4 Sentyabr 2025 / 23:14

Qayalardan boylanan tariximiz –  “Qobustan mənzərələri” adlı etüd-sərgi təşkil olundu

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qobustan mənzərələri” adlı etüd-sərgi təşkil olundu.

TEZADLAR.AZ  xəbər verir ki, etüd-sərgidə azərbaycanlı rəssamlarla yanaşı, qardaş Türkiyədən gələn rəssamlar  – “Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği”nin rəhbəri  Hatice Erdi, Salma Akyüz, Mücella Ersoy, Remziye Kurttürk də iştirak edirdilər.

Dəvətlilər mezolit dövrü  əhalisinin yaşayış məskəni hesab olunan Qobustanı ziyarət etdilər. Əvvəlcə 4535 hektar əraziyə malik Qobustan Qoruğunda Prezident İlham Əliyevin 2011-ci ildə vermiş olduğu Sərəncamla tikilib istifadəyə verilmiş yeni muzey ilə tanış oldular. Sensor ekranlı monitorlar və 3D elementlərlə zənginləşdirilmiş 12 ekspozisiya zalından ibarət  olan  muzeyin bələdçisi  qoruğ barədə qonaqları ətraflı məlumatlandırdı.

Haşiyə: Qeyd edək ki, Qobustanda aparılmış arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20-yə yaxın yaşayış məskəni və 40 kurqan aşkar edilmişdir. Qazıntılar zamanı əldə olunmuş 100000-dən çox artefakt qoruğun fondlarında qorunur. “Qobustan Milli Tarix-Bədii Qoruğu” 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

***

…Daha sonra qonaqlar qoruğun ərazisindəki qayalıqlarda qədim insan məskənləri ilə, qayaüstü rəsmlər -heyvan və insan təsvirləri, kollektiv əmək, rəqs, ov səhnələri, damğa və işarələrin təsviri, həmçinin ”Qaval daş”la da yaxından tanış oldular, lazım olan bilgiləri əldə etdilər. Eyni zamanda ərazidəki dörd məzar daşının tarixini də öyrəndilər.

Qoruğla tanışlıq zamanı türkiyəli qonaqlar qədim yaşayış məskəninə, ərazinin heyrətamiz gözəl mənzərəsinə heyranlıqlarını dilə gətirdilər.

Ərazidə diqqət çəkən məqamlardan biri isə qayalıqlarda müxtəlif ağacların, həm də əncir, nar kimi meyvə ağaclarının bitməsi, bar verməsi və uzun illər ərzində mövcudluğu idi. Qoruğun əməkdaşları tərəfindən son dərəcə titizliklə qorunan, nəzarət edilən ərazidə ziyarətçilərin rahatlığı üçün də hər cürə şərait yaradılıb.

Tariximizin bir parçası olan bu qoruğu əcnəbi turistlər sevərək ziyarət edir. Bu gün də qoruğun xeyli əcnəbi turist ziyarətçisi var idi.  Bakının bir addımlığında – 65 kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Qobustan Milli Tarix-Bədii Qoruğu” ilə hər bir azərbaycanlının canlı olaraq tanış olması vacibdir. Bir zamanlar, hətta bölgə məktəblərinin tarix müəllimləri belə Qobustana ekskursiyalar təşkil edirdilər. İndi də bir çox məktəb şagirdləri, ali məktəb tələbələri kollektiv şəkildə qoruğu ziyarət edirlər. Lakin təəssüf ki, bunu bütün təhsil ocaqlarına aid etmək olmaz…

 

***

Gəzintidən sonra qonaqlar Qobustan qayalıqlarında qoruğun bir-birindən gözəl mənzərələrinin rəsmini çəkdilər, daha sonra süfrə ətrafında təəssüratlarını bölüşdülər.

Sonda Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova yüksək səviyyədə qarşılanma və bələdçinin ətraflı məlumatına görə, “Qobustan Milli Tarix-Bədii Qoruğu”nun rəhbəri Vüqar İsayevə təşəkkürünü bildirdi və etüd-sərginin iştirakçıları sertifikatlarla təltif edildilər. Öz növbəsində, “Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği”nin rəhbəri  Hatice Erdi xanım da dəvətə və qonaqpərvərliyə görə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya və “Qobustan Milli Tarix-Bədii Qoruğu”nun rəhbəri Vüqar İsayevə minnətdarlığını bildirdi.

Diqqətinizə çatdırmaq istərdim ki, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və layihə rəhbəri Aygün Əzizovanın olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində təşkil edilən etüd-sərgilər ardıcıl olaraq həyata keçirilməkdədir. Və bu sərgilərin yüksək səviyyədə təşkili məhz onların gərgin əməyi, Vətənə olan sonsuz sevgiləri sayəsində ərsəyə gəlir.

 

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!