Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bilgəhdə müvəqqəti, daha dəqiq desəm, köçkün vəziyyətində yerləşən M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasının şəxsi atomobili olmayan tibb personalları gündüz saat 15:00-ə qədər, xəstə ölsə də, qalsa da, işini yarımçıq qoyub xəstəxanadan çıxmalıdır ki, göstərilən vaxtda çıxan avtobusa çata bilsinlər…
Bildiyimiz kimi, uzun müddətdir “20 yanvar” metro stansiyası yaxınlığında yerləşən M.A.Qasımov adına Respublika Klinik Xəstəxanası təmirdədir. Düzdür, bəzi şöbələri işləsə də,bir çox şöbələri isə, futbol dili ilə desək, oyundan kənar vəziyyətə düşüb. Belə ki, həmin şöbələr Bilgəh Sağlamlıq Mərkəzinin həyətində yerləşir. Kirayə pulunu kim verir, daha onu bilmirəm. Əvvala, hər insanın öz xəstəsini o qədər uzaqməsafəyə aparmağa vaxtı və imkanı yoxdur. Özü də bu xəstəxanaya əsasən rayon yerlərindən gələnlər daha çoxdur. Şəhərə nabələd olan bu insanların da, oranı gedib tapması həm müşkül məsələyə çevrilir, həm də çox böyük vaxt və pul itirir. Onu da nəzərə alaq ki, rayondan gələn xəstələr, səhər gəlib, müayinələrdən keçib, axşam qayıtmaq niyətindədirlər. Amma bu niyyət, təmirə görə xəstəxananın müəyən şöbələrinin, şəhərdən 55 km. məsafədə yerləşən Bilgəh qəsəbəsinə köçürülməsi səbəbindən baş tutmur. Nəinki rayondan gələn xəstənin, hətta şəhərdə yaşayan xəstənin də, gün ərzində Bilgəhdə müayinələrdən tam keçməsi mümkün deyil. İnsanlara, daha doğrusu xəstələrə bu qədər zülm verilməsi, nə qədər çəkəcək,hələ heç kim bilmir.
Rayondan gələn bir qohummuzun müayinəsi ilə bağlı “20 yanvar” metro stansiyası yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanasına müraciət etməli olduq. Məlum oldu ki, xəstənin müayinəsi Bilgəhdə yerləşən xəstəxana ilə bağlıdır. Məcbur olub, vaxt qazanmaq məqsədi ilə taksi tutub ora getməli olduq. Təsəvvür edirdim ki, xəstəxana müvəqqəti yerləşdiyi bina müasir tələblərə cavab verən səviyyədədir. Necə deyərlər,“Sən saydığını say, gör fələk nə sayır”. Xəstəxana deyilən yerə yaxınlaşanda, inanın ki, gözlərimlə gördüyümdən dəhşətə gəldim. Bura ümumiyyətlə, xəstəxana deyilən bir binaya oxşamırdı. Elə bil ki, rayonlarda yerləşən hansısa bir fermaya gəlmişik. Və ya 1993-cü ildə Qarabağdan məcburi köçkün olan insanların o vaxt yaşadıqları çadırlara, qaçqın şəhərciyinə gəldiyimiz zənd etdik. Yəni bu bina xəstəxanadan başqa, nəyə desən oxşayırdı. Adam inana bilmirdi ki, XXI-ci əsrdə tövləni xatırladan xəstəxana ola bilər( İstəkli oxucular, verilən şəkillərə diqqətlə baxsanız, yəqin ki, fikrimizi təsdiq edərsiniz).
Xəstəxanaya daxil olandan sonra gördük ki, nə buradaki dar dəhlizlər, nə də ki, kabinetlər xəstə qəbul eləmək üçün yetərlideyil. Öyrəndik ki, 2020-ci ildə tüğyan edən pandemiya dövründə, buranı mobil tipli xəstəxana kimi yüngül konstruksiyalı materiallardan səhra qospitalı kimi hazırlayıblar. Bunu başa düşdüm. O vaxt koronavirusa yoluxanların sayı çox olduğundan, mövcud xəstəxanalar, xəstələrin hamısını qəbul etmək gücündə deyildi. Ona görə də əlavə bu tipli mobil xəstəxanaların yaranması və fəaliyyət göstərilməsi başa düşülən idi. Şükür Allaha ki, indi pandemiya yoxdur və belə xəstəxanaların da fəaliyyət göstərməsinə ehtiyac qalmayıb. Amma görünür TƏBİB rəhbərliyinin bu mobil tipli xəstəxanalarının yığışdırılmasına heyfi qəlib. Tam səmimiyyətimlə deyirəm ki, burada xəstələrin müayinəsi və müalicəsi üçün heç bir şərait yoxdur. Burada rentgen, KT, MRT deyilən müayinə otaqlarını yuxuda təsəvvür etmək olar.
Şəhərdən olduqca uzaq bir məsafədə yerləşən həmin xəstəxanaya getmək üçün normal marşrut avtobusu da yoxdur. Olan marşrut avtobusu isə, oradan xeyli uzaq bir yoldan keçir. Hələ bu azmış kimi həkim və tibb bacılarının da ah-naləsi sanki göyə bilənd olur. Bu insanların əksəriyyəti şəhərin mərkəzində və yaxın qəsəbələrdə yaşayır, bəzilərin evləri isə, düz xəstəxananın ətrafında yerləşir. Bu həkim və tibb bacılarının bəziləri öz şəxsi avtomobilləri ilə, hər gün təxminən 55 km. yolu səhər gəlib, axşam qayıdırlar ki, bu da nə qədər benzinin sərfi deməkdir. Deməli, bu insanlar aldıqları maaşı yollara xərcləmələdirlər. Maşını olmayan tibb personalları isə, gündüz saat 15:00-ə qədər, xəstə ölsə də, qalsa da işini yarımçıq qoyub,xəstəxanadan çıxmalıdır ki, göstərilən vaxtda çəxan avto0busa çata bilsin. Çünki onlar üçün ayrılan avtobus saat 15:00-da xəstəxanadan çıxmalıdır. Hansısa bir xəstənin müayinəsinə görə 5 dəqiqə gecikdinsə, avtobus gedəcək. Onda əlac qalır öz “xodunla” getməyə ki, bu da şəhərdəki evinə gedib çatmaq üçün, Səhiyyə işçilərinə ən azı 3 saat vaxt lazımdır.

Bizim də xəstənin müayinəsini saat 15:00-ə qədər tam yekunlaşdıra bilmədiyimiz üçün, ikincü gün də o qədər yolu şəhərdən basa-basa yenə gəlməli olduq. Halbu ki, həkimin bizim xəstə ilə cəmi 10-15 dəqiqəlik işi qalmışdı. Yazıq həkim bizdən dönə-dönə üzr istəyib, özünü avtobusa çatdırdı. Məhz bu 10-15 dəqiqəyə görə, səhər yenə yarım gün vaxtımızı itirməli olduq. Rayondan gələn xəstənin də özünün taksi ilə gəlib-getmək qrafiki var. Rayondan gələn taksilər səhər müştəriləri gətirirlər, axşam da aparırlar. Dediyimiz həmin o 10-15-dəqiqəyə görə xəstə həmin gün taksi ilə qayıda bilmədi.
Bəli, adı xəstəxana olub, özünün isə xəstəxanadan elə Bilgəh qədər uzaq olan bu yeri hansı ağıllı icad edib? Məgər Bakının mərkəzində və ya yaxın ətraf qəsəbələrdə xəstəxananın müvəqqəti yerləşməsi üçün bir bina tapılmadı? Vallah, ayıbdır.
Bir ayıb da “20 yanvar” metro stansiyası ətrafındaki M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında illərlə təmir aparanlara olsun. Hələ bu az imiş kimi, bu xəstəxanaya gələnlərə də zülm yaşadırlar. Belə ki, təmirdən əvvəl xəstəxananın bir giriş qapısı da “20 yanvar” metro stansiyasının keşmiş “Azərsu”yun qarşısında olan çıxışına açılırdı. Təmir başlayandan həm insanlar, həm də maşınlar üçün olan o qapını da bağlayıblar. İndi ağır və yüngül xəstələr metrodan çıxandan sonra, üzü yoxuşa, təxminən 200 metr yolu ləhləyə-ləhləyə çıxmalıdır və oradan xəstəxananın Şərifzadə küçəsinə açılan qapısına çatmalıdır. Axı xəstələrə və onları gətirən insanlara zülm verən, belə lazımsız və ağılsız qərarları kim verir? Xəstəxananın həyətinə açılan qapı niyə bağlanmalıdır axı? Həm xəstəxananın əsas korpusunun yarıdan çoxunun Bilgəhdə yerləşməsi, həm də təmirin bu qədər uzanmasının cəfasını xəstələr, onlarla bərabər həkimlər və tibb bacıları çəkirlər. Bu yazıqlar işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər. Təmirə cavabdeh şəxslər isə, öz keflərindədirlər. Təmir nə qədər çox uzansa, ciblərinə axan pulların həcmi də bir o qədər çox olacaq. Ona görə də qərara gəlmişik ki, təmirin necə aparılması, nə qədər pulun ayrılması və həmin pulların təyinatı üzrə xərclənib-xərclənməməsi barədə jurnalist araşdırması aparaq. İnanıram ki, burada çox böyük miqdarda yeyinti faktlarını araşdıra biləcəyik. Bəli, kimlərsə böyük qazanc əldə edir, kimlərsə isə, uzaq yollar qət eləməklə, cəhənnəm əzabıyaşayırlar.
Bu xəstəxana da, bir çox səhiyyə ocaqları kimi TƏBİB-in nəzdindədir. Xəstəxanların TƏBİB-in nəzdinə keçməsindən sonra, həm xidmətdə, həm də dərman preparatlarının təminatında çox ciddi problemlər yaşanır. Artıq bu barədə jurnalist araşdırmasına başlamışıq. Yəni bu, başqa mövzudur. Tezliklə M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında illərlə aparılan təmir və yeyinti, həmçinin TƏBİB-in xəstəxanalara iynələrin, dərmanların niyə verilməməsi barədəaraşdırmalarımızın nəticəsi olaraq, çox maraqlı yazılarımızı oxuyacaqsınız. Bizi izləyin.
Elçin MƏMMƏDLİ