4 Sentyabr 2025 / 23:17

Qobustan qayalıqlarında bitən və bar verən nar ağacı…

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qobustan mənzərələri” adlı etüd-sərgiyə Türkiyədən gələn “Ankara Rüzgarı Kültür Sanat ve Yaşamı Destekleme Derneği”sinin rəhbəri  Hatice Erdi, Salma Akyüz, Mücella Ersoy, Remziye Kurttürk və yerli rəssamlarla yanaşı “Təzadlar” qəzetinin əməkdaşı olaraq mən də dəvət edilmişdim. Etüd -sərgi “Qobustan Milli Tarix-Bədii Qoruğu”nda təşkil edilmişdi.

Prezident İlham Əliyevin 2011-ci ildə vermiş olduğu Sərəncamla yenidən  istifadəyə verilmiş muzey müasir üslubda sensor ekranlı monitorlar və 3D elementlərlə zənginləşdirilmişdir.  Muzeyin həyətində qamışdan hazırlanmış komalar, qədim insan heykəlləri, heyvan kəllələri,  dağlıq ərazidəki qayaüstü rəsmlər, mağaralar, qədim insanların ilk ocaq yerləri, ətrafdakı mənzərə ilə tanışlıq bura ilk dəfə qədəm basan insanlara bənzərsiz hisslər yaşadır. Burada təkcə insan olaraq keçmişlə üzüzə durmursan, həm də Vətənimizin hər daşının, hər qayasının tariximizin qədimliyindən xəbər verdiyini bir daha dərk edirsən.

Doğrudan da Qobustan qayalıqlarından, eyni zamanda turistlərin rahat şəkildə üzərinə qalxaraq  ətrafı seyr etməsi üçün inşa edilmiş külafirəngidən uzaqlara dalmaq inanılmaz gözəldir: buradan ətraf sanki sonsuzluğadək uzanır və təbiətin qeyri-adi dərəcədə möhtəşəm mənzərəsi arxa plandakı nəhəng qayalar fonunda insanı valeh edir.  Bu gözəlliyi – görüntünü, yalnız bu heyrətamiz məkanı  ziyarət edənlər görə bilər, hiss edər, yaşaya bilər…

…Burda qayalar arasında bitən ağaclar da diqqətdən qaçmır. Meyvə ağaclarını, xüsusilə nar ağacını burada görmək çox maraqlıdır. Ərazidə yol kənarında bol  bar vermiş nar ağacını görmüşdüm, lakin qayalıqda bitən tənha, amma üzərində bir neçə dənə meyvəsi olan  nar ağacını gördükdə, sözün düzü təəccübləndim. Bu tənha nar ağacı belə bəzən quraqlığa, istiyə, susuzluğa baxmayaraq, dözüb və köklərini qurumağı bacarmışdı…

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!