29 Oktyabr 2025 / 14:14

Quruyan Urmiya gölü İran parlamentində də müzakirəyə çıxarıldı

İran prezidentinin ardınca İranda parlamentin üzvü də Urmiya gölünün quruması ilə bağlı hökuməti tənqid edib. Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, parlament nümayəndəsi Höccətül-İslam Baqeri hökuməti təcili tədbir görməyə çağırıb. “Danışmaq zamanı keçib, əməl vaxtıdır. İnsanlar populist işlərdən və şüarlardan beziblər. Urmiya gölü əvvəlki və indiki məsul şəxslərin hərəkətsizliyi ucbatından quruyub. Bu göl həyat və ümidin nişanəsi idi, onun quruması insanlar üçün ölüm və ümidsizlik mənasına gəlir. Urmiya gölünün dirçəldilməsi yerli rəsmilərin planı ilə mümkün deyil, burada müəyyən bir qanun tərtib olunmalıdır. Dərd də, dərman da aşkardır. Hərəkətə keçmək üçün qərar verməyin vaxtı çatıb. Son iyirmi ildə Urmiya gölünün dirçəldilməsindən məsul qurum sadəcə bu gölün qurumasına səbəb olub. Bu gölün yenidən canlandırılması sadəcə hərtərəfli bir qanunun qəbul edilməsi ilə mümkündür. Xalqın hökumətdən tələbi bununla bağlı bir layihənin tərtib olunmasıdır”, – parlament üzvü bildirib. Parlamentin digər üzvü Ruhullah Mütəfəkkir Azad da Urmiya gölünün quruması və buna məsul şəxslərin etinasızlığını sərt tənqid edib. Onun sözlərinə görə, Urmiya gölünü dirçəltmək üçün göstərilən səylər nəticə verməyib və göl hazırda duz mədəninə çevrilir.

Deputat deyib ki, gölün qurumuş yatağında duz yığılır və bu duz tozla qarışaraq 500 kilometr radiusda ərazilərə mənfi təsir göstərir.

Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 95%-i quruyub. Qum qasırğaları ətraf ərazilərdə kənd təsərrüfatı və insanların sağlamlığını təhlükə altında qoyur. Ekspertlərin fikrincə, əsaslı islahatlar aparılmasa, milyonlarla insan zəhərli duz fırtınalarına məruz qalacaq.

Bu yaxınlarda İran Prezidenti də Urmiya gölü ilə bağlı sərt danışmışdı və gölün indiki halını Əfqanıstana bənzətmişdi.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!