Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsini icrasını davam etdirir. Layihə çərçivəsində Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan (şəhid ailələri, qazilər, məcburi köçkünlər, müharibə nəticəsində əmlakına zərər dəyən, müharibədən zərər çəkən digər şəxslər, o cümlədən işsiz, iş axtaran, əlilliyi olan, məişət zorakılığından əziyyət çəkənlər, övladını təkbaşına böyüdən qadınlar, pulsuz hüquqi xidmətə ehtiyacı olan digər aztəminatlı şəxslər) olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilir. Qurumdan tezadlar.az– a bildirilib ki, şəhid ailələri, müharibədən zərər çəkən məcburi köçkün, müharibə iştirakçısı, müharibə veteranları, o cümlədən aztəminatlı şəxslərin hüquqi problemlərinin həllində, I Qarabağ müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 (Üç) il üçün sosial müavinətin ödənilməsində, vətəndaşların ərizə və müraciətlərinin doğru formada hazırlanmasında, aliment tələbi, məhkəmə qərarlarının icrası, mediasiya qurumları və məhkəmələr üçün sənədlərin tərtibində onlara kömək göstəririk.
Xaçmaz rayon sakinlərinə hüquqi konsultasiya xidməti göstərmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədovun 24 iyun 2025-ci ildə Xaçmaz rayonuna səfərini təşkil edəcəyik. Hüquqşünas 24 iyun 2025-ci ildə saat 11:00-dan etibarən Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin akt zalında (Yer dəyişikliyi olacaqsa, əlavə məlumat veriləcək) rayon sakinlərini qəbul edəcək. Tez hazırlanması mümkün olan sənədlər orada hazırlanaraq vətəndaşlara təqdim olunacaq. Araşdırma tələb edən sənədlər isə qəbuldan sonra hazırlanaraq vətəndaşlara çatdırılacaq və ya aidiyyatı üzrə dövlət qurumlarına göndəriləcək.
Hüquqi məsləhətə ehtiyacı olanlar bizə yaza, (070) 290-22-99 nömrəli telefon və ya WhatsApp ilə məlumat verə bilər.