Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dəyişən şəhər, dəyişən dəyərlər
Bir zamanlar öz qonaqpərvərliyi, sakit axşamları və ailəvi dəyərləri ilə seçilən paytaxtımız Bakı indi tamamilə fərqli bir mənzərə təqdim edir. Gecə saatlarında şəhərin mərkəzinə doğru addımlayan hər bir vətəndaşın ağlında eyni sual baş qaldırır: biz nə vaxt belə dəyişdik, nə zaman bu qədər yadlaşdıq özümüzə?

Bir vaxtlar İçərişəhərin sakitliyi, Fəvvarələr Meydanının səliqəli görünüşü, Dənizkənarı Bulvarın ailəvi gəzintilərlə dolu mənzərəsi Bakı həyatının əsas diqqətçəkən mənzərəsi idi. İndi isə, şəhərin mərkəzi sanki başqa bir həyat tərzinin, başqa bir mədəniyyətin səhnəsinə çevrilib. Artıq bu məkan ailəvi istirahət üçün uyğun bir yer təsiri bağışlamır. Küçələrdə, restoranlarda və açıq hava məkanlarında rast gəlinən mentalitetə zidd mənzərələr cəmiyyətdə ciddi narahatlıq doğurur.
Ən çox da bəzi gənc xanımların davranış və geyim tərzindəki açıq-saçıqlıq, xarici vətəndaşlarla ünsiyyət həddindən artıq sərbəstlik diqqət çəkir. Bütün bunlar cəmiyyətin əsas dayaqlarından olan milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edir. Söhbət təkcə zahiri görünüşdən getmir, bu, həm də düşüncə tərzinin, dünyagörüşünün sürətlə qərbləşməsi, bəzən isə süni şəkildə qərbləşmənin təzahürüdür.
Əlbəttə, hər bir fərdin şəxsi həyatı, geyimi və davranışı üzərində azadlığı var. Amma ictimai məkan elə bir sahədir ki, burada sərgilənən hərəkətlər yalnız fərdin deyil, bütün cəmiyyətə təsir edir. Küçədəki bir mənzərə, restorandakı qeyri etik bir davranış, bunlar ətrafda olan yüzlərlə gəncin, yeniyetmənin yaddaşında iz buraxır. Onlar nəyin normal, nəyin qəbuledilməz olduğunu ətrafdakı həyatdan öyrənirlər.
Əgər biz uşaqlarımıza, gələcək nəsillərə sağlam düşüncə, mənəviyyat və əxlaq təqdim etmək istəyiriksə, ilk növbədə öz ictimai məkanlarımızda bu dəyərlərə sahiblənməliyik. Çünki dəyərlərin aşınması səssiz bir prosesdir, insan onu yalnız itirdikdən sonra hiss edir. Və o zaman artıq gec ola bilər.
Bu gün Bakının mərkəzində yaşanan mənzərələr, siqaret və içki ilə küçədə sərbəst dolaşan xanımlar, münasibətlərin açıq nümayişi, bəzən də bayağılığın “azadlıq” adı altında nümayişi, bizi gələcək haqqında düşünməyə vadar etməlidir. Əgər bu mənzərə adi hala çevrilibsə, deməli, biz bu normanı özümüz yaratmışıq, ya susaraq, ya da biganəliklə.

Təəssüf ki, bəzi xarici vətəndaşlar da ölkəmizdəki bu “sərbəst mühitdən” sui-istifadə edirlər. Öz ölkələrində ictimai nəzarətin və hüquqi çərçivələrin imkan vermədiyi davranışları burada açıq şəkildə nümayiş etdirməkdən çəkinmirlər. Kirayə yaşadıqları binaların balkonlarına yarıçılpaq şəkildə çıxmaq, gecə saatlarında səs-küylü yığıncaqlar keçirmək, ətraf mühitə, yerli insanlara qarşı hörmətsiz münasibət göstərmək, artıq nadir hallardan sayılmır. Bu mənzərələr həm binada yaşayan digər sakinlərin gündəlik rahatlığını pozur, həm də ümumi ictimai əxlaqın sarsılmasına rəvac verir.
Daha da düşündürücü olan odur ki, bu cür davranışlara nə hüquqi, nə də ictimai reaksiya verilir. Sanki bu hallar artıq cəmiyyətin qəbul etdiyi bir normaya çevrilib. Və bu vəziyyətdə ən böyük məsuliyyət xaricilərdə deyil, bizdədir.
Məsələ heç də hansısa bir millətə qarşı aqressiya, yaxud “biz və onlar” ayrı-seçkiliyi yaratmaq deyil. Məsələ öz milli kimliyimizi necə tez və necə könüllü şəkildə əldən verdiyimizdədir. Əgər bir cəmiyyət yad davranışları sorğulamadan susaraq qəbul edirsə, deməli, artıq öz dəyərlərinə qarşı içdən soyuma prosesi başlayıb. Və bu soyuma nə qədər dərinə gedərsə, geri dönüş bir o qədər çətin olacaq.

Bu gün küçədə baş verənlər sabahın normalarına çevrilir. Əgər bu gün dəyərlərin aşınmasına qarşı fikir bildirməsək, sabah övladlarımız bu yeni “norma”lar içində böyüyəcək. Onlar üçün ailə dəyərləri, əxlaq, cəmiyyətə hörmət, artıq keçmişin nostalji anlayışları kimi görünəcək.
Burada nə senzura tələb olunur, nə də qadağalar. Söhbət bir xalqın kimliyindən gedir. Söhbət Bakının üzərinə çəkilən süni görüntülərdən deyil, onun əsil simasının qorunmasından gedir. Əgər bu gün bir valideyn ailəsi ilə şəhərə çıxmaqdan çəkinirsə, bu artıq sadəcə estetik yox, mənəvi bir böhrandır. Və bu böhran qarşısında səssiz qalmaq cəmiyyət olaraq vicdanın da, məsuliyyətin də tərk edilməsidir.
Unutmamalıyıq ki, azadlıq nə qədər dəyərlidirsə, o qədər də məsuliyyətlidir. İnsan olmaq, seçim haqqına sahib çıxmaq deməkdirsə, vətəndaş olmaq, bu seçimin nəticələrinə cavabdehlik deməkdir. Əgər biz, doğrudan da, bu şəhəri, bu ölkəni, bu milləti seviriksə, dəyərlərimizi qorumağı da bacarmalıyıq. Çünki yalnız dəyərlərlə formalaşan bir cəmiyyət, sabaha sağlam və ümidlə baxa bilər.
Və bəlkə də, indi – elə bu yazını oxuyarkən, həmin o dönüş nöqtəsindəyik. Ya susacağıq, ya da dəyərlərimizə sahib çıxacağıq. Seçim bizimdir.
Elşad FƏRMANOĞLU