Mən on səkkiz yaşımda qələm götürdüm əlimə və o gündən bəri gördüyümü, duyduğumu, inandığım həqiqəti yazmaqdan heç vaxt çəkinməmişəm. Mənim üçün yazmaq var olmağın, nəfəs almanın, vicdanın diktəsidir. Hər yazımda səmimiyyətim, xarakterim, ruhumun yanğısı hiss olunur və oxucularımdan aldığım rəylərdən bilirəm ki, bunu anlayırlar. Çünki yalanın kölgəsi uzanan mühitdə səmimiyyət azadlığın ən etibarlı məkanıdır. Mən o məkanı vicdanımda və qələmimin ucunda tapmışam.
Bu gün illər əvvəl yaşadığım bir hadisəni (mən bunu hadisə kimi xatırlayıram) yazmaq istəyirəm. Yazmaqdan çox, etiraf etmək istəyirəm. İnsan bəzən susmaqla özünü xilas etdiyini sanır, halbuki susqunluq ruhu paslandırır. Mən isə pas qəbul etməyən bir ruhun sahibiyəm.
2022-ci ildə Milli Məclis orqanı olan “Azərbaycan” qəzetində çalışmağım üçün rəsmi dəvət aldım. Bu dəvət ilk başdan mənim üçün illərlə çəkilən zəhmətin doğurduğu etimadın nəticəsi sayılırdı. Bildirmək istəyirəm ki, həmin qəzetdə yazılarım o dəvətdən öncə də mütəmadi dərc olunur, “Azərbaycan” qəzeti redaksiyası tərəfindən rəğbətlə qarşılanırdı. Bu dəvət isə mənim üçün dövlətin rəsmi tribunasına çıxmaq, fikrimi millətin səsi ilə qovuşdurmaq anlamına gəlirdi.
Baş redaktor müavini İxtiyar Hüseynli ilə illərin tanışlığı, əbədi sandığım “dostluğu” vardı. Yazılarımı tez-tez redaksiyaya təqdim edir, ədəbi müzakirələrdə qələminə xüsusi dəyər verildiyini vurğulayırdı. Yaradıcılığıma istiqamət verən, “sözün məsuliyyətini çiyində daşımaq çətin olsa da, bu yük şərəf sayılır” deyən ustadım Məhəmməd Nərimanoglu da uzun illər həmin qəzetdə çalışmışdı. Mən redaksiyaya qədəm qoyanda o, artıq orada görünmürdü və orada bildim ki, o, redaksiyadan bir dəfəlik ayrılıb. Amma otaqların havasında onun nəfəsini, divarların sükutunda inciklik səsini duyurdum.
Dəvətdən sonrakı səhər iki kitabımı çantama qoyub sevinc içində redaksiyaya yollandım. “Azərbaycan” qəzeti mənim üçün Milli Məclisin rəsmi orqanı, dövlət düşüncəsinin sözlə ifadə edildiyi bir məbəd sayılırdı və bu məkana gəlişimi həm peşəkar pillə, həm də mənəvi zirvə hesab edirdim.
Xülasə, ikinci mərtəbədə yerləşən, o vaxt Milli Məclisin deputatı olan (indi seçilməmiş) baş redaktor Bəxtiyar Sadıqovun otağına daxil oldum. Qarşılaması ilk an səmimi təsiri bağışladı. Tərcümeyi-halımı danışdım, əvvəlki yazılarımı xatırlatdım, qələmim barədə xoş sözlər söylədi, “yaxşı qələm sahibisən” dedi. Mən də təvazökarlıqla fəaliyyətim, planlarım, gələcək layihələrimdən danışıb sonda iki kitabımı təqdim etdim. Elə bu anda onun üzündə ifadə dəyişdi, baxışlar dondu, gözlərinin dərinliyində xoşagəlməz narahatlığın kölgəsi göründü, səsindəki istilik çəkildi. Qəlbinin içində mənə qarşı görünməz sədd ucaldığını hiss etdim. “Noyabrın birindən işə çıxarsan” dedi və soyuq təbəssümlə görüşə nöqtə qoydu.
Otaqdan çıxarkən baxışım tavana ilişdi. Baş redaktorun masasının arxasında Ramiz Mehdiyevin kitabı iri ölçüdə böyüdülərək çərçivəyə salınmışdı və elə mərkəzdə asılmışdı ki, sanki divardan baxan adam redaktor yox, elə həmin Ramiz Mehdiyev idi. Şəkilin asılması onun ağasına etibarlılığın həddini göstərirdi. Həmin an içimdə bir səs pıçıldadı: bu divarlar arasında söz azad ruhdan çox itaət nəfəsi ilə yaşayır.
Noyabrın birində işə başladım. Kollektivin böyük hissəsi mənə doğma idi, çünki qeyd etdiyim kimi yazılarım uzun müddət həmin qəzetin səhifələrində yer almışdı. Amma ilk təəssürat həm qəribə, həm də ağır gəldi. İxtiyar Hüseynli məni kollektivə təqdim etdi və “bu masa sənin yerindir” söylədi. Həmin masa Məhəmməd Nərimanoğlunun, mənim ustadımın illərlə oturduğu, sözün və vicdanın sınaqdan keçdiyi, bir ay əvvəl isə dərin hüzünlə qalxıb istefa verdiyi yer idi. Bütün otaqlarda boş yer olduğu halda niyə mənə məhz ustadımın stolu seçilmişdi.O stula əyləşəndə gözlərim doldu, çünki bu masa yaddaşın ağrısı, incidilmiş bir ziyalının iziydi.
İlk gün başa çatdı. Səhəri şöbə müdirinə yaxınlaşıb soruşdum: “Yazı yazım?” “Yaz, sabah verərik qəzetə”, dedi.
Mövzu olaraq ilk yazımı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdim. Yazı səmimi idi, içimdən gələn düşüncələri rəsmi dövlət qəzetinin üslubuna uyğunlaşdırmışdım. Cümlələri süni bəzəklərlə yükləməmişdim, çünki Mehriban xanımın şəxsiyyəti özü zərifliyin bəzəksiz nümunəsidir. Yazını təqdim etdim. Şöbə müdiri bəyəndi: “Çox yaxşı yazmısan, İxtiyar müəllimə ötürək, sonra baş redaktora göstərilər.”

Gözlədim, cavab gəlmədi. Səhəri yenə soruşdum: “Yazının taleyi necədir?” Sualıma cavab aldım ki, “üç ay ərzində yazı verməyəcəksən, sadəcə qəzetin stilini izləyib mənimsəyəcəksən.” Mən isə dəfələrlə yazı vermişdim və qəzetin stilini çox yaxşı bilirdim.Bu cümlə içimdə sükutu sərtləşdirdi. “Nə üçün üç ay?” dedim. “Baş redaktor belə münasib görüb”, cavab eşitdim. Səbəb izah olunmadı, amma mən anladım ki, bu qərar istedada yox, sərbəst düşüncəyə kəsilən cəzadır. Mən bunlara etiraz etmədən, sadəcə işimi davam etdirdim. Müxbir kimi ilk fəaliyyətimi Birinci xanıma həsr etmişdim və buna görə qəlbim rahat idi.
Buna baxmayaraq, hər gün yenə yazırdım. Mətnləri redaksiyanın elektron ünvanına göndərir, bir nüsxəni də çap bölməsinə verirdim. Bir müddət sonra məni müavin çağırıb bildirdi ki: “Biz necə məsləhət görürüksə, kiminlə danışma, kimin adını çəkmə, yaxın getmə deyiriksə, onu edəcəksən.” Bu adların içində mənim ustadım və həyatımda mənə mayak olan, adını çəkmək istəmədiyim çox dəyərli bir ziyalı vardı. Həmin şəxs məni ora yönləndirən idi. Bir sözlə, söz azadlığının qapısına görünməz qadağalar vurulmuşdu və təbii ki, mən bunları qəbul edəcək əqidə sahibi deyiləm.
Bir hadisəni də xatırladım. İşə gəldikdən bir gün sonra stolumun üstünə Bəxtiyar Sadıqovun fotosu gətirilib qoyuldu və “bu şəkil burada qalmalıdır” söyləndi. Səbəbini soruşanda “burada qayda budur, bütün işçilərin stolunda baş redaktorun şəkli olur” bildirildi. Mən isə cavab verdim ki, masamın üstündə yalnız qələmim və vicdanım dura bilər. Gözümü hər qaldıranda bir insanın simasına yox, bir ideala baxmaq istəyirəm. Rəhbəri stolun üzərindəki çərçivədə deyil, əməl və davranışda görmək daha doğrudur.
Həmin anlardan qəti anladım ki, burası itaət mexanizmi ilə işləyən bir sistemdir. Ulu Öndərin və Cənab Prezidentin bir dənə olsun portretini otaqlardan asmağa icazə verilməmişdi. “Bəxtiyar müəllim icazə vermir”, deyilirdi, amma Ramiz Mehdiyevin kitabının böyüdülmüş fotosu dəhlizdə və onun öz otağında başının üstündə asılmışdı. Həmin ilin dekabrında Şuşa–Laçın yolunda ölkəmizin ziyalıları, gəncləri, ekoloqları və jurnalistləri ilə birgə keçirilən dinc etiraz aksiyası zamanı mən də müxbir kimi ora gedib sujet hazırlamaq istədim. Məqsədim sadə idi həqiqəti görmək,ordakı aksiya iştirakçılarından müsahibə almaq və yazmaq. Amma bu fikrimi bildirdiyim an Sadıqov məni otağına çağırdı və elə sözlər dedi ki, bir anlıq elə bildim, mən Vətənimə yox, düşmənə xidmət etməyə gedirəm.
Hər gün bu mühitdə nəfəsimin daraldığını hiss edirdim və sonda qərar verdim yolumu ayırmalıyam.
Son iş günündə Bəxtiyar Sadıqovla üz-üzə dayandım. Aylardır içimdə yığılmış sözləri səsləndirdim: “Siz mənim kimi gənclərin yaradıcılığına dəyər vermirsiniz. Bunun səbəbini də anlayıram. Başınızı qaldırıb baxın, başınızın üstündə bu ölkənin memarının, qurucusunun, Qalib Sərkərdəsinin, Birinci xanımının şəkli deyil, Ramiz Mehdiyevin kitabı iri şəkildə çərçivələnib divara vurulub. Sizin sədaqət göstərdiyiniz tərəf odur. Mənim sədaqətim isə Ulu Öndər Heydər Əliyevin ideyalarına bağlıdır. On səkkiz yaşdan o ideyalarla yazmışam; bu gün Qalib Sərkərdə İlham Əliyev və onun Zərif Gücü Mehriban xanım haqqında kitabların müəllifiyəm.
O, səsini qaldıradaq, tərəddüd etmədən qürurla cavab verdi: “Mən Ramiz Mehdiyevlə fəxr edirəm.” Bu yazını yazdıqca bu gün də həmin səs və cavab qulağımda cingildəyir. Mən isə cavabında dedim: “Mənim fəxrim 30 illik işğalda olan torpaqlarımızı bizə qaytaran bizi qalib xalq edən Qalib Sərkərdəmdir.” Mən redaksiyadan çıxarkən qapının ağzında bir daha sakit, amma fəxarətlə mənə səsləndi: “Sənin kimi on yeddi jurnalisti buradan yola salmışam.” O anda həmin jurnalistlərin adları yadıma düşdü və düşündüm ki, bəli, o jurnalistlər bu qapıdan çıxıblar, amma indi ölkə başçısının ən ali mükafatlarına layiq görülən dəyərli qələm sahibləridirlər. Bəlkə də o, fərqinə varmadan ən doğru işi görüb azad düşüncəni, vicdanla yazanları bu dar otaqlardan azad edib. Mən də o sıraya qoşuldum, çünki bəzi qapılardan çıxmaq əslində azadlığa doğru atılan ən şərəfli addımdır.
Bu, qələm ilə kölgə arasında gedən mübarizənin qısa xülasəsi idi. Həmin illərdə anladım ki, yollarımızın istiqaməti tamam fərqliymiş. O, kölgələrin sükutuna sığınıb, mən isə gün işığına sarı addımlayıram.
Bu hadisəni bu gün sizlərlə bölüşməkdə məqsədim bir şəxsi hədəfə almaq deyil, vicdan tarixinin bir səhifəsini oxucuma çatdırmaqdır. Mən bu yazıda yalnız qısa və məni ən çox sarsıdan anları qeyd etdim. Halbuki başdan-ayağa o redaksiyada gördüklərim haqsızlıq, feodal düşüncənin qalığı olan itaət sistemi, işçilərin əzilməsi, iclaslarda təhqir edilməsi, yaşlı insanların çörəklə sınağa çəkilməsi, istedadın yerinə yaltaqlığın mükafatlandırılması, səssizlərin ruhunun boğulması vicdanı olan hər kəsi narahat edəcək qədər ağır mənzərələr idi.
Bəli, hamımız bilirik ki, Ramiz Mehdiyevin uzun illər ərzində qurduğu kölgə sistemi bəzi kabinetlərdə əsasən də rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində hələ də nəfəs alır. Həmin sistemin qulları kiminin adı gizlində, kiminin üzü açıq kresloların arxasında dayanmağa çalışır. Lakin zaman dəyişir. Xalq hər şeyi daha aydın görür, gənclik qorxunu kənara qoyur, çünki sözün azad nəfəsi qorxunun ən böyük rəqibidir.
Mən əminəm ki, haqqın səsi nə qədər basdırılsa belə, bir gün səssiz divarları belə çatladır. Çox şükür mənim qələmim o divarların üzərinə yazılıb yaltaqlıqdan, qorxudan, təmənnadan uzaq.
Zaman keçəcək, amma bir həqiqət öz yerində qalacaq: Ramizlərin və onların himayə etdiyi kölgələrin izi silinməyə məhkumdur, vicdanla yazılan söz isə millətin yaddaşında yaşayacaq.
Özümü xoşbəxt insan hesab edirəm ki, mən o sözə imzamı atmışam qürurla, cəsarətlə, heç kimə baş əymədən. Çünki mənim üçün qələm ədalətin nəfəsidir, vicdanın səsi, susanların dilidir. O qələm ki, bir dəfə həqiqətin mürəkkəbinə batır, artıq heç vaxt yalanın kağızına toxunmur.
Bu gün isə Ramiz Mehdiyevə mədhiyyə yazanlar, dünən qarşısında boyun əyənlər indi yazdıqlarını bir-bir silir, özlərini mələk cildində “dövlət sevdalısı” kimi göstərirlər. Zaman dəyişəndə saxta təriflərin mürəkkəbi quruyur ey mənim yaltaqlığı bacarıq, nankorluğu ağıl, ədalətsizliyi siyasət sayan millətim, tək silinməyən isə xalqın vicdanı olur. Çünki xalqın yaddaşı heç bir senzura tanımır. O, kimin həqiqət uğrunda yandığını, kimin kreslo işığına aldanıb kölgəyə çevrildiyini çox yaxşı bilir…
Vallah, mədhiyyələr unudulur, rütbələr solur, amma vicdanın səsi ədalətin nəfəsi kimi ömürlük qalır, haqqın səsi bəzən gec gəlir, amma gələndə susqunluğu darmadağın edir…