Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli bölgələri artıq qollarını çırmalayıblar…
Son vaxtlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində bir canlanma hiss olunur. Bildiyimiz kimi, Azərbaycanın bölgələrində kənd təsərrüfatının inkişafı üçün ən vacib elementlərdən biri suyun olmasıdır. Yüzlərlə kəndli pay torpaqlarında suyun olmamasından əkin-biçinlə məşğul ola bilmir. Nəticədə kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşır. Bu məhsulların hamı üçün əlçatan olması məqsədilə kəndliyə lazım olan şərait yaradılmalıdır. Şərait yaradılmayanda isə hamı bir nəfər kimi şəhərə üz tutur. Bu da paytaxtımız olan Bakı şəhərində böyük sıxlığa səbəb olur. Vaxt var idi kənddə yaşayanlar şəhərdə yaşayanları müxtəlif ərzaq məhsulları ilə təmin edirdilər və bunun da sayəsində özlərinin də maddi vəziyyəti yaxşılaşırdı. Indi isə kəndlilər maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün şəhərə üz tuturlar. Bu isə dediyim kimi, şəhərdə ciddi problemlər yaradır. Nəticədə şəhərdə yaşayanlar kənd təsərrüfatı məhsullarına tamarzı qalırlar, kəndlilər isə işsizlik və dolanışıqdan əziyyət çəkirlər. Bəs çıxış yolu nədir?
***
…Bizim kənd camaatı, bildiyimiz kimi çox zəhmətkeşdir. Yetər ki, ona lazımi şərait yaradılsın. Yəni, əkin-biçinlə məşğul olmaq üçün ilk növbədə suyun olması olduqca vacibdir. Yaxşı olar ki, cavabdeh qurumlar bölgələrdə təsərrüfatların suvarılmasını təmin etmək üçün ciddi tədbirlər həyata keçirsinlər. Dediyim kimi, artıq Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli bölgələri bu sahədə, necə deyərlər, qollarını çırmalayıblar.

Bu günlərdə yolum doğulub, böyüdüyüm Zərdab rayonunun Yuxarı Seyidlər kəndinə düşdü. Uşaqlıqdan yadımdadır ki, kəndin düz yanından, eni haradasa 15-20 metr, dərinliyi isə 2-3 metr olan böyük su kanalı var idi. Sovet dövründə həmin kanal vasitəsilə bir çox kənd sakinlərinin əkinləri, o cümlədən kolxozun pambıq və taxıl sahələri suvarılırdı. Xüsusi nasoslar vasitəsilə, istənilən yerə suyu çatdırmaq olurdu. Özü də yadımdadır ki, hər il bu kanalın dibi ekskavator vasitəsilə qazılıb, lildən, cildən təmizlənirdi. Yəni, kanalı dayazlaşmağa qoymurdular. Bu kanalda hətta kənd sakinləri tilovla balıq da tuturdular. Ancaq çox təəssüf ki, müstəqillik illərində bu kanal baxımsız qaldı və tədricən qurumağa başladı. Son illərdə isə kanal demək olar ki, öz funksiyasını tamamilə itirmişdi.
***
…Amma qeyd etdiyim kimi, bu günlərdə yenidən kəndimizdə olarkən, tamam başqa mənzərənin şahidi oldum. Gördüm ki, köhnə kanalın yerində yeni beton kanal çəkilir. Kənd sakinləri də bundan çox razılıq edirdilər ki, nəhayət, onlar da həm həyətyanı təsərrüfat sahələrini, həm də pay torpaqlarında əkib-becərdikləri taxılı, yoncanı suvara biləcəklər. Öyrəndim ki, bu xeyirxah işi Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli bölgələri bu işlə məşğuldur. Inanıram ki, su kanalı istifadəyə veriləndən sonra, bu və ətrafda olan bir neçə kəndin, dolanışıq üzündən şəhərə getmiş sakinləri yenidən öz doğma yurdlarına qayıdacaqlar. Axı, nahaq yerə demirlər ki, “su həyatdır”. Susuz kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Dövlətimizin planında da qeyri-neft sektorunun inkişafı ön plandadır. Çox təəssüf ki, indiyə qədər bu sahəyə yetərincə diqqət ayrılmayıb. Allahın Azərbaycan xalqına bəxş etdiyi neft əbədi deyil. Müəyyən müddətdən sonra onun tükənməsi gözlənilir. Bəs ondan sonra nə edəcəyik? Deməli, kənd təsərrüfatını yüksək səviyyədə inkişaf etdirməklə büdcənin neftdən asıllığını yetərincə azaltmaq olar. Gözümüzün önündə Baltikyanı respublikaların nümunəsi var. Hamımız bilirik ki, bu 3 respublikada – Latviya, Litva və Estoniyada heç bir neft-qaz ehtiyatı yoxdur. Bu ölkələrin əsas gəlir sahəsi kənd təsərrüfatı məhsullarının istehsalıdır. Kənd təsərrüfatında istehsal olunan yüksək keyfiyyətli məhsullar Avropa ölkələrinə ixrac olunur və nəticədə həmin dövlətlərin büdcələri, el dili desək, dolub-daşır. Özü də bu ölkələrin əraziləri elə də çox deyil.

Son illər 30 illik işğaldan azad olunan Qarabağ torpaqlarının hesabına əkinə yararlı münbit torpaq sahələri xeyli artıb. Qalır bircə bu torpaqlarda işləməyə və tər tökməyə hazır olan kəndli üçün şərait yaratmaq. Bunu da bu dəfəki səfərimdə Zərdab rayonunun Yuxarı Seyidlər kəndinin timsalında gördüm. Inanıram ki, bu su kanalı istifadəyə veriləndən sonra ilk növbədə kəndli özü-özünü ərzaqla təmin edəcək, qalan məhsulları isə bazara çıxarmaqla maddi təminatını yaxşılaşdıracaq və bazarda rəqabəti gücləndirərək, ucuz məhsulların bolluğunu yaradacaq.
Məlumat üçün deyim ki, bir neçə il bundan əvvəl Quba rayonunda olarkən yerli sakinlər məhz suyun olmamasından şikayət edərək, alma bağlarında məhsulun zay olmasından danışırdılar. Bu prosesin, yəni kənd təsərrüfatının su ilə təmin olunması, inanıram ki, digər bölgələrimizdə də həyata keçiriləcək. Bunun Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli bölgələri rəhbərliyinə əvvəlcədən dərin təşəkkürümü bildirirəm. Təsəvvür edin, neçə illərdir susuzluqdan əziyyət çəkən, sovet terminologiyası ilə desək, kənd zəhmətkeşləri, görün nə qədər ziyana düşüblər. Təkcə kəndlimi? Axı, məhsul az olanda bazarda qiymətlər də baha olur və nəticədə kasıb təbəqəyə bu məhsulların üzünə həsrətlə baxmaq qalır. Bütövlükdə isə, bundan ölkə iqtisadiyyatı əziyyət çəkir. Beləliklə, bütün nüansları nəzərə alan rəhbərlik çox ciddi fəaliyyətə başlayıb. Bu yolda Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli bölgələrinin rəhbərliyinə uğurlar diləyirik. Necə deyərlər, yorulmayasınız.
Elçin MƏMMƏDLİ
Bakı-Zərdab-Bakı)