…O vaxtlar, yəni Sovetlər dönəmində Xankəndi şəhərində yaradılmış Xankəndi Pedaqoji İnstutuna qəbul olmaq istəyən gənclərin say- hesabı yox idi. Xatırladım ki, bu Instutut 1969-cu ildən Azərbaycan SSR-nin tərkibində fəaliyyət göstərmiş ali məktəb idi. Bu ali məktəb V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitunun filialı kimi fəaliyyət göstərmiş, 1973-cü ildə isə müstəqil ali məktəbə çevrilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayonun işğalından sonra bu ali təhsil müəssəsi fəaliyyətini faktiki dayandırmışdır. İşğal dövründə Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərmişdir. Bu İnstitun əvvəlki adları 1969-V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun Stepanakert filialı, 1973-Stepanakert Dövlət Pedaqoji İnstitutu, 1988-Kirovakan Dövlət Pedaqoji İnstitunun Stepanakert şöbəsi adlanmışdır.
XXX
…Qarabağ müharibəsi başlayandan sonra bu Insitutun keşmiş məzunu Vaqif Allahverdiyevlə görüşüb o illərə boylanaraq söhbət edirik:
– Vaqif müəllim, Xankəndi Pedaqoji İnstitunu neçənci ildə bitirmisiniz? Əmək fəaliyyətinizə haradan başladınız? Xankəndi İnstitutu yaddaşınızda necə qaldı? O İnstitutda ən yüksək təqaüdü almaq yüzlərlə tələbənin arzusu idi, elə deyilmi?
-Cavab olaraq bildirirəm ki, mən 1981–ci ildə Xankəndi Pedoqoji İnstitutunun filologiya fakültəsini bitirib təyinatla Ağcabədi rayonuna göndərilmişəm. Həmin ildən Ağcabədi rayonu Təzəkənd kənd orta məktəbində ixtisasım üzrə fəaliyyətə başlamışam. 1982– ci ildə Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dissertant qəbul olunub 2000–ci ildə ” Müasir Aərbaycan poeziyasının inkişaf problemləri”(1945-1955–ci illər) adlı dissertasiya mövzusunu müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2004–cü ildə isə dosent elmi adını almışam. 3 monoqrafiyanın, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 şeirlər və məqalələr toplusunun, 50–dən artıq elmi məqalənin müəllifiyəm, müntəzəm olaraq Poeziya antalogiyası kitablarında şeirlərim çap olunur. 2024–cü ildən AYB–nin üzvüyəm. Xankəndi mənim ücün çox doğmadı, ilk gənclik illərim, tələbəlik həyatım orda kecib…
-Xankəndinin azad olduğu xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Oranı ziyarət edəndə necə? Qarabağ Univeristetində işləmək istəyi ürəyinizdən keçdimi?
-O hissləri sözlə ifadə etmək olmur. Qarışıq hisslərin ağuşunda idim…
Mənfur düşmənlərdən azad olduqdan sonra ilk olaraq Xankəndi səfərimdə doğma təhsil ocağımı ziyarət etdim. Mən o torpaqlarımıza, doğma yurd yerlərimizə qayıdacağımız günü səbirsizliklə gözləyir və inanırdım ki, gec- tez biz qayıdacağıq. Bu sevinci bizə yaşadan qəhrəman şəhidlərimizə uca Allahdan rəhmət, Ali Baş Komandanımız Cənab İlham Əliyevə can sağlığı, qazilərimizə şəfa diləyirəm. Bu gün Qarabağımızın hər yerində gedən quruculuq işləri böyük uğurla həyata kecirilir, qaçqın və köçkün həyatı keçirən həmvətənlilərimiz öz doğma yurdlarına qayıdır, həyat öz axarına düşür. Mən də öz pedoqoji fəaliyyətimi vaxtilə təhsil aldığım Xankəndidə, Qarabağ Universitetində davam etdirməyi özümə borc bilir və bu illər ərzində bu arzu ilə yaşamışam. Bəli, mən 1977–ci ildə Xankəndi Pedoqoji İnstitutuna qəbul olub 1981–ci ildə müvəffəqiyyətlə bitirmişəm. Oxuduğum illərdə o vaxtkı ən yüksək adlı təqaüd olan ”Lenin” təqaüdü ilə oxumuş və eyni zamanda qrup nümayəndəsi olmuşam.
– Bu Institut da köçkünlük həyatını yaşayıb. Haralarda fəaliyyət göstərib?
-Bu gün mənim fəaliyyət göstərdiyim ADPU–nun Ağcabədi filialı vaxtilə Xankəndində fəaliyyət göstərmiş ali təhsil ocağıdır. 1988–ci il məlum Qarabağ hadisələrindən sonra Azərbaycan bölməsi Şuşa şəhərinə köcmüş N.Tusi adına ADPU–nun Şuşa filiali kimi fəaliyyət göstərmiş, Şuşa işğal olduqdan sonra isə Ağcabədi şəhərinə gəlmiş, Texniki Peşə məktəbinin binasında yerləşib çətin bir şəraitdə öz fəaliyyətini davam etdirmiş və doğma Xankəndimizə qayıdacağı günü səbrsizliklə gözləmişdir.
– Qarabağ Univeristeti fəaliyyətə başlamışdır. Birləşmək vaxtı çatıbmı?
-Çox şükür, bu gün artıq Xankəndimizdə Qarabağ Universiteti fəaliyyətə başlamışdır. İnanıram ki, bizim fəaliyyət göstərdiyimiz ADPU–nun Ağcabədi filialının da Qarabağ Universitetinə birləşməsi vaxtı gəlib çatmışdır.
-Hansı şəraitdə fəaliyyət göstərirsiniz? Tələbələrinizin sayı nə qədərdir? Orada yüksək balla qəbul olanan tələbələr varmı?
-30 ildən artıqdır ki, biz bunu gözləyirik 1000(min) nəfərdən çox tələbəmiz olduğuna baxmayaraq tələbə yataqxanası hələki yoxdur. 16 nəfər fəlsəfə doktoru, 12 nəfər dosent fəaliyyət göstərir, filialımızın əsas tələbə heyətini Ağcabədi, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Beyləqan, Kəlbəcər, Tərtər, Ağdərə, Bərdə, Zərdab rayonlarından gələn tələbələr təşkil edir. Filialda bir fakültədə (pedoqoji) 10 ixtisas üzrə 50 nəfərdən artıq müəllim, 1030 tələbə, 60 nəfərdən artıq texniki işçi fəaliyyət göstərir. Bu il ən yüksək 602,2 balla tələbə qəbulumuz olub… Bəli, yolumuz və gözümüz Qarabağadır…
Söhbətləşdi: Səriyyə Müslümqızı,
“Təzadlar”ın Qarabağ üzrə xüsusi müxbiri