Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarı müsbət qarşıladığını deyib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Paşinyan bu qərarın regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Bu sülh region üçün çox vacibdir”. O, həmçinin qeyd edib ki, forum region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır və bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşıb. Sitat: “Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolu açılacaq”.
N.Paşinyan bəyan edib ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir: “Regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahı möhkəmləndirəcək. Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək”.
Ermənistan müxalifcikləri isə Paşinyanı bu çıxışına görə tənqid etməyə başlayıblar. Görünür, onlar Bakı təcridxanasındakı həmfikirlilərinin aqibətini düzgün anlamırlar. Vardanyanla əlaqələri olsaydı, onları separatçılığın və işğalçılığın nə demək olduğunu başa salmaq asan olardı.
XALİQ