20 Oktyabr 2025 / 21:55

Ölüm hökmünün bərpasına hazırlaşan Qırğızıstana BMT çağırış edib

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Tyurk Qırğızıstan hakimiyyətini ölüm hökmünün bərpası səylərini dərhal dayandırmağa çağırıb və belə bir reqressiv addımın beynəlxalq hüququn ciddi şəkildə pozulması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Tezadlar.az  xəbər verir ki,  bu barədə BMT-nin Mərkəzi Asiya üzrə İnsan Haqları Ofisi məlumat yayıb.

“Mən Qırğızıstan hakimiyyətini ölüm hökmünün bərpası ilə bağlı təkliflərdən imtina etməyə və bunun əvəzinə öz səylərini qanunun effektiv qorunmasına, ədalət mühakiməsinə və təzminatlara adekvat çıxışın təmin edilməsinə yönəltməyə çağırıram”, – deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirib.

Qeyd edək ki, Qırğızıstan 1998-ci ildə ölüm cəzasını ləğv edib və  2010-cu ildə Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokolunu ratifikasiya etdikdən sonra onu qanunla həmişəlik qadağan etdi.

Bu müqavilə iştirakçı ölkələrə ölüm hökmünü ləğv etmək üçün bütün lazımi tədbirləri görmək öhdəliyi qoyur.

Qırğızıstan mətbuatının yazdığına görə, prezident Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib. Bu təşəbbüsə sentyabrın 27-də oğurlanaraq zorlanan 17 yaşlı Aysuluu Mukaşevanın qətli səbəb olub. Bu faciə ölkədə geniş ictimai rezonans yaradıb.

Bildirilir ki, Qırğızıstan Konstitusiyasına ölkədə ölüm hökmünün bərpasını nəzərdə tutan düzəlişlər artıq ictimai müzakirəyə çıxarılıb.

Qırğızıstan həmçinin BMT-nin ölüm cəzasını ləğv edən Protokolunun ratifikasiyasını geri götürməyi planlaşdırır.

Bu təkliflərin yaxın həftələrdə referenduma çıxarılacağı və təsdiqlənəcəyi təqdirdə, parlamentə təqdim ediləcəyi gözlənilir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!