30 Yanvar 2026 / 18:55

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 8-ci HİSSƏ

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli dünənki buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-7-ci-hisse/

  7-8 sentyabr – Gündüz rəhmətlik Hikmət Ziyanın qırxına getmişdi. Yaman fikirli görünürdü. Axşam yenə də “Bəhram Gur” fəvvarəsinin yanında oturmuşduq:

– Gülxanım, sənə söhbətlərimdə  demişdim, indi də söhbət ondan düşdü, deyirəm. Hikmət çox sadə, ürəyi təmiz adam idi. Sağlığında istəsin, mənim xətrimi çox istərdi. Həmişə də məndən xahişi bu idi. Əmi,  deyərdi,   bir şeirini də mənə həsr elə.

– Hikmət, – dedim, – axırıncı şeirimi sənə həsr etmişəm. Yaman sevindi rəhmətlik. Soruşdu ki, – əmi, hansı şerini?  “Kallaşa, kallaşa karlaşır insan” şeirimi.

Hə, bir az da keçmişdən danışım sənə:

– Əhməd Cəmil Mədəniyyət nazirliyində işləyəndə  “Üç oğul anası” poemasını ona oxudum, çox diqqətlə qulaq asdı.

– Məmməd, çox gözəl yazmısan. Təsirlidi, adam həyəcansız qulaq asa bilmir.

Bu hadisədən bir neçə ay keçəndən sonra  onu “Azərbaycan” jurnalına redaktor qoydular. Poemanı çap etdirmək üçün jurnala apardım. Əhməd müəllim o qədər sual qoydu ki…

Artıq o, şair Əhməd Cəmil yox, redaktor Əhməd Cəmil idi.

İşdən gələndə dedi ki, “Bakı” qəzetində ona həsr olunmuş şeir çap olunub. Sərhəddi qoruyan əsgərlər dağın başında , qarda, tufanda, qaranlıq səngərdə bütün gecə ancaq mənim şeirlərimi əzbər deyiblər. Keçirilmiş gecə və həsr olunmuş şeir belə adlanır: “Məmməd Araz axşamıdır bu axşam”. Şeirin müəllifi Abdulla Qurbani haqqında da dedi:

– Od parçasıdır, bütün əsgərlərin sevimlisidir. Murov faciəsi ilə əlaqədar çox şey bilir.. Onun üçün qorxuram

9 sentyabr – Darıxdığımızdan fontanın yanında oturub gəlib-gedənlərə baxırdıq. Söhbətimiz isə keçmişdən idi:

– Mirzə İbrahimov əvvəllər mənim xətrimi çox istərdi. “Çuğulun anası ölsün” deyərlər. Çünki paxıllıqdan olmayan sözləri quraşdırıb deyənlər çox olur. Məndən də ona nə isə çatdırmışdılar. Sonralar mənim müstəqil fikirlərim, şerilərimin mübarizliyi, vətənpərvərliyi o nəslin nümayəndəsi kimi M. İbrahimovun da xoşuna gəlmədi. Əli Vəliyev soruşanda ki, – Niyə  Məmmədi  Yazıçılar İttifaqının  3-cü katibi qoymadın? – sualına  cavabı bu olmuşdu: “- Ağzının cilovunu yaman buraxıb, özünü şeirlərində çox sərbəst aparır”.

– 70-ci illərin əvvəllərində mövcud siyasi rejimlə müxalifətdə olub onun “dadını” görən ziyalılardan, demək olar ki, biri də mənəm

Çətinliklərim həmişə başımdan aşıb. Günahsız yerə incidilmişəm, cəzalandırılmışam. Göründüyü kimi, bu da mənə baha başa gəlib. Haqsızlıqdan dəhşətli heç nə yoxdur.

Bu haqsızlıq məni üç ay gecə-gündüzümdən eləyib.

Məni “Ədəbiyyat və incəsənət” qəzetindən çıxaranda Danil Quliyev yanına çağırdı. Bir azdan İmran Qasımov və Mirzə İbrahimov da gəldilər. Çalışırdılar ki, haqsız işdən çıxarıldığımı ört-basdır eləsinlər. Mirzə başladı ki, mən sənə çox demişdim axı belə elə, elə elə və s.

Cavab verdim:

– Mirzə müəllim, mənə heç nə tapşırmamışdınız, dedikləriniz yalandı.

10 sentyabr – Səhər yuxudan elə bir partlayış səsinə oyandım, elə bildim ki, ev sökülüb yerə tökülür. Evin tavanı suya davam gətirməyib uçmuşdu. Gülməkdən başqa çarəmiz qalmadı:

– Məmməd, siçovulları yaman qaçırtdılar, qorxublar, ta gəlməzlər, – dedim.

13-16-20  sentyabr – Prezidentin  milli məsələlər üzrə müşaviri Hidayət Orucova zəng edib onunla görüşmək istədiyini bildirdi Məmməd.

Hidayət müəllim söz verdi ki, sabah gələrəm, dərdləşərik.

  Hidayət Orucov gəldi və kitabını hədiyyə edərək Məmmədə həsr elədiyi şeirini və Məmmədin şerlərindən əzbər dedi:

                            Qar odası Kərəmindir,

                            Bulaq başı Ələsgərin.

                            Araz üstə sivri duran

                            Bir qaya da mənim yerim.

                            Dostlar qazsın məzarımı…

            Və ya

                            Hər səsi eşitmir əsrın qulağı,

                       Özümə yağışam, özümə çətir.

                            Fikrimin çəkisi çəkimdən ağır

                            Dartmaq da çətindi.

                       Atmaq da çətin…  və əlavə etdi:
Məmməd müəllim, başqa şairlərdə qalxıb-enmə var, lakin siz həmişə zirvədə qərar tuta bilmisiniz.

“7 gün” verilişində Kəlbəcərin təslim edilməsi göstərildi. Camaatın rayondan çıxarılmalarına təəssüflə baxan Məmməd:

– “Bu xalqın barmağı tətiyə yatmır” – misrasını söylədi.

27 sentyabr – Cəlal Əliyev bizə günorta  saat 2-də görüş təyin etmişdi. Mikayıl da gəlib çıxdı. Cəlal müəllim ardımızca maşın göndərdi, biz onun iş yerinə getdik. Məmməd 5-ci mərtəbəyə qalxa bilmədiyi üçün özü 1-ci mərtəbəyə endi. Xeyli söhbət etdilər. Gəlişimizin səbəbini söylədik Cəlal müəllim bildirdi:

– Biz, ümumiyyətlə, evdə telefonu götürmürük. Təsadüfə bax, Gülxanım bizə deyəndə ki, Məmməd Araz sizinlə danışmaq istəyir, evdə hamı sevindi.

Mənzilimizin yararsız olduğu barədə Cəlal Əliyevi məlumatlandırdım.

– Ev məsələnizi mütləq Kişiyə çatdıracağam, sizin xətrinizi çox istəyir. Nə işiniz olarsa mənə deyin, neçə uşağınız var?

– İki qızımız, iki nəvəmiz var, – dedim.

– Mənim də İzzət adlı bir qızım var, – söylədi Cəlal müəllim… – Çalışacağam ki, xahişlərinizi yerinə yetirim.

Çox razılıqla Cəlal müəllimdən ayrıldıq.

5-7 oktyabr – Cəlal müəllim bizi sevindirdi:

– Ev məsələnizi Kişi ilə danışmışam, o, mənə dedi ki, tez-tez yadıma sal, məşğul olum.

Mikayıl dedi ki, Məmmədin operasiya məsələsini naxçıvanlı uşaqlarla danışmışam, onlar öz xərcləri ilə Türkiyəyə aparacaqlar.

-Mikayıl, sən inanırsan, mənsə yox. Onlar yığdıqları pulun üstündə əjdaha kimi oturublar, xərcləmək istəməzlər…

Dostu İsa  Məmməddən soruşdu:

– Deputatlığa namizədliyimi verəcəyəm, mənə vəkil olarsanmı?

– Niyə olmaram, əlbəttə, olaram!..

Məmməd mənə dedi ki, sən evdə olmayanda Məhərrəm Əhmədov dəqiq ünvanımızı soruşub, dedim, xeyir ola? Cavabı bu oldu ki, yaxınlarda özünüz biləcəksiniz.

– A kişi, bəlkə evlə əlaqədardır?

– Yox, ola bilməz, rusların duması bir neçə görkəmli yazıçını himayə edəcək, deyirəm bəlkə bunlar da belə eləmək istəyirlər.

– Eşit, inanma.

13-14 oktyabr – Telefonda Qurbaninin gur səsi eşidildi:

– Gülxanım bacı, bu saat televizorda Bəxtiyarın gecəsini verirlər. Mən də bir qaçqının evində “Məmməd Araz” gecəsi keçirirəm.

– Sağ ol, Qurbani!

Məmmədin ad günü ailə dairəsində olacaq.

“Vesti”də belə bir xəbər verdilər:

-Buninin heykəli Voronejdə,  anadan olduğu yerdə ucaldılmışdır.

Məmməd sevincək dilləndi:

– Görürsən, Gülxanım, mən həqiqətən qabaqcadan görənəm. 61-ci il idi. Azərbaycan Yazıçılar İttifaqında yığıncaqda bəzi yazıçılar Soljenitsinin “Odin den Denisa İvanoviça” əsərinə öz münasibətlərini bildirirdilər. Onda mən çıxış elədim və cıxışımda belə dedim, – vaxt gələcək, Soljenitsinin bütün əsərləri bəraət qazanacaq, çap olunacaq və Buninə də heykəl qoyacaqlar. Gördünmü, sözlərim necə düz çıxdı.

– Sənin də “Heykəlimlə görüş” şeirin var, yaman demisən, ha!

– Düzdü. Fikrən özümü-özümdən ayırıb dünyadan köçmüş təsəvvür etdim. Fikrən özüm-öz qarşımda durmuşam;  Dünyaya nə gətirmişəm, nə aparıram. Heykəlimə oxşayırammı? Doğrudanmı belə olmuşam? Eynən mənəm, mən də zamandan çox şey gizlətmək istəyirdim, o isə məni çırın-çılpaq göstərir. Bəlkə də demək istəmişəm: Ucalan çox heykəllərin son taleyindən ibrət almaq…

Mən istərdim ki, “heykəl” sözünü xüsusi isim kimi böyük hərflərlə yazam. Axı bir adama heykəl qoyulur. Heykəl!

Bir xalqın, bir ölkənin, bəşərin qoyduğu heykəllərdən danışmaq olar.

Bir də heykəlləri uçurmaqla nə qazanırlar ki, xalq o tarixi yaşayıb, həmin tarixi silmək olmaz, qoy onlar öz yerlərində qalıb keçdiyimiz yolları yaddaşdan silməyə qoymasınlar.   (bu sözləri evimizin qarşısındakı Marksın heykəliininu götürülməsindən sonra da dəfələrlə demişdi.)

 Məmməd olub-olmuşlardan xeyli danışdı, ancaq mən yadımda qalanların “qolun-qıçın” sındırıb yazmışam…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ       

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!