10 Sentyabr 2025 / 22:17

Qara dəniz–Xəzər forumu: “MALBI-trans” Azərbaycanda tərəfdaşlıq planını müzakirə edir

Çexiyanın “MALBI-trans” şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirir.

Bunu “Tezadlar”a şirkətin baş direktoru Liliana Krutonoq Bakıda keçirilən “Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur” konfransı çərçivəsində bildirib.

O, xatırladıb ki, şirkət bu yaxınlarda Orta Dəhlizin inkişafı çərçivəsində Rumıniyanın “Carpatica Feroviar” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəd yeni müntəzəm xidmətlərin istifadəyə verilməsini nəzərdə tutur.

“Razılaşmanın məqsədi Konstansa limanının yükünü artırmaqdır. Biz artıq bu dəhlizdə işləyən tərəfdaşlarımızın mövcud xidmətlərini inkişaf etdirmək niyyətindəyik və birbaşa əlaqəni təmin etməklə həm öz yükümüzü, həm də tərəfdaşlarımızın yüklərini daşımaq üçün Konstansa limanına marşrutları genişləndirmək istəyirik”, – L.Krutonoq qeyd edib.

Onun sözlərinə görə, şirkət Azərbaycan tərəfi ilə birgə müəssisə yaratmaq üçün bir neçə təklif alıb.

“İndi hər şeyi diqqətlə təhlil etmək istəyirik, ola bilsin, müsbət qərar verərik. Bu, ilk addımdır. İkinci addım forumun yeni iştirakçıları ilə aktiv danışıqlardır: bu il burada çoxlu yeni şirkətlər və oyunçular var. O cümlədən bir neçə Qazaxıstan şirkəti əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Ümumilikdə, əsas məqsədimiz Orta Dəhliz üzrə Avropa yüklərinin həcmini maksimum dərəcədə artırmaqdır. Bunun üzərində işləyirik. Avropada olduğumuzdan biz, təbii ki, Çindən idxal edirik, lakin prioritet Avropa məhsullarının Orta Dəhliz vasitəsilə Çin, Qazaxıstan və Mərkəzi Asiya ölkələrinə ixracıdır”, – “MALBI-trans” rəhbəri əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!