Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili həbsdə olduğu “Vivamed” xəstəxanasından xalqa yazılı müraciət ünvanlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, sabiq prezident 4 ildir həbsdə olduğunu xatırladaraq, Gürcüstana dönüşünün səbəblərindən, keçirdiyi çətinliklərdən və gələcəyə inamından danışıb. O, vətəndaşları 4 oktybrda Rustaveli prospektində keçiriləcək aksiyaya qatılmağa çağırıb. Saakaşvili bildirib ki, 2021-ci ildə Ukraynadakı komfortlu həyatını tərk edib Gürcüstana qayıtmaq qərarını, ölkəsinin “çox sürətli tempdə məhv olduğunu” görərək verib: “Niyə Ukraynada – çox hörmət gördüyüm və yüksək maaş aldığım, prezident Zelenskinin administrasiyasında işlədiyim yeri tərk etdim? Sadəcə artıq Gürcüstanın sürətlə məhv olmasını izləyə bilmirdim”, – deyə Saakaşvili qeyd edib.
O, 2021-ci ilin payızında Kiyevdəki evini, vəzifəsini tərk etdiyini və birbaşa Odessaya yola düşdüyünü qeyd edib. Oradan isə Gürcüstana bərə ilə qayıdıb. Saakaşvili vurğulayıb ki, bu onun ilk dönüş cəhdi deyildi. Bir il əvvəl – parlament seçkiləri ərəfəsində də ölkəyə gizli qayıtmağa çalışmış, lakin pis hava şəraiti və təhlükəsizlik riski səbəbilə geri qayıtmaq məcburiyyətində qalıb. “Mən artıq kənardan, təhlükəsiz məsafədən mübarizəyə çağırmağın ədalətli olmadığını düşünürdüm. Bu səbəbdən öz ‘dərimi’ (canımı) bu mübarizəyə qoymağa qərar verdim”, – deyə sabiq prezident əlavə edib.
O, həmçinin həbsdə olduğu illər ərzində üzləşdiyi şəraitdən danışaraq, telefon danışıqlarına və dostları ilə görüşlərə qadağa qoyulduğunu qeyd edib. Bildirib ki, dəfələrlə həyatına təhlükə yaranıb, hətta zəhərlənib və fiziki zorakılığa məruz qalıb: “Buna baxmayaraq, döyüş ruhum bir an belə tükənməyib – nə ölümün astanasında olanda, nə də indi.” Saakaşvili qeyd edib ki, bu illər ərzində bir çox gənc fəalla tanış olub və onların ona böyük motivasiya verdiyini bildirib: “Onlar mənə enerji verir və mənim borcumdur ki, onlara dəstək olum – yeni Gürcüstanın qurulmasında yanlarında olum.” Sonda o, ictimaiyyəti 4 oktyabrda Rustaveli prospektində keçiriləcək mitinqə qatılmağa çağırıb: “Hamı Rustaveliyə – Gürcüstan və azadlıq üçün!”