Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qış fəslinin soyuq bir günündə Əli Kərim adına Sumqayıt “Poeziya evi”ndə istedadlı şair Zirəddin Qafarlının 70 illik yubileyi və yenicə işıq üzü görmüş “Ömrüm nağıl oldu” kitabının təqdimat mərasimi keçirildi.
Zirəddin Qafarlıya həsr olunmuş tədbirdə ölkənin ziyalıları, poeziyasevərlər və şairin qələm həmkarları da iştirak edirdi.
Şairlə görüşü Sumqayıt “Poeziya Evi”nin direktoru şair İbrahim İlyaslı açaraq Z. Qafarlının Azərbaycan ədəbiyyatındakı rolu, yaradıcılığı, poeziyamızdakı mövqeyi haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Yubiley tədbirində yaddaşlardan heç vaxt silinməyəcək unudulmaz anlar yaşandı.
Tədbirdə şairin qələmdaşları ilə yanaşı, Moskvada – M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda birgə təhsil aldıqları tələbə yoldaşları olmuş şairlərdən Murad Köhnəqala və Nazir Əhmədli də iştirak edirdi.
Həmçinin Sumqayıt şəhər İca Hakimiyyətinin əməkdaşları, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist İzaməddin Bağırov və digər tədbir iştirakçıları da şair haqqında ürək sözlərini bildirdilər. Aktyor İzaməddin Bağırov şairin bir neçə şeirini söylədi.
“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov ” Mikayıl Azaflı-100″ medalını yubilyara təqdim edərək şairi bu gözəl gün münasibətilə ürəkdən təbrik etdi.
Aşıq Şəhriyar Qaraxanlı telli sazda şairin şeirlərinə bəstələnmiş mahnıları böyük həvəslə ifa etdi. Şairin sazlı-sözlü 70 illik yubileyi və yenicə çapdan çıxmış kitabının təqdimatı çox yüksək səviyyədə keçirildi.
Tədbir boyunca çıxış edən şairlərdən Əşrəf Veysəlli, Musa Ələkbərli, İslam Sadıq, Rəfail İncəyurd, Rafiq Yusifoğlu, Əkbər Qoşalı, Aləmzər Sadıqqızı, Xatirə Əziz, Almaz Ərgünəş Bəyazid, Lilpar Cəmşidqızı, Fuad Biləsuvarlı və digər qonaqlar çıxış edərək Zirəddin Qafarlı ilə bağlı neçə-neçə xoş xatirələrini, fikirlərini qonaqlar ilə bölüşdülər. Şair Zirəddin Qafarlıya həsr olunmuş yubiley gecəsində həmyerlisi, şeirlərinin oxucusu və dostu, millət vəkili Aydın Hüseynov da iştirak edirdi. Hörmətli Aydın bəy də şairlə bağlı xatirələrini söylədi. Çıxışının sonunda yubilyara həyatın ən şirin neməti olan can sağlığı, yaradıcılığında isə bol-bol uğurlar dilədi.
Azərbaycan Yazıçılar Birliyinin adından “Ulduz” jurnalının şöbə müdiri Dayandur Sevgin və Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin rəhbəri Gülnarə Cəmaləddin mənsub olduqları təşkilatın hədiyyəsini yubilyara təqdim etdi, həmçinin arzularını, ürək sözlərini də söyləməyi unutmadı.
Çox gözəl duyğularla, xatirələrlə yaddaşlara həkk olan, unudulmayan görüşün sonunda Zirəddin Qafarlı yenicə işıq üzü görmüş “Ömrüm nağıl oldu” kitabını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etdi.
Sonda isə xatirə şəkilləri çəkildi. Beləcə, yadda qalan anlarla tanınmış şair Zirəddin Qafarlıyla keçirilən görüş xoş əhval-ruhiyyə ilə başa çatdı.
Şair həmkarım Zirəddin Qafarlını həm 70 illik yubileyi münasibətilə, həm də yeni kitabının işıq üzü görməsilə bağlı söylənilən bütün təbriklərə mən də qoşuluram.
Dəyərli insan, istedadlı şair, SÖZ Adamı, hörmətli həmkarım Zirəddin Qafarlını ömrünün bu əlamətdar, bu unudulmaz günü münasibətilə ürəkdən təbrik edir, ona həyatın ən şirin neməti olan can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Xatirə Əziz Rəhimli
Şair-jurnalist
Bakı-Sumqayıt-Bakı