13 Aprel 2026 / 11:06

Müdafiə Nazirliyində rəis işləmiş Əvəz Rüstəmov məhkəməyə verilib – rüşvətə görə

Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, həmçinin həmin qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Rüstəmov Əvəz Əli oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş material əsasında başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaq zamanı müəyyən edilib ki, Əvəz Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!