Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 16:23

Mətbuat Prospekti ilə A.Sultanova küçəsinin kəsişməsində yol nişanı uyğunsuzluğu-FOTOLAR

«Azərbaycan» nəşriyyatının yerləşdiyi Mətbuat Prospekti ilə Ayna Sultanova (ATV-dən, Məsciddən üzü Apellyasiya Məhkəməsinə tərəf) küçəsinin kəsişməsində işıqfor var. Bu nöqtədəki yol nişanının uyğunsuzluğu və məntiqsizliyi «20 yanvar» istiqamətindən gəlib nəşriyyatın qarşısından keçən sürücüləri çaşdırmaqdan əlavə, süni cərimə tələsi kimi də fəaliyyətdədir.

Daha dəqiq desəm, dünən nəşriyyatdan çıxaraq Bakı şəhər DYP-yə getmək istədim. Daim nəqliyyat sıxlığı olan bu yolun sağ zolağında  avtobuslar hərəkət etdiyindən soldan 1-si zolaqla hərəkət edərək düzünə getmişəm. Bu gün mənə 40 manat cərimə gəlib. Heç bir foto və ya videogörüntü təqdim edilməyən mesajda yazılır ki, «Azərbaycan İXM-nin 327.1. maddəsinin tələblərini pozduğunuz üçün 40 manat cərimə edilmisiniz».

İXM-nin 327.1-ci maddəsində qeyd edilir ki, sürücü «Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə- qırx manat məbləğində cərimə edilir».

Təqdim etdiyim fotoşəkilə baxın: iki tərəfli, 3 zolaqlı yolun bu nöqtədə bir zolağı yalnız sağa dönmə ilə işarələnib, qalan iki zolaqdan (ortadakı) biri düzünə hərəkət üçün (FHN istiqamətinə) işarələnib, sağdan üçüncü zolaqdakı isə düzünə və həm də sağa hərəkət üçün işarələnib(ATV istiqamətinə).

Mənə cərimə tətbiq edilib ki, niyə sola işarələnmiş 1-ci zolaqda düz hərəkət etmişəm.

Oxşar hadisə neçə il əvvəl Z.Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində (metronun «Sahil» stansiyasının yanı, Zərifə Əliyevanın barelyefinin qarşısı) 027 Motoskletdə xidmət keçən inspektor mənə cərimə yazmışdı ki, niyə sol zolaq yalnız sola hərəkəti bildirirsə, siz düz keçmisiniz? Və 40 manat cərimə! Mən Bülbül prospektində qırmızı işığın yandığını, yəni oradakı nəqliyyat vasitələrinin dayandığını inspektora izah edərək bildirdim ki, axı niyə soldakı zolaqda həm sola (Bulvara tərəf), həm də düzünə getmək olmasın? Sağda işıqforun qırmızı işığıdır, mən kimə mane oluram axı?! Razılaşmadı ki, burda nişanı belə çəkiblər…  Bakı şəhər DYPİ-nin sabiq rəisi Nuşirəvan Səfərova yazdığım ərizə dərhal nəzarətə götürüldü və həmin nöqtədə yol nişanının uyğunsuzluğu təsdiq edildi, uyğunsuzluq aradan qaldırıldı- o vaxtdan sürücülər həm sola gedə bilir, həm də düzünə.

Gəlirəm Mətbuat Prospektindəki bu fotoşəkilə:  eyni qaydada, sağdan-Şərifzadədən gələn nəqliyyat vasitələrinə qırmızı işıqdır, hamısı dayanıb. İşıqforun ekranında da işarələnib ki, Mətbat prospektində dayanan nəqliyyat vasitələrinə yaşıl işıqdır, yəni sağdakı zolaqdakılar həm düz, həm də sağa dönə bilər. Orta zolaqdakı düz gedə bilər, amma soldakı zolaqda olan, ancaq sola getməlidir! Niyə? Niyə sağdakı 3-cü zolaqda həm sağa, həm də düzünə getmək olar, amma soldakı 1-ci zolaqdakılar sola gedə bilər, düzünə yox??? Axı Şərifzadə küçəsindən gələnlər üçün qırmızı işıqdır, Mətbuat prospektindəkilər isə düzünə gedir.

Mən bu dəfə də Bakı şəhər DYPİ-nin indiki rəisi Rəşid Piriyevə müraciət edirəm: əgər sağda qırmızı işıq yanırsa, soldakı zolaqda olan sürücülər sola və həm də düzünə hərəkət etsə, kimə mane olur??? Sağdakılar mane olmadığı kimi. Onsuz da tıxaclı olan bu yolda sola məcburi hərəkət etmə tələb edildiyindən əsasən düzünə hərəkət edən sürücülər bu yersiz, əsassız və uyğunsuz yol nişanına görə həm əziyyət çəkir, həm də cərimələnirlər. Heç kim bu məntiqsizliyi qavramadığından, ağlına belə gətirmir ki, sağda qırmızı işıq yanırsa, niyə soldakı zolaqda, ancaq sola dönmək olar, düzünə hərəkət etmək olmaz?!

Beləliklə, inanıram ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Rəşid Piriyev bu nöqtədəki uyğunsuzluğun aradan qaldırılmasına və mənə yazılmış əsassız cərimənin ləğvinə göstəriş verəcək.

Təbii ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məcbur olacağam ki, yol nişanına düzəliş edilməsi və mənə əsassız yazılmış cərimənin  ləğvi üçün məhkəmədə hüquqlarımı qoruyum.

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!