kor olur, köpük qusurlar, pul isə bir qrup şarlatanın cibinə gedir. Dərdimiz çoxdur, Məmməd müəllim, gözümüz səndədir, sənin də sağlamlığın belə…
Paşa Məmmədə həsr elədiyi şeiri oxudu və əlavə etdi:
– Məmməd Arazın gərək 8 otağı ola. Belə bir dahini zaman min ildən bir yetirir. Dahinin yaşadığı evə bax. Bu minillikdə üç dahi yetişib: – Nizami, Hüseyn Cavid, M. Araz. Biz vaxtında sənətkarlarımıza qiymət verməyi bacarmırıq. Ölümündən sonra qızıldan taxt-tac qururuq, onu da yalandan. Yüz il keçəcək, görəcəklər ki, Məmməd Araz kimi fəlsəfi söz deyən, şeir yazan yoxdur. Onda qədrini biləcəklər.
Təbii ki, Məmməd Araz onun dahiliklə bağlı fikirlərinə etiraz etdi.
23 aprel – Dəyanət haqqında yazdığım yazını oxumusanmı?
– Kitabına yazılmış ön sözü deyirsən?
– Gör bu kiçik yazıda nələr söyləmişəm?
Vətən dərdi, vətəndaşlıq qayğısını daşımaq hissi heç kimə əmrlə, göstərişlə bu və ya digər fərmanla verilmir.
Bu, elə bir daxili tələbat və daxili çağırışdır ki, yalnız şairin taleyinə yazılır.
Mənim fikrimcə, bütün “poeziyalar” vətəndən başlanır, vətən haqqında vətən cazibəsində formalaşır, bərkiyir…
Vətənpərvər şairlər üçün yeri gəldi gəlmədi vətəni bayraq eləmək heç nəyi həll etmir.
Vətənin bayrağını uca tutmağı bacarmaq vətəndaşlıq vəzifəsidir.
Şairin arzuları hələ işin hamısı deyil. Sənətin sənət olması üçün ən başlıca cəhətlərdən biri odur ki, oxucu səni necə qəbul edəcək; əsl imtahan, sənət imtahanından necə çıxmış olursan. Burada qeyri yol yoxdur, bircə yol var – sənət yoluna sənət yükü ilə çıxırsan.
Bir də bu yazı resenziya idi. Kitaba ön söz kimi veriblər.
Hər şer toplusunu vərəqlədikcə şairin özünü görmədən onunla həmsöhbət olmağa gərək mövzu tapasan. Bu, vacib şərtdir. Müsahib varsa, deməli, söz var, söz varsa, deməli şer var…
Müqəvvalar kimi boyalı, “daranıb dayanan” poeziya ilə üz-üzə dayanıb söhbət etmək mümkün deyil; çünki dərd-qayğı dili, sevinc-kədər dili, məsləhət dili ona yaddır.
O baxır, – görmür, eşidir, – duymur. Yalnız və yalnız kağız üçün yaraşıqdır.
Axı bir də pəncərədən dünyaya baxan dibçək gülündən bahar ətrini istəmək olmaz. Çünki onun özü bahar möhtacı, təbiət möhtacıdır…
– Axı belə yazılardan bir şey çıxmaz, şeir yazmaq lazımdır.
– Düzdür, ancaq şeir yaza bilməyəndə publisistikaya əl atıram. Onlarda da çox gözəl fikirlər deyirəm. Toplu halında çap etmək olar.
– Çoxlu yarımçıq şeirlərin var. Onları bitirmək lazımdır, Məmməd Araz. Deyəsən, yazı stolundan küsmüsən, Yılmaz masanı zəbt edib.
– Nəvə də bir şeirdir…
3-11-12-15 may – Qardaşım oğlu Hikməti Yılmazın yanında qoyub içəri keçdim: Onunla danışan qadının nə dediyini soruşdum:
– Bir qoca arvad bizimlə maraqlandı, cavab verdim ki, Məmməd Arazın yoldaşı mənim bibimdir. Qoca arvad dedi ki, Məmməd Araz Azərbaycanın danışan dilidir.
Televerilişlərə baxan Məmməd münasibətini belə bildirdi:
– Tutalım, Heydər Əliyevin başqa xidmətləri heç, təkcə “Naxçıvanski” adına hərbi məktəbə görə o, tarixdə qalmalıdır. Əsl padşahdır. Padşahın bir əlində qılınc, bir əlində mərhəmət olmalıdır. Yoxsa idarə etmək çətindir, xüsusən bizim milləti. Mən onu alqışlayıram.
Söhbətarası Məmməd bir xatirə danışdı:
– Vəzirovun dövründə yanıma naxçıvanlı Benyamin gəlib dedi ki, Heydər Əliyevin Naxçıvandakı büstünü götürməyə Vəzirovun xüsusi tapşırığı var.
Mən yanıma gələnlərə qəti tapşırdım:
– Gedin, gecə-gündüz qruplarla keşik çəkin, qoymayın götürsünlər.
İşdən gələndə zarafatla dedi:
– Beş gündür yanıma bir seyid gəlir, guya məni biotoklarla müalicə edir. Gəlib əlini o tərəfə, bu tərəfə yelləyir, gedir.
– Özün necə, bir şey hiss edirsən?
– Yox, nə edir, qoy etsin, niyə onun xətrinə dəyim, kefini çəksin. Ayrı bir həkim də gəlib deyir ki, səni otlarla sağaldacağam. Sənin bədəninə çoxlu duz yığılıb, duzları bədəndən qovmaq lazımdır. Sabah otların suyunu gətirəcək.
19 may – Keçmişi yada salanda Məmməd elə bil bir az dirçəlirdi:
– Jurnalımız hökümət evində yerləşəndə Yasamaldan işə qədər piyada gedirdim. Çox vaxt səhərlər Rəsul müəllim bir tərəfdən, Süleyman Rəhimov o biri tərəfdən dəniz kənarına gələrdilər. Məni görən kimi yanlarına çağırardılar.
Bu isə çoxdankı söhbətdir… Yazıçılar İttifaqında sədrin otağında Xəlil Rzanın “O sahildə, bu sahildə” əsərinin müzakirəsi keçirilirdi, hamı Xəlili tənqid edirdi. Ən çox bu misralar təkrarlanırdı:
Yox onu görməyin Arpaçayından,
Deməyin Saranı sellər apardı.
Şahənşah taxtından, Qış sarayından
Yurduma uzanan əllər apardı…
Mən çıxış edib Xəlili müdafiə etdim:
– Qoy necə istəyir elə də yazsın, dedim, – mənim də adım cənub şeirlərimə, cəsarətli şeirlərimə görə millətçi çıxıb, bəs dərdlərimizi yazmayaq?
Orada olanların əksəriyyətinin mənim sözlərimə acığı tutdu:
-Nə istəyirsiniz bizdən? Sən Təbrizə getmək istəyirsən, biz istəmirik. Bizim əvəzimizə danışmayın. Xəlillə sən nə düşmüsünüz ortalığa…
O vaxt Rəsul müəllim də cənubdan çox yazandan biri idi. Yadımdadır, Naxçıvana yazıçıların plenumuna getmişdik. Oradakı çıxışında Rəsul Rza demişdi:
– Araz çayı bu torpağı üstdən ayırır, altdan torpaq birdir.
Rəsul müəllim “Atamın kitabı” poemasını oxuyandan sonra mənə dedi:
– Oxudum, sevindim, səni oxumamışdım. Sən də sərbəst şeir yazırsan ki…
Rəsul Rzanın “Mənim fikrimcə” publisist kitabı çıxanda həmin kitaba aid “Fikir həqiqət axarında” adlı məqalə yazdım. Zəng edib mənə təşəkkürünü bildirdi.
1975-ci ildə mənim haqqımda “O, şairdir” adlı məqaləsini “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdi. Məni görəndə deyirdi:
– Borcunun bir hissəsini ödədim, hamısını yox. Sonra da soruşdu ki, atan həqiqətən tutulub?
– Bəli, Rəsul müəllim, iki dəfə, özü də haqsız.
21-26 may – Yılmaz ağlayırdı. Məmməd onu sakitləşdirə bilməyib məni çağırdı:
– Yılmaza çox təbliğat apardım, kirimədi, keç gör necə sakitləşdirirsən, görünür daha təbliğat keçmir.
Axşamki televerilişdə 20 may bayramı ilə əlaqədar konsertdə Masallıdan bir şagird “Məndən ötdü qardaşıma dəydi” şeirini elə gözəl ifa etdi ki. Qızı möhkəm alqışladılar, prezident də ləzzətlə əl çalırdı…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ