Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Haqqında söz açdığımız dəyərli ziyalı, pedaqoq, şair-jurnalist İgidəliyev Xeybər Zəfər oğlu 1937-ci il fevral ayının 17-də Hacıqabul şəhərində anadan olmuşdur.
Qeyd edək ki, Hacıqabul şəhərinin qərb tərəfində, əsasən xiləlilər yaşayır. Xeybər İgidəliyevin də şəcərəsi qədim Xilə elindəndir. Hətta bu rayonda kimin hansı kökdən olduğunu soruşanda da “Xilədənsən?” sualı ilə müraciət olunur.

***
Tarixə qısa baxış: Bəzi mənbələrə görə, VII-VIII əsrlərdə Azərbaycana Şamdan, Kufədən, Xilə və b. ərazilərdən bir sıra tayfalar gəlmiş və məskunlaşmışlar. Şirvanda bu tayfaların məskunlaşdığı ərazilərdən biri də Xilmillidir. Bu kənd keçmişdə çayla bağlı olaraq Qozluçay adlanmışdır. Güman edilir ki, Xilmilli xilə və milli etnonimlərindən yaranmışdır. Xilə tayfasının keçmişdə bu ərazidə yaşadığını Xilə yurdu, Xilə dağı, Xilə bulağı, Xilə qəbristanı, Xilə Abdülkərim türbəsi adlı mikrotoponimlər də aydın göstərir. Bu əhalinin Küdrü düzü və Hacıqabul yaxınlığında da qışlaqları olmuşdur. Vaxtilə XIX əsrdə malakan-rus tayfaları Xilə ərazisində məskunlaşmış, yerli əhali də yavaş-yavaş Hacıqabul ərazisinə köçmüşdür.
Qeyd edək ki, eyni zamanda, Bakının Əmircan kəndində də xiləlilər yaşayıblar, hansı ki, əvvəllər bu kənd “Xilə” adlandırılırdı. Başqa mənbədə isə qeyd edilir ki, “Xilə” erkən orta əsrlərdə ərəblərin İraqın Xilə mahalından köçürdüyü ailələrin adıdır . “Milli” isə Azərbaycan ərazisindəki Mil düzünün adından və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir. Kəndin adı “Mildə yaşayan xiləlilər” mənasındadır. Digər mənbələrdə Şamaxı rayonunun Xilə kəndinin bir adı da Dağ Xilə adlanır. Yerli hakim qüvvələrə, ədalətsiz çar hakimlərinə qarşı çıxdıqları, onların əmrlərinə itaət etmədikləri üçün həmişə təqiblərə məruz qalmış, bu cənnət məkanı tədricən tərk etməyə məcbur olmuşlar. Xiləlilərin uşaq-böyük münasibətində, ağsaqqalın yerini bilməkdə, böyüklərə hörmətdə, qadın-qız ləyaqətinin qorunmasında, el-obanın qeyrətinin çəkilməsində çox sərt, pozulmaz qanunlar vardır. Xiləlilərin, eyni zamanda heç bir bölgədə olmayan və heç zaman unudulmayan “el qəbirüstü”sü deyilən bir adəti də var: belə ki, hər il may ayının ilk ongünündə – ilk cümə axşamında hansı şəhər və kənddə yaşamağından asılı olmayaraq, xiləlilər qəbiristanlığa gələrək dünyadan köçənlərini ziyarət edərlər. Bəzən ilk cümə axşamında hava şəraiti pis olarsa, bu ziyarət növbəti cümə axşamına keçirilər. Bu adətin yaranması isə lap qədimlərə söykənir. deyilənlərə görə, bir zamanlar, yazda el yaylağa – Şamaxı tərəflərə köçəndə əhali əzizlərini ziyarət edib, onların ruhuna dualar oxutdurub sonra köç yola düşərmiş…

***
Xilə elinin məşhur ziyalılarından olan Xeybər İgidəliyev hələ orta məktəbdə təhsil aldığı illərdə şeirə, yaradıcılığa həvəs göstərmiş, məktəbdə keçirilən tədbirlərin fəal iştirakçısı olmuşdur. 1955-ci ildə hacıqabullularla görüşə gəlmiş xalq şairi Səməd Vurğunu bədii sözlə salamlamaq o vaxt hələ təzə-təzə şeir yazmağa başlayan Xeybər İgidəliyevə nəsib olmuşdur. Müəllifi olduğu “Şairə salam” şeirini söylədikdən sonra böyük şairdən yaradıcılıq xeyir-duası alan gənc Xeybər yazıb-yaratmağa daha da həvəslənmiş, qələmini şifahi və yazılı şeirin müxtəlif janrlarında sınamışdır.
Xeybər İgidəliyev 1957-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra ilk əmək fəaliyyətinə rayondakı 13 saylı orta məktəbin kitabxanasında başlamışdır. Məktəbdə çalışdığı dövrdə ali məktəbə hazırlaşaraq ADU-nun (indiki BDU) jurnalistika-filologiya fakültəsinə daxil olur. Tələbəlik dövründə şeir və məqalələri mütəmadi olaraq mətbuatda dərc olunub.
Ali təhsilini başa vurduqdan sonra Xeybər İgidəliyev “Yüksəliş uğrunda” qəzetində (Şirvanda dərc edilən) ədəbi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar həmin qəzetin şöbə müdiri, mətbəənin direktoru vəzifələrində çalışmışdır. X.İgidəliyevin rayon qəzetində işıq üzü görən şeir və məqalələri rayon ziyalılarının diqqətini cəlb etmişdir. Ona görə də rayon rəhbərliyi əvvəlcə onu “Mayak” qəzetinin redaktor müavini, sonra isə “İşıq” qəzetinin məsul katibi vəzifəsinə (həm də tərcüməçi) irəli çəkmişdir. Bu vəzifələrdə çalışdığı dövrdə Xeybər müəllimin həmin qəzetlərin səhifələrində dərc olunan maraqlı, orijinal yazılarının (məqalə, felyeton, oçerk) sayı yüzlərlə olmuşdur.

O, Salyan, Şirvan və Hacıqabuldan olan poeziya aşiqlərini bir araya gətirərək “İşıq” qəzeti redaksiyası nəzdində “Ədəbi birlik” təşkil etmişdir.
Xeybər İgidəliyev birlik üzvlərinin əsərlərinin çap olunmasına, poeziya məclislərinin vaxtaşırı keçirilməsinə öz köməyini əsirgəməmişdir. Qısa bir zaman kəsiyində birlik üzvlərinin sayı əlli nəfərə çatmışdır. İlk addımı bu birlikdə atan şairlərin bir çoxunun sonralar şeir kitabları nəşr edilmiş və onlar respublikamızda tanınan şairlərdən olmuşlar. Mehman Əliyev, Arif Quliyev, Böyükağa Sadıqov, Novruz Dumanlı, Allahverdi Eminov, Cavad Məmmədov, Mirzəbaba Xələfov, Əbülfəz Quliyev, Əfsəl Babayev, Cənnət Muğanlı, MirYusif MirNəsir oğlu və başqaları ədəbi birliyin vaxtaşırı keçirilən məclislərində iştirak etmiş, onların qələmə aldığı şeirləri müzakirə olunmuş, bəyənilən əsərlər qəzetdə çap olunaraq oxuculara çatdırılmışdır.

Xeybər müəllimin 40 ilə yaxın bir müddəti əhatə edən əmək fəaliyyətinin əsasını onun jurnalistlik və müəllimlik işi təşkil etdiyindən, onu böyük müvəffəqiyyətli qələm adamı adlandırmaq olar.
Onun jurnalistlik fəaliyyətindən danışarkən (1970-85-ci illərdə) Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin müxbir postunun üzvü olaraq Kür Su Kəmərinin çəkilişi ilə bağlı yazdığı silsilə məqalələrdən söz açmamaq mümkün deyil. Öz dövrü üçün ölkənin əsas zərbəçi tikintilərindən olmuş Talış-Bakı Su Kəmərində gedən işlərin işıqlandırılmasının nə qədər məsuliyyətli, eyni zamanda şərəfli iş olduğu oxucuya özlüyündə aydın olmalıdır.
***
Xeybər müəllim peşəkar qəzetçi olsa da, həyatının on ildən çoxunu həm də pedaqoji sahəyə həsr etmiş – Hacıqabul rayonundakı 13 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1974-78-ci illərdə isə Əli Bayarmlı şəhər (indiki Şirvan) 10 saylı məktəbdə müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir.

İdeoloji işin ön planda olduğu sovet dövründə yaşayıb-işləmiş Xeybər müəllimin əmək fəaliyyətinin bir hissəsi də həmin sahə ilə bağlı olub.
Məhz çalışqanlığına, qazandığı uğurlara görə Əli Bayramlı şəhər (indiki Şirvan) rəhbərliyi onu 1977-ci ildə Şəhər Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsinə irəli çəkmişdir. Bacarıqlı mütəxəssis kimi 1974-cü ilə qədər bu vəzifədə çalışmış, ona olan etimadı doğrultmuşdur. Xeybər müəllim respublikamız müstəqillik əldə etdikdən sonra yeni yaradılmış Hacıqabul rayonunda əvvəlcə Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təşkilat şöbəsinin təlimatçısı və ümumi şöbənin müdiri, sonra isə Rayon İcra Hakimiyyəti aparatında təlimatçı və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.

Bir jurnalist kimi əldə etdiyi uğurlara görə Xeybər İgidəliyev 1981-ci ildə o zamankı SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir. X.İgidəliyevin əsərlərinin əksəriyyəti “Kommunist”, “Sovet kəndi” (“Kolxozçu”), “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Bakinski raboçi”, “Vışka”, “İşıq” qəzetlərinin və “Azərbaycan qadını”, “Təşviqatçı” jurnallarının səhifələrində işıq üzü görmüşdür. Şəxsi arxivində qorunan, çap olunmamış əsərlərinin sayı isə 300-dən artıqdır. Bir çox şeirlərinin sözlərinə mahnılar bəstələnmişdir.

65 illik mənalı ömrünün yarıdan çoxunu xalqına, vətəninə həsr edən şair-publisist Xeybər İgidəliyevin zəhməti, əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, müxtəlif mükafat və təltiflərə layiq görülmüşdür.
Gözəl şair, dəyərli jurnalist, tanınmış ziyalı Xeybər İgidəliyev 2002-ci il iyun ayının 2-də dünyasını dəyişib. Şeirləri, əsərləri, xatirəsi isə həmişəlik xalqına, sevənlərinə miras qalıb…
Xeybər İgidəliyev iki qız, iki oğul atası olub.
(Mənbə – “Vaxt gələr, axtarıb gəzərsiz məni” filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev)
Hazırladı: Yasəmən Məmmədli
P.S. Xatırladaq ki, 18 fevral 2017-ci il tarixidə Hacıqabul rayon Mədəniyyət evində Xeybər İgidəliyevin 80 illiyinə həsr olunmuş yibiley tədbiri keçirilib. Onu da qeyd edək ki, bugün şairin zəngin yaradıcılığının bədii tədqiqata, araşdırmaya çox böyük ehtiyac var.
Aşağıda şairin bir neçə şeirini oxuculara təqdim edirik:
Yalvara-yalvara
Yar yarın könlünü gərək
Ala yalvara-yalvara.
Qolunu boynuna onun
Sala yalvara-yalvara.
Nə adətdir qara gözlər,
Könül ovlar, min qan eylər,
Bülbül eşqin bəyan eylər
Gülə yalvara-yalvara.
Az qalmişdı toyumuza,
Yar yenə saxladı yaza,
Qalmışam o insafsıza
Hələ yalvara-yalvara.
Xeybər deyər, a növrəstə,
Vəfa gərək sevən kəsdə,
Can verəydim sinən üstə
Xala yalvara-yalvara
***
Dünya, niyə dağılmırsan?
Ahımızdan, naləmizdən
Dünya, niyə dağılmirsan?
Kirli-korlu yaranmısan –
Dünya, niyə dağılmırsan?
Dərd çoxalıb həddindən,
Aşıb Qarabağ səddindən,
Namərdlər çoxdu mərdindən –
Dünya, niyə dağılmırsan?
Zalımlara lazım dünya,
Məzlumlara zalım dünya,
Nə deyim, nə yazım, dünya –
Dünya, niyə dağılmırsan?
Hey azalır yaxşıların,
Yaxşı dostun, yaxşı yarın,
Düzmüş, yoxdur etibarın-
Dünya, niyə dağılmırsan?
Kimlər səni talan etdi,
Haqq sözünü yalan etdi –
Səni filan-filan etdi –
Dünya, niyə dağılmırsan?
Gah bəslərsən gözün üstə,
Gah bir kəlmə sözün üstə,
Yandırarsan közün üstə –
Dünya, niyə dağılmırsan?
Ömür sürdük səndə beş gün,
Görəmmədik bircə xoş gün,
Övladların qaçqın-köçkün –
Dünya, niyə dağılmırsan?
***
Bulaq
Bir gözəllə, görüşünə
Gəldim dönə-dönə, bulaq.
Insafdımı bundan sonra,
Qəlb küsə, üz dönə bulaq?!
Nə etmədi o gülyanaq,
Dağ üstündən çəkdi min dağ.
Gəl, sinəmin üstündən ax,
Bəlkə odum sönə, bulaq.
Ürəyimə salma güman,
Yar gözündən içən zaman.
Öpmə onun dodağından,
Qısqanıram sənə bulaq!
***
XİLƏ TOYLARINDA
El gələr mübarəkə
Xilə toylarında.
Kədər, qüssə dağılar
Xilə toylarında.
Çiçək-çiçək gözəllər,
Bəy evini bəzərlər,
Kəklik kimi süzərlər –
Xilə toylarında.
Həsrətlilər qovuşar,
Sevinc sevincə qarışar.
Aşıqlar da yarışar –
Xilə toylarında.
Toylar dalbadal olar,
Subaylar halbahal olar,
Hərdən qalmaqal olar –
Xilə toylarında.
Bozbaşı bol, çayı bol,
Xələti bol, payı bol,
Biraz az iç, ayıq ol –
Xilə toylarında.
Hər evə səda düşər,
Ağızlar dada daşər,
Cavanlıq yada düşər –
Xilə toylarında.
***
BACARMADIM
Mən namərdlər arasında
Baş olmağı bacarmadım.
Namərdlərə, nakəslərə
Xoş olmağı bacarmadım.
Sağı gəzdim, solu gəzdim,
Axtardım düz yolu gəzdim,
Gözü-könlü dolu gəzdim –
Boş olmağı bacarmadım.
Ömrün neçə sərt qışında
Ağardı lap göz-qaşım da.
Hər məclisdə iş başında
Döş olmağı bacarmadım.
Dönüklərə, paxıllara,
Qurd xislətli yaxınlara,
Dəstələrə, axınlara
Qoşulmağı bacarmadım.
Kimlə kəsim duz-çörəyi,
Gəldi mənə yüz kələyi,
Neyləyim ki, mən ürəyi
Daş olmağı bacarmadım.
***
NƏ GÜNAHI BU ÖLKƏNİN
Təkcə türk elləri demir
“Nə günahı bu ölkənin?”
Bütün dünya sual edir:
“Nə günahı bu ölkənin?”
Erməniyə dost olmuşduq,
Bu dostluqdan məst olmuşduq,
Birdən-birə pozuluşduq –
Nə günahı bu ölkənin?
Atasını döyməmişdik,
Anasını söyməmişdik,
Biz onlara neyləmişdik?-
Nə günahı bu ölkənin?
Ət deyəndə – ət vermişdik,
Neft deyəndə – neft vermişdik,
Axı haçan “net” demişdik?-
Nə günahı bu ölkənin?
Deyən yoxdur, ay namərdlər,
Sizdə idi yaxşı evlər,
Bağlar, karlı vəzifələr –
Nə günahı bu ölkənin?
Səslənəndə avtomatlar,
Körpələrin bağrı çatlar,
Ay oyunbaz diplomatlar –
Nə günahı bu ölkənin?
Çadırlarda doğuluruq,
Çadırlarda boğuluruq.
Yenə haqsız biz oluruq?
Nə günahı bu ölkənin.
Artıq coşub qəzəb-hiddət,
BMT-də yox qətiyyət,
Gəl bir də bax, bir də seyr et –
Nə günahı bu ölkənin?
“Sülh, sülh” deyib hayqırırıq,
Barışığa çağırırıq,
Nə söz, nə biz batır artıq –
Nə günahı bu ölkənin?
Zülm ərşə çatıb daha,
Ümid qalıb bir Allaha,
Bir birliyə, bir silaha –
Nə günahı bu ölkənin?
Yox günahı bu ölkənin.