…1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş vermiş faciə Azərbaycan tarixində unudulmaz bir iz buraxdı. “Qarakənd faciəsi” kimi xatırlanan hadisədə, Azərbaycan dövlətinin rəhbər şəxslərini və yüksək rütbəli nümayəndələrini daşıyan Mİ-8 N72 helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu. Helikopterin havada vurulması nəticəsində Azərbaycan Respublikasının dövlət müşaviri və sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Daxili İşlər nazirinin müavini Saylau Serikov və Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də daxil olmaqla 22 nəfər həlak oldu. Faciə yalnız dövlət nümayəndələrimizi deyil, eyni zamanda Azərbaycanın milli iradəsini də sarsıtdı.

Həmin gün Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağda keçiriləcək Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün yola düşmüşdü. Bu iclasın məqsədi Qarabağ münaqişəsi zamanı hər iki tərəfin mövqelərini qiymətləndirmək və bölgədəki vəziyyətlə tanış olmaq idi. Lakin helikopterin rabitəsi kəsilmiş, ilkin məlumatlar yalnız altı saat sonra Prezident Aparatına çatmışdı. Helikopter dumanlı havada uçarkən qayalara çırpılmış, sonrakı istintaq nəticələrinə görə, helikopterin gövdəsində raket partlayışına uyğun izlər aşkar edilmişdi. Bu faciə terror aktı və diversiya kimi qiymətləndirildi. Xocavənd və ətraf ərazilərdə hadisədən sonra hərbi və jurnalist qrupların səfəri məhdudlaşdırılmış, meyitlərin bəzilərinin əsl vəziyyəti uzun müddət gizlədilmişdi. İlk mərhələdə cəsədlərin bir hissəsi tam tanınıb, qalanlarının şəxsiyyəti ekspertiza nəticəsində müəyyən edilmişdi.
Hadisənin baş verməsinə qədərki günlərdə Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirilmiş, Qarabağ münaqişəsinin həll yolları müzakirə olunmuşdu. Bu görüşdən sonra Azərbaycanın Təhlükəsizlik Şurasının səyyar iclası üçün Dağlıq Qarabağa nümayəndələr seçilmişdi. İlkin siyahılar hazırlanmış, lakin son anda siyahıya dəyişikliklər edilmişdi. Dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə seçilmiş nümayəndələr bölgəyə yola düşdü. Helikopterin uçuşu zamanı təhlükəsizlik təmin edilməmiş, müşayiət helikopteri olmadan N72 nömrəli Mİ-8 havaya qalxmışdı
Faciədən sonra Azərbaycanda geniş ictimai etirazlar baş verdi, xalq qəzəblə və hüznlə Qarabağda baş verənlərə reaksiyasını göstərdi. Qarakənd faciəsi Azərbaycanın müstəqilliyini qorumaq uğrunda verdiyi mübarizədə ağır zərbə oldu. Həlak olan şəxslərin bir çoxu dövlətimizin formalaşmasında, hüquqi və siyasi sahədə mühüm rol oynamışdılar. Həyatlarını itirsələr də, onların xidmətləri və şücaətləri tariximizdə əbədi qalacaq. Bu gün həmin hadisənin təsiri hələ də hiss olunur və Qarakənd faciəsi Azərbaycan xalqının yaddaşında silinməz bir qara ləkə kimi qalır. Faciənin baş verdiyi ərazi və şəhidlərimizin xatirəsi gələcək nəsillər üçün dərs, həm də vətənpərvərlik nümunəsidir.
Göründüyü kimi, Qarakənddə həyatını itirmiş dövlət xadimləri, millət vəkilləri və jurnalistlərin xatirəsi hər birimizin qəlbində yaşamağa davam edir. Biz, Azərbaycan vətəndaşları olaraq, onların xidmətlərini unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu səbəbdən hörmətli cənab Prezidentimizdən xahiş edirik ki, Qarakənd faciəsində həlak olmuş bütün vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə həmin ərazidə abidələr ucaldılsın. Belə bir addım yalnız onların xatirəsini yad etmək deyil, həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsi göstərmək olacaq.
İmdad BAYRAMOV,
Psixologiya elmləri doktoru