Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Mayın 25-də AMEA-nın qarşısındakı bağda, açıq havada, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Festivalda bir çox şair və yazıçılarla yanaşı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü, nəğməkar şair Abil İslamın da üç kitabı nümayiş edilirdi. Şairin “Bir bəlalı ömür olub taleyim”, “Tələsmə hələ”, “Çox sevdiyim birisi var” kitabları sərgiyə gələn seyrçilər tərəfindən maraqla qarşılanırdı.
Onu da diqqətə çatdıraq ki, A.İslamın 200-dən çox şeirinə mahnı bəstələnib və tanınmış müğənnilər tərəfindən həmişə həvəslə oxunur. Şairin şeirlərinə yazılan mahnılardən 40-a yaxını Azərbaycan Dövlət Televiziyasının Qızıl Fondunda saxlanılır.
Abil İslamın bununla yanaşı audio disk toplusu da mövcuddur.
O, eyni zamanda Dünya üzrə Azərbaycan Türk Xalqları İctimai Birliyinin sədr müavinidir.
Tədbirdə maraqlı məqamlardan biri də o oldu ki, dəyərli şairimizlə gözəl vokal səsə malik, cənublu qardaşımız, ustad şairimiz, canlı klassikimiz olan Nəriman Həsənzadənin köməkçisi, müğənni və bəstəkar Arif Mehmandostla bir araya gəldilər. Necə deyərlər, biri yazır, o biri oxuyur. Gözəl vokal səsə malik A.Mehmandostun açıq havada möhtəşəm konserti baş tutdu.Tədbirə gələn qonaqlar A.Mehmandostun oxuduğu estrada mahnılarını alqışlarla qarşıladılar və böyük zövq aldılar.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Verilən məlimata görə, bu il iyunun 1-də, ilk dəfə olaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
Əlavə olaraq, qeyd edək ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalının təşkilati dəstəyi və Bizim media portalının dəstəyi ilə keçirilir.
Elçin Məmmədli
