Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təzadlar.az xəbər verir ki, paytaxtın Suraxanı rayonunun Qum adası yaşayış massivində elektrik enerjisi ilə bağlı yaranan problemlər sakinlərin səbrini daşırıb. İşığın tez-tez yanıb sönməsi və gərginliyin aşağı olması nəticəsində məişət texnikalarının sıradan çıxması əhali arasında ciddi narazılığa səbəb olub.

Sakinlər artıq aidiyyəti qurumların məsuliyyətsizliyinə etiraz olaraq kəskin tədbirlər görmək niyyətindədirlər. Onların sözlərinə görə, vəziyyət dəyişməzsə, yol bağlamaq kimi etiraz aksiyalarına başlamağa hazırdırlar.
Ərazidə yaşayan Saleh adlı sakin başına gələnləri belə izah edir: “Ötən gecə kondisionerim gərginliyin tez-tez sönüb-yanması səbəbindən yandı. Ailə büdcəmiz güclə çatır, belə cihazları yenidən almaq asan deyil. Amma 20 qəpik borcumuz olan kimi Azərişıq əməkdaşları dərhal gəlib işığı kəsirlər. Bəs bu cür nasazlıqlara görə cavabdeh kimdir? Bu ziyanı indi Azərişıq ödəyəcəkmi?”
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Suraxanı rayon şöbəsinə müraciət etdik. İlk olaraq qurumun satış şöbəsinin müdiri Anar müəllimlə görüşdüm. O, bu problemin onların səlahiyyətində olmadığını deyərək məsələni texniki istismar üzrə şöbəyə yönləndirdi və əlavə etdi: “Bu, şəbəkə ilə bağlı məsələdir. Mən sizin əlaqə nömrənizi götürüb şəbəkə üzrə rəis Eldar müəllimə yönləndirəcəyəm.”

Anar müəllimin sözlərinə görə, ərazidəki transformator faktiki olaraq 300–500 ailə üçün nəzərdə tutulub. Lakin əhali sürətlə artdığı üçün mövcud infrastruktur tələbatı ödəyə bilmir: Anar müəllim: “Səhəri açırsan, görürsən yenə bir neçə ev tikilib. Mən hər dəfə əraziyə gedəndə yeni evlərlə qarşılaşıram. Bu səbəbdən enerji çatdırıla bilmir, gərginlik zəifləyir. Transformatorların yenilənməsi və yenidən layihələndirilməsi vacibdir.”
Bundan sonra problemin operativ şəkildə texniki şöbəyə çatdırıldığı bildirildi. Texniki istismar üzrə rəis Eldar müəllimlə görüşdə isə belə cavab aldıq: Eldar müəllim: “Məsələ artıq mənə ötürülüb. Gün ərzində problem aradan qaldırılacaq.”

Daha sonra ərazi üzrə sahə rəisi Mehman müəllim də mənimlə əlaqə saxlayaraq bildirib ki, günortadan sonra əraziyə baxış keçirəcək və problemi yerində araşdıracaq.
Hazırda Qum adası sakinləri bu vədlərin nə dərəcədə yerinə yetiriləcəyini gözləyir. Onlar ümid edirlər ki, problemin qısa zamanda həllinə nail olunacaq və daha böyük narazılıq dalğasının qarşısı alınacaq.
Elşad FƏRMANOĞLU