22 Oktyabr 2025 / 13:08

Razi Nurullayev Qarabağda çalışan şirkətlərə müraciət etdi – əli hər yerdən üzülən şəxsə görə

İmişli rayonu, Yuxarı Qaralar kənd sakini İbişov Firidun İbiş oğlunun müraciəti əsasında onu qəbul edib, qayğılarını dinlədik. Vətəndaş bildirdi ki, 57 yaşı var, uzun müddətdir işsizdir. Gec ailə qurduğu üçün uşaqları azyaşlıdır və ailəsini çətinliklə dolandırır.
Tezadlar.az  xəbər verir ki, bu barədə  MCP lideri, deputat Razi Nurullayev sosial media hesabında bildirib.
Deputat paylaşımında  vurğulayıb ki, seçicisi dəfələrlə müvafiq icra qurumlarına işlə bağlı müraciət etməyinə baxmayaraq, nəticə əldə edə bilməyib.
“Məşğulluq orqanlarından isə yalnız şablon cavablar alıb. Belə müraciətlər az deyil və biz hər birinə həssaslıqla yanaşırıq. Firidun bəyin müraciətində ailə qayğısı və işləmək istəyi daha çox hiss olunduğu üçün paylaşmaq qərarına gəldim.
Amma, onun müraciətini nə rayona, nə də Məşğuluq Agentliyinə göndərəcəm. Onsuz da müsbət cavablar olmayacaq. Ölkədə məktub dövriyyəsinin artmasına töhvə verməyək. Hər bir insanın işləmək və dolanışığını təmin etmək haqqı var.
O, heç olmazsa Qarabağda gedən təmir-tikinti və quruculuq işlərində çalışmaq arzusunu bildirdi. Buradan Qarabağda fəaliyyət göstərən şirkətlərə müraciət edirəm: Bu vətəndaşla əlaqə saxlayıb, onun işlə təmin olunmasına dəstək verin. İşlə təmin etmək istəsəniz şərh bölümünə yazın və biz əlaqələndirək”,- deyə o qeyd edib.
JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!