Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2025 / 08:01

Rusiya son hadisələr fonunda erməniləri Azərbaycana qarşı qaldırmaq istəyir?

Saakaşvilidən sensasion açıqlama gəlib. “Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir”,- deyən sabiq prezident Ukrayna kəşfiyyatına istinadla deyib: “Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur”.

 Saakaşvili hesab edir ki, həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər: “Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geridönülməz şəkildə tabe etmək”. Onun fikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor Zemskovun teleqramını dərc edib. Kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü (Ermənistan) şəhərindəki Rusiya hərbi bazasının tam komplektasiya yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var.

Ən maraqlısı, qeyd edilir ki, teleqramda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili tam komplektləşdirilməsi üçün tədbirlərin siyahısı göstərilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!