Paşinyanın Rusiyaya səfəri – Putinlə görüşü iki hədəfə hesablanmışdı… Birincisi, seçki öncəsi Rusiya ilə münasibətləri normallaşdırmaq, ən azı daxili auditoriyaya, xüsusilə Moskvaya “bel bağlayan” müxalifətə Putinlə “probleminin olmadığı” mesajını vermək;
İkincisi, Rusiyanın seçki prosesinə müdaxiləsini neytrallaşdımaq;
Seçki öncəsi gərginliyin kəskinləşməsi fonunda Putinlə “təmasların davam etdiyi” pozu Paşinyan hakimiyyətinə lazımlıdır. Çünki əsas opponentləri Moskva ilə dərin əlaqələrə malikdir: Putinlə şəxsi dostluğu olan Robert Koçaryan onun dəstəyi ilə hakimiyyət dəyişikliyinə ümid edir; yeni “siyasi qüvvə” hesab olunan rusiyalı miyarder Samvel Karapetyanın İrəvanda “Kreml missiyası”nı icra etdiyi sirr deyil; Paşinyanın kilsə ilə mübarizəsində də Rusiya Qaregin dəstəsinin yanındadır;
Ermənistan hakimiyyəti seçkidə mümkün riskləri müxalifətin bağlı olduğu ölkədə həll etmək istəyir. Hərçənd, görüşdə Putinin səsləndirdiyi fikirlər fonunda buna nə qədər nail olduğunu demək çətindir. Putin “Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirak etməsini”, həmçinin, “Rusiyada yaşayan 2 milyon erməninin də səsvermə hüququnun təmin edilməsini” istəməklə Rusiyapərəst qüvvələrin yanında olduğunun mesajını verdi. Bununla yanaşı, “Ermənistanın Avrasiya İqtisadi İttifaqında olduğu halda Avropa İttifaqına üzlüklə bağlı müzakirələri” qəbuledilməz adlandırmaqla İrəvanın siyasi oriyentasiyasından narazılığını dilə gətirdi.
Paşinyan üçün ürəkaçan olmayan görüşdəki polemika, xüsusilə Putinin dedikləri Rusiyanın Ermənistandakı seçkiləri ən azı mövqelərini gücləndirmək fürsəti kimi gördüyünü deməyə əsas verir. Bunu İrəvanda da anlayırlar, Ermənistan hakimiyyətinin Avropa İttifaqından dəstək istəməsi, Brüsselin Moldova ssenarisinə əsasən İrəvana “xüsusi missiya” göndərmək planı da bundan qaynaqlanır… Və belə görünür ki, 7 iyun seçkilərində Ermənistan Rusiya və Qərb qarşıdurmasının əsas mərkəzinə çevriləcək.
Asif NƏRİMANLI