Dünən Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, yəhudi əsilli şair – dramaturq Simax Şeydanın xatirəsinə həsr olunmuş “Simax Şeyda yaradıcılığında Vətən məhəbbəti” adlı tədbir keçirildi.
Tədbirdə Simax Şeydanın ailə üzvləri, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, baş redaktorun müavini Elçin Məmmədli, yazıçı Altay Məmmədovun oğlu Elcan Məmmədov, İsak Xanukov adına Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yequşva Semnduyev, “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədov, qubalı yazarlar, kitabxana əməkdaşları, fəal oxucular və başqaları iştirak edirdi.
Dünən
tezadlar.az saytında tədbir barədə qısa məlumat vermişdik. Əlavə edək ki, dünən əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Saməddin Nəsirov tədbiri açaraq qonaqları salamladıqdan sonra Simax Şeydanın həyat və yaradıcılığından söhbət açaraq bildirdi ki, Azərbaycan və Yəhudi dillərində yazıb yaradan şairin 35-dən çox kitabı işıq üzü görüb. Sitat: “…Dağ yəhudisi olmasına baxmayaraq Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb…”.

Tədbirdə çıxış edənlər – “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, “Təzadlar” qəzetinin baş redaktor müavini Elçin Məmmədli, yazıçı Altay Məmmədovun oğlu Elcan Məmmədov, İsak Xanukov adına Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yequşva Semnduyev, “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədov, həmçinin qubalı yazarlar, kitabxana əməkdaşları çıxışında Simax Şeyda haqqında xatirələrini söylədilər. Simax Şeydanın uşaqlar üçün qələmə aldığı və tədbirdə səsləndirilən beş mənzum pyesindən parçalar oxucular tərəfindən rəğbətlə qarşılandı.
Daha sonra Simax Şeydanın bacısı Zibeydə Yuşvayeva çıxış edərək qardaşı haqqında xatirələrini danışdı.
Tədbir çərçivəsində Simax Şeydanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu, şairin məşhur şeirlərindən parçalar səsləndirildi. Sonda yazıçının ailə üzvləri keçirilən tədbirə görə kitabxana rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirdilər.
Tədbirin sonunda “Yəhudi əsilli Azərbaycan şairi Simax Şeyda” adlı sərgiyə baxış keçirildi, xatirə şəkli çəkdirildi…
Yasəmən MƏMMƏDLİ
(Bakı-Quba-Bakı)