Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…26 devral 1992 ci il tarixində baş vermiş Xocalı Soyqırımının 33 ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi təşkil edilmişdir. Tanınmış jurnalist, “Təzadlar”ın köşə yazarı Səriyyə Müslümqızı “Təzadlar”a bildirdi ki, tədbir Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsi abidəsi qarşısından başlayıb: “…İlk öncə, Xocalı sakinləri və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anıldı, sonra ruhlarına Quran tilavəti bəxş edildi, monument qarşısına əklil və çiçəklər qoyuldi. Anım mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Himni ilə başladı. Sonra anım mərasimini təşkil edən Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanının video çıxışı səsləndi. Azərbaycan Respublikasının Niderlanddakı səfirlik nümayəndələri, Türkiyə Cümhuriyyətinin buradakı böyük elçilik nümayəndələrinin çıxışı oldu. Bura, eləcə də, Türkiyəli millət vəkili də qatılmışdı. Azərbaycan Diasporuna Dəstək fondunun rəhbəri də tədbirdə çıxış etdi…”.
Qeyd edək ki, Anım mərasimində ən önəmli çıxışçı Xocalı sakini olan, ailə üzvlərini həmin gecədə itirmiş jurnalist, yazıçı- publisist Səriyyə Müslümqızı olub. O, həmdə 32 ildən sonra Xocalıya qayıdan ilk insanlardandır. Uzun illər həsrətində olduğu Xocalının yüksək templə inkişafından fərəhlə danışan Səriyyə xanım, bundan sonra Vətənimizin və xalqımızın bir daha belə məşəqqətlərini görmək istəmədiyini arzuladı. Bu il o, bu tədbirə daha da rəng qataraq Diasporla İş Üzrə Dövlət Komitəsinin köməkliyi sayəsində ərsəyə gəlmiş “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitabının , eləcə də “Azərnəşr”in baş direktoru Əlövsət Ağalarovun dəstəyi ilə hazırlanmış “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “ kitabının (sonuncu kitab Holland dilində) təqdimatını edib. Deyir: “…Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə, eləcə də Əlövsət Ağalarova sonsuz təşəkkürümü bildirirəm ki, Azərbaycanın gerçək həqiqətlərinin dünyaya yayılmasında hər şeyi edirlər, bizlərə dəstək olurlar… Onu da deyim ki, sonuncu kitab hollandlı, təqaüddə olan müəllim, yazıçı Henri van Rens təfəfindən tərcümə olunmuşdur…”.
Həmsöhbətimiz onu da bildirdi ki, həmin gecə həyatını itirən qadın və uşaqların həyat və ölüm anını təsvir edən bu kitab iştirakçıların böyük marağına səbəb olub. Kitab bir çox dillərə tərcümə olunsa da, məhz Holland dilinə tərcümə olmasının əsas səbəbi Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsi olmuşdur. Həqiqiqətən də, Ədalətin ocağı sayılan Niderland Xocalı Soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin ədalətin hökmü ilə cəzalanmasını təmin etməlidir. Amma çox təəssüf ki, bir çox ölkələr, eləcə də Niderland Krallığı hələ də Xocalı Soyqırımının Ədalət çağırışına susur…
Yasəmən MƏMMƏDLİ