6 Aprel 2026 / 12:43

“Sabir Rüstəmxanlı ilə Nüsrət Kəsəmənli harda erməni görürdü, dava salıb döyürdülər”

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik-19-CU HİSSƏ:

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/sehla-adli-qizin-memmed-arazi-kovrelden-mektubunda-neler-yazilmisdi-18-ci-hisse/

1 sentyabr – Gəzinti vaxtı sual verdim:

– Məmməd, Səməd Vurğun haqqında xatirən qurtardı?

– Yox, hələ var. Bir dəfə yazıçıların plenumuna hazırlıqla əlaqədar “Natəvan” klubunda yığıncaq keçirilirdi. Onda Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, məsul katibi Əli Vəliyev idi.

Biz cavanlar – Sərdar Əsəd, Famil Mehdi, İlyas Tapdıq, Tofiq Bayram  belə yığıncaqlara gedərdik. Hamıdan əvvəl gəlib Rəsul Rza oturdu. Sonra  Anarla Nigar xanım gəldi. Səməd Vurğun onlara yaxınlaşıb Nigar xanımla görüşdü. Sonra Anara tərəf dönüb soruşdu:

– Anar, mən yaxşı şairəm, yoxsa Rəsul?

– Rəsul, – deyə, – Anar cavab verdi.

Hamı Anarın kəsə cavabına gülüşdü.

İclas başlandı. Cəfər Xəndan məruzəçi idi. Məruzə qurtarandan sonra zalda narazılıq oldu. Onda tərəflər arasında – Süleyman Rəhimov, Səməd Vurğun, Əli Vəliyev, Mirzə İbrahimov arasında çəkişmələr vardı. Mirzə İbrahimov iclasa gəlməmişdi. Cəfər Xəndanın məruzəsindən razı qalmamışdılar. Əli Vəliyev dedi:

– Elmlər doktoru, universitetin rektoru, tənqidçi Cəfər Xəndandan başqa məruzəni kimə verməli idim ki?

Həmin iclasda MK-da təbliğat şöbəsinin müdiri Cəfər Cəfərov çıxış etdi. O, Stalin mükafatına göndərilməsi nəzərdə tutulan əsərlərin sənədlərini hazırlayıb vaxtında MK-ya göndərilməməsində Yazıçılar İttifaqını təqsirləndirdi. Cəfər Cəfərov çıxış edəndə Səməd Vurğun da zalda oturmuşdu. O, Cəfərovun çıxışına replikalarla cavab verirdi. Sonra dözə bilməyib ayağa durdu, papiros çəkə-çəkə qapıya yaxınlaşdı, papirosu zibil qabına atdı və voobşe yazıçıya məsləhət lazım deyil,  deyib çıxıb getdi. O vaxt bu, böyük cəsarət idi.

Məmməd Rahim mənə Səmədlə bağlı belə bir əhvalat danışmışdı:

– “Vaqif” əsəri Stalin mükafatına təqdim olunmaq üçün əvvəlcə Yazıçılar İttifaqında müzakirə edildi. Bəzi yazıçılar əsərin müasir tələblərə cavab vermədiyini deyib mükafata layiq olmadığını söylədilər. Sonra əsərin müzakirəsi Mircəfər Bağırovun iştirakı ilə keçirildi. Yenə də  əsəri tənqid edib məsələni tamamilə ayrı səmtə döndərdilər. Onda Əli Vəliyev durub dedi:

– Səməd Vurğun xalqımızın ən böyük şairidir, ən böyük şairi olaraq qalacaq, əsəri də mükafata layiqdir.

Sonra fasilə elan olundu. Fasilədən qayıdanlar gördülər ki, Səməd Vurğun Mircəfər Bağırovla oturub çay içir. Bunu görən yığıncaqdakılar əsəri tərifləməyə başladılar.

Yaşlı yazıçılar həmişə söhbət edərdilər ki, Mircəfər Bağırov yazıçıların fəaliyyətini tənqid edib deyirmiş:

– Yazıçılar sosializmi yaxşı təbliğ etmir, gələcəyi, kommunizmi əsərlərində yaxşı əks etdirmir və sair.

Onda Səməd Vurğun söz alıb çıxış edər, zal alqışlarla sözünü kəsər, Səməd təzədən danışardı. Yenə də alqışlayardılar. Onda Bağırov da məcbur olub əl çalarmış.

2 sentyabr – Məmmədə Nüsrət Kəsəmənlinin ruhlarla danışığı haqqında yazılmış  məqaləni oxudum. Məqalənin adı “Məni birinci həyatımda balta ilə öldürüblər!” idi.     Məmməd dedi:

– Nə olsun, o, özünü elə inandırır, başqasına ziyanı dəymir ki, qoy elə fikirləşsin. Nüsrətin axır vaxtlar yazdığı şeirlərindən xəbərim yoxdur. Əvvəllər yaxşı yazırdı. İndiki nəslin özündən əvvəlki şairlərdən öyrənmək imkanı var. Hüseyn Arifi, Bəxtiyarı, məni  oxuyub bəhrələnirlər.

– Necə ki, Nizami məktəbi, Füzuli məktəbi, hə kişi?

Güldü Məmməd:

– Hə, məktəbin  Nizami, Füzuli kimi başçıları qalır, qalanları isə tökülür.

Orta məktəbdə oxuyanda S. Vurğunu o qədər tərifləyirdilər ki, şairin bu şöhrətinə vurulurduq, şeir yazmağa həvəslənirdik. Mən də o zaman “Ararat” adında bir şeir yazdım. Şeirin məzmunu belə idi ki, Ararat dağı kapitalistlərin əlində göz yaşı tökür, azad deyil, nə bilim nə, nə. Şeiri Şahbuzda çıxan “Sosializm maldarlığı”, – ada bax a, əlavə etdi – qəzetinə apardım. Qəzetin redaktoru Bayram Qurbanov idi. Kişi mənə dedi:

– Ay Məmməd, axı belə sözlər yazmazlar, onlar bizim qardaşlarımızdır.  Fikrini, sözlərini mənə elə incə şəkildə çatdırdı ki, yəni başa saldı ki, türklər bizim qardaşımızdır. Sonralar Bayram Qurbanovu görəndə şeirimə görə xəcalət çəkirdim.

3 sentaybr – Məmməd Araz, işdə yanına gəlib gedən olubmu?

– Bəli, bir ağbaş kişi idi, adını bilmədim. Salamdan sonra aşağıdakı sözləri döşədi qabırğama ki, mən də şeir yazırdım, gördüm ki, xalqıma xəyanət edirəm, daha qələmimi sındırdım, şeir yazmadım. Siz niyə Əliğa Kürçaylını unutmusunuz Məmməd müəllim? Əliğa Kürçaylı sizi böyük şair adlandırmışdı, “Narbənd ağacı” şeirində. Sizin böyük şair olduğunuzu xalq da təsdiq edib. Səməd Vurğun haqqında poema yazmışdım. Apardım Yusif Səmədoğlunun yanına. Soruşdum ki, Səmədin oğlusan, yoxsa Yusif Səmədoğlusan?

– Hər ikisiyəm, – dedi.

– Sənə poemamı oxumaq istəyirəm, xahiş edirəm qulaq as.  Səni dinləməyə vaxtım yoxdur,  cavabını verdi mənə, cənublu qardaşına.

Kişi bu sözləri deyib çıxıb getdi.

Məmməd Əli Vəliyev haqqında danışmağa başladı:

– Əli müəllim məndən bir neçə dəfə küsmüşdü, bilirsən. Süleyman Rüstəm “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru idi. Xəlil mənə dedi ki, gedək Süleymana şeirlərimizi oxuyaq. Getdik, yerində olmadığına görə Süleymanı gözlədik. Süleyman gəlib katibin otağına keçdi. Xəlillə içəri girdik. İçəridə Əli Vəliyev və Zeynal Xəlil də vardı. Xəlil Süleymana dedi ki, şeir oxumağa gəlmişik. Mən “Manilus Qlezus” şeirimi oxudum. Zeynal Xəlil dedi:

– Məmməd, bu fəlsəfən səni Bəxtiyarın yoluna aparır. Başqa bir neçə söz də söylədi.

Süleyman isə şeirin çapına söz verdi.

Səhər İttifaqa getdim, mən yuxarı qalxanda Əli müəllim aşağı düşürdü. Salam verdim:

– Sənin salamın mənə lazım deyil, – dedi, – Məşədi İbrahimin nəslindən xəbərçi çıxmayıb, sən o nəsildən deyilsən, get, bir də ittifaqa gəlmə.

Mən bu sözlərdən pərt oldum:

– Nə olub, Əli müəllim, mənim günahım nədir? Cavab vermədi.

Mehdi Hüseyn də yuxarı qalxırdı. Mənim yaman pərt olduğumu görüb Əli Vəliyevə dedi:

– Əli müəllim, hər şey cəhənnəmə, Məmməd yaxşı şairdir, xətrinə dəyməyin. Sonra məni öz otağına apardı. Mehdi o vaxt məsul katib idi. Sonra məsələnin böyüdüyünü görən Xəlil demişdi ki, Zeynal Xəlilin dediyi sözləri Bəxtiyara o çatdırıb. Bir neçə gün keçəndən sonra Əli müəllimlə yenə rastlaşdım. Mən salam verməmiş soruşdu:

– Nə təhərsən, bağışla, bilirdim ki, Məşədi İbrahim törəməsi xəbərçi olmaz.

Bir də yadındamı Məsud Əlioğlu bizi qonaq çağırmışdı. Orada Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Kamal Talıbzadə, İsmayıl Şıxlı vardı. Yadımdadır, Kamal Talıbzadə badə qaldırıb dedi:

– Bilirsiniz, ağsaqqallar, siz özünüzdən sonra gözəl bir nəsil qoyub gedirsiniz. İçək başda İsmayıl Şıxlı olmaqla yeni nəslin sağlığına!

Mehdi onda yerindən qalxdı, acıqlandı:

– Hara gedirik, ə? – dedi.

Məclisdə bir az qan qaralığı oldu.  Kamal Talıbzadə məsələni bir az yumşaltmaq məqsədilə əlavə etdi,  yəni deyirəm, insan gedərgidir.

O biri həftənin üçüncü günü İsrafil Nəzərov mətbuat komitəsinin kollegiyasını keçirirdi. Hökümət telefonu səsləndi, İsrafil dəstəyi götürdü, bir neçə saniyə pauzadan sonra dilləndi:

– Başınız sağ olsun, Mehdi Hüseyn keçindi. Bu, Məsud Əlioğlunun evində olan söhbətdən dörd gün sonra oldu.

5 sentyabr – Məmməd, axı Əli Vəliyev səndən bir neçə dəfə küsmüşdü?

– Rusların Çexoslavakiyanı işğal edib əhalisini qırmaqlarını biz cavanlar müzakirə edir və rusların bu hərəkətini pisləyirdik. Bu danışıqlarımız bizim qoca kommunistlərə xoş gəlmirdi. Əli müəllim məni görəndə dedi:

– Eşitmişəm qəhrəman olmaq istəyirsən, rusları pisləyirsən?

– Düz pisləyirik, rusların orada nə işi var?

Əli Vəliyev heç nə deməyib, çıxıb getdi. Sonralar Əli müəllimdən soruşdum:

– Əli müəllim, deyəsən, kommunizmdən bir şey çıxmadı?

– Düz deyirsən, bir şey çıxmadı – cavabını verdi Əli müəllim.

7 sentyabr – Ermənilərin  baş qaldırdığı vaxt idi. Sabir Rüstəmxanlı ilə Nüsrət Kəsəmənli dost idilər. Harda erməni var Sabirlə Nüsrət dava salıb onları döyürdülər. Bir dəfə də,  vaxtı dəqiq yadımda deyil,  Sabir mənə dedi:

– Əmi, gedək dəniz vağzalının yanındakı restoranda çörək yeyək. Sabir bilirdi ki, orada ermənilər işləyir, çalğıçılar da ermənidir. Mən, Söhrab, Nüsrət və Sabir getdik ora. Çörək yeyib hesablaşandan sonra uşaqlar qəsdən dava saldılar. Ermənilər dedilər ki, çıxaq çölə vuruşaq.

Mənə  göstəriş verdilər ki, əmi, sən kənar dur, qarışma. Söhrab da onlara qoşuldu. Ermənilər qaçdılar, çörək yeyən ermənilər də öz hesablarını götürdü, yavaşca hamı əkildi. Biz də ermənilərdən öz “hayıfımızı” belə çıxırdıq.

Xalq yavaş-yavaş qəflət yuxusundan ayılırdı. 1989-cu ilin soyuq günlərindən biri idi. Deyəsən, noyabr ayı idi. Nemət Pənahov zəng etdi ki, səninlə görüşüb söhbət etmək istəyirəm. Görüşü növbəti həftəyə təyin etdik. Evimizin aşağısında, Tofiq Bayramın evi olan yerdə görüşdük. Bir az söhbət etdikdən sonra məni Səttərxan adına zavoda görüşə çağırdı.

Görüş başlanana qədər Nemət təzədən məni söhbətə tutdu:

– Xalq cəbhəsi təşkil etmək istəyirik, siz də xalq cəbhəsinin sədri olun. Onda bir cavab vermədim. Sonra məni kabinetə apardılar. İçəridə Xəlil Rza, Ağamalı Sadiq, Əbülfəz Elçibəy bir də zavodun direktoru Əyyam müəllim vardı. Söhbət başlanana kimi yenə də məndən xalq hərəkatına başçılıq etməyi xahiş etdilər. Elçibəyi göstərib dedim ki, xalq hərəkatına bu kişi rəhbərlik etsə yaxşıdır. Nemət də Əbülfəz də bir ağızdan dedilər ki, biz sənin şeirlərini oxuyandan sonra meydana atılmışıq, azadlığın yolunu şeirlərinlə bizə göstərmisən, sən də rəhbər olmalısan.

Cavab verdim:

– Vallah, fiziki cəhətdən mənim qüvvəm çatmaz, görürsünüz, necə xəstəyəm, amma mənəvi kömək etməyə hazıram.

Görüş başlandı. Ağamalı da, Xəlil də, Nemət də, Əbülfəz də haqqımda danışdılar özü də çox yaxşı danışdılar. Beləliklə, başçılıq məsələsində məndən əl çəkdilər.

Sənə deyim ki, xalq hərəkatı çoxdan başlamışdı. Bir dəfə naxçıvanlı Benyamin yanıma gəlmişdi. 80-cı illər idi. Söylədi ki, təşkilat yaratmışıq, əhalini dövlətdən narazı salmaq məqsədi ilə təxribatla məşğuluq. Sən də bizim təşkilata üzv ol.

– Mən belə işlərə qoşula bilmərəm – cavabını verdim…

(Davamı var)

Təqdim etdi: Asif Mərzili

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!