26 Sentyabr 2025 / 00:06

Qarabağ Universitetində tələbələrlə unudulmaz tarixi görüş- FOTOLAR

…Günümüz yağışlı bir payız səhəri ilə açıldı, sanki göydən nur yağırdı. Yolumuz Qarabağadır… Və tarixi zəfərimizin bu məkanında tələbə adını qazanmış nclərə yaxınlaşanda  həyacanlı olsalar da, üz-gözlərindən sevinc və nur yağdığının şahidi oldum.

 Tələbələrin arasında pilləkanları qalxan, uzun saçları kürəyində dalğalanan bir qızın cingiltili səslə “Axır ki, arzularım çin oldu. Artıq bu universitetdə oxuyacam!”,- deyərək sevinclə “Allahıma çox şükür!”- söylədiyini eşitdim. Tələbələr çox olduğundan bu səsin sahibini tapa bilmədim.

Pilləkanları qalxaraq akt zalına daxıl oluruq… Hamı həyəcanlıdr! Hamının üzü gülür, hamı təbəssümlüdür… Bayırda payızın nur yağışı, içəridə- universitetin zalında isə Qarabağa ünvanlı nurlu sifətlər, təbəssümlü üzlər…

XXX

…Qarabağ Univeristetindəki akt zalı tələbələrlə doludur… Xatırladım: ilk dəfə 1969-cu ildə fəaliyyətə başlayan bu təhsil ocağı APİ- nin filialı idi. Sovet Azərbaycanının 60 illiyi adını daşıyırdı. Onda bu ali təhsil ocağında oxuyan tələbələr yalnız müəllimlik ixtisasına yiyələnirdilər. Bu gün isə tələbələr burda müasir biliklərə yiyələnəcək, ən təcrübəli müəllimlərdən dərs alacaqlar, əcnəbi  dil bilgilərinə sahiblənəcəklər. Gələcəyin kadrları burda- bu Zəfər torpağında yetişəcək!

 Bu gün isə hər kəsin yaddaşına ömürlük həkk olunacaq.

XXX

 Bir neçə dəqiqədən sonra tədbir başladı. Tədbirdə Azərbaycanın himni səsləndi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Aparıcı ilk çıxış üçün sözü  Qarabağ Universitetinin rektoru Şahin Bayramova verdi.

Rektor Qarabağ Universitetinə yeni qəbul olunmuş 1-ci kurs tələbələrini təbrik edərək bu Universiteti seçdikləri üçün onlara minətdarlığını bildirdi. Şahin Bayramov ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin müvafiq Sərancamı ilə Xankəndidə Qarabağ Universitetinin  yaradılmasından danışdı… Sonra Universitetdəki tələbələr və pedaqoji komanda üçün yaradılan bütün şəraitə görə cənab Prezident İlham Əliyevə dərin minətdarlığını çatdırdı.

XXX

Bəli, Qarabağ Universitetinin əsas misssiyası və strateji hədəflərindən biri kimi təqdim  olunan yeni akademik məzunlardan, eləcə də müasir elmi universitetliyin idarəetmə modellərindən söhbət açan Ş.Bayramov bu təhsil ocağında təhsil almağın tarixi şans və qürur mənbəyi olduğunu vurğuladı. Universitetdə aparılan islahatların və dünyəvi öyrətmə üslublarının sayəsində böyük uğurların qazanılacağına inamını ifadə edən rektor bunun müasir universitet quruculuğunda bir baza olacağını söylədi. Rektor ötən tədris ilindəki naliyyətlərə də toxundu. Sonra tələbələri bir daha təbrik edərək onlara gələcək təhsil və tələbəlik həyatında uğurlar arzuladı.

Sonra söz Qarabağ  Universiteti Klinikasının baş həkimi, Tibb və sağlamlıq elmləri fakültəsinin dekan müavini İkram Rüstəmova verildi. İ.Rüstəmov tələbələri təbrik edərək onların bu universiteti seçdikləri üçün əsl cəsarətlilik və təəssübkeşlik nümunəsi göstərdiklərini xüsusilə qeyd etdi. Onu da diqqətə çatdırdı ki, fakültə gələcəkdə dünya səviyyəli kadrlar hazırlayacaq. Sitat: “…Burda tələbələrə nəzəriyyə ilə praktikanın vəhdətindən doğan biliklər və vərdişlər aşılanır. Çalışacağıq ki, dünya səviyyəli tibb fakültəsini yaradaq. Elə bir fakültə ki, xarici ölkələrdən də bura tələbə axını olsun… Həm həkim, həm tibb bacısı, həm də tibb qardaşı ixtisasına yiyələnən gənclər burda yetişəcək. Heç bir həkim təcrübəli, bilikli tibb bacısı, yaxud tibb qardaşı olmadan heç nə edə bilməz…”.

O da məlum oldu ki, fakültədə 90 tələbə oxuyur. Müəllimlərin və inzibati əməkdaşların sayı isə 22 nəfərdir.

Qeyd edim ki, görüşdə Tibb və sağlamlıq elmləri, İncəsənət, Mühəndislik, Humanitar  və sosial, Pedaqoji və İqtisadiyyat fakültələrin tələbələri, fakültə dekanları, eləcə də akademik və inzibati heyət də iştirak edirdi.

Öyrəndim ki, ötən müddətdə tələbələrin akademik və sosial mühitə tez alışması üçün müxtəlif metodlardan da istifadə olunub. Universitetdə tanıma və öyrənmə günləri təşkil olunub. Bu məqsədlə də tələbələr Xankəndi şəhərinin əsas məkanları və iaşə obyektləri ilə, eləcə də universitetin tədris binaları, fakultələrin strukturu… ilə yaxından tanış olublar, həmçinin tədrisin təşkili qaydalarını qiymətləndirmə meyarları ilə, dərs cədvəli və s. digər məsələlərlə məlumatlandırılıblar.

Ən maraqlı məqam: az əvvəl barəsində söz açdığım kimi, Universitetin qarşısında gördüyüm həmin qıza söz veriləndə onu daha yaxından tanıdım. 

 Ayla Səfərova 684 bal toplayaraq  bu universiteti seçib. O, çıxışında Universiteti də yaxşı qiymətlərlə bitirəcəyinə əmin olduğunu bildirdi.

 Beləcə, bu tarixi görüş sona yetdi. Universitetin dəhlizində tələbələrdən biri rektora yaxınlaşaraq “Adım Rəvanə, soyadım isə İbrahimovadır.  Ötən il Ağdam rayonundakı  görüş zamanı Sizin “Bizim Qarabağ Univeristeti ailəsinə sizin kimi gənclər lazımdır  çağırışınız mənim həyat yoluma işıq saldı. Çox sevinirəm ki, artıq Qarabağ Univeristetinin tələbəsiyəm. İqtisadiyyat fakültəsində oxuyacağam…”,- deyərək Ş.Bayramova kövrək arzularını çatdırdı.

Sonra əlavə etdi: “…Himnimizdə qürurla oxudum və xatırladığım şəhidlərimizin haqqı ödənilməz! Var olsun dövlətimiz və dövlət başçımız!”

Belə kövrək duyğulu, böyük arzularla dolu çıxış bu günün tələbəliyi deyil, həm də gələcəyimizin etibarlı dayanıqlığı və etimadlı mütəxəssisliyi deməkdir!

Uğurlarınız bol olsun, əziz tələbələr!

Səriyyə MÜSLÜMQIZI,

Xankəndi, Qarabağ Universiteti

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!