Sabah oktyabrın 1-dən şəhər sərnişin nəqliyyatında Metro da daxil olmaqla, gediş haqqı 20 faiz artırılır.
Nə olub, indi ki, mühərrik yanacaqlarının qiyməti artmayıb, heç maaş və pensiyalar, sosial ödənişlər də artmayıb ki, görməmiş kimi artımı dərhal cibimizdən “qırxırlar”.
Bu dəfə “əmma”lar həmişəkindən daha çoxdur. “Əmma”nın yekəsi odur ki, bu məsələ rəsmi surətdə Tarif Şurasının vəzifəsi olduğu halda, bu dəfə qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verib. “Əmma”sını bilən varsa, açıqlasın.
İkincisi, mühərrikkərdə dizel yanacağı qaz və elektrik enerjisindən baha olmasına baxmayaraq, həmin yanacaqla işləyən avtobuslarda (2025-ci ilin yanvarından sonra istehsal edilən dizel avtobuslar istisna olmaqla) gediş haqqı artırılmır, qaz və elektriklə işləyən avtobuslarda isə artırılır. Göründüyü kimi, bu hoqqanın iqtisadi əsası yoxdur, qurdalayanda məlum olur ki, rahat qazanc məhz həmin dizellə işləyən köhnə avtobuslardan gəlir.
Bir az da keçmişi qurdalayaq, görək nə çıxır. Gediş haqqı 2009-cu ildəki 5 qəpikdən indiki 60 qəpiyədək 12 dəfə artıb.
O dövrdəki minimal əmək haqqı isə 75 manatdan 400 manatadək, yəni 5.3 dəfə artıb. Yəni nisbət götürsək (12 : 5.3=2.3) son 16 ildə ancaq sərnişin nəqliyyatında gediş haqqı ölkədəki minimum əmək haqqından 2.3 dəfə çox artıb.
Mən, ancaq bir elementi müqayisə elədim. Ərzaq və sənaye mallarının, xidmətlərin, kommunal tariflərin, vergi, rüsum, cərimə və ümumiyyətlə hər şeyin qiymətinin cibimizə nisbətən fantastik artımını görmək üçün mənim kimi iqtisadçı olmağa ehtiyac yoxdur.
Sonda daha bir detal. Son vaxtlar ölkədə ORTA əmək haqqının min manatdan çox olduğu deyilir. Məsələni çox uzatmamaq üçün məlum “xalq kələm dolması yeyir” lətifəsini yada salın və bu mövzunu da beləcə qapadaq getsin…
Etibar ƏLİYEV,
iqtisadçı