Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 14:42

“Qarabağ”dan Tarixi Zəfər…

Bu, təkcə bir klubun uğuru deyil, Azərbaycan futbolunun Avropa nəhəngləri ilə eyni səviyyədə mübarizə apara biləcəyinin növbəti sübutudur…

ARAYIŞ: Səbinə İlham qızı Bağırova  Xəzər  Universitetinin məzunudur. Jurnalist peşəsinə çox böyük marağı var. Bəzi televiziyalarda təcrübə də keçib. Amma “Qarabağ” futbol klubuna olan sonsuz sevgisindən yaranan bu yazı jurnalist kimi ilk qələm təcrübəsidir.

 Gənc Səbinənin gələcəkdə peşəkar jurnalist olacağına heç şübhəm yoxdur. “Təzadlar” belə istedadlı gənclərə həmişə meydan verib. İnanırıq ki, Səbinə xanım müxtəlif mövzuda olan növbəti yazıları ilə bizləri sevindirəcək. İndi isə gənc Səbinənin ilk qələm təcrübəsi olan yazısını olduğu kimi təqdim edirik. Uğurlar olsun!

***

Azərbaycan futbolunun qüruru “Qarabağ”, UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti parlaq səhifəsini yazdı. Çempionlar Liqasının Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan VII turun qarşılaşmasında “Köhlən atlar” Almaniyanın güclü “Ayntraxt”

(Frankfurt) komandasını dramatik mübarizədə 3:2 hesabı ilə məğlub edərək bütün ölkəyə bayram sevinci yaşatdı.

Oyunun Qəhrəmanları və Dramatik Anlar

 Matç hər iki tərəfin sürətli hücumları ilə başladı. “Qarabağ”ın heyətində Kamilo Duran gecəyə damğasını vuran adlardan biri oldu. O, həm oyunun açılışında (4-cü dəqiqə), həm də 80-ci dəqiqədə vurduğu qollarla dubl edərək, rəqib müdafiəsini çarəsiz qoydu. Lakin qonaqlar da təslim olmaq niyyətində deyildilər. Can Uzun və Qaibinin qolları ilə hesab bərabərləşəndə stadionda gərginlik pik həddə çatmışdı. Amma “Qarabağ”ın “son dəqiqə ruhu” yenidən özünü göstərdi.

90+4: Bəhlulun Qızıl Qolu

Oyunun taleyi uzatma dəqiqələrində həll olundu. Bəhlul Mustafazadə 90+4-cü dəqiqədə rəqib qapısına vurduğu qolla “Qarabağ”a möhtəşəm 3 xalı qazandırdı. Bu qol həm də stadiondakı minlərlə azarkeşin coşqusunu göylərə qaldırdı.

Turnir Cədvəlində Yeni Üfüqlər

Bu qələbə sayəsində Qurban Qurbanovun yetirmələri xallarının sayını 10-a çatdıraraq, növbəti mərhələ üçün şanslarını daha da möhkəmləndirdilər. Bu, təkcə bir klubun uğuru deyil, Azərbaycan futbolunun Avropa nəhəngləri ilə eyni səviyyədə mübarizə apara biləcəyinin növbəti sübutudur. Növbəti Dayanacaq: “Enfild”. “Qarabağ”ın qarşısında indi daha böyük bir sınaq durur. Komandamız yanvarın 29-da İngiltərədə dünya futbolunun məbədlərindən biri sayılan “Enfild” stadionunda “Liverpulun qonağı olacaq. Bakıdakı bu qələbə ruhu ilə İngiltərədən də başıuca dönəcəyinə inamımız sarsılmazdır!

Eşq olsun “Qarabağ”a!

Səbinə BAĞIROVA

Təqdim etdi: Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!