4 Sentyabr 2025 / 11:57

“Şamaxinka” körpüsü: “İntihar mənbəyi”nə çevrilən keçid və işləməyən liftlər… – VİDEO

Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən körpü sözün əsl mənasında bərbad vəziyyətdədir. İnsanlar artıq bu körpüdən cana doyublar. Üstünün açıq olması, tikilmə qaydasının düzgün qurulmaması və xüsusən də əlillər üçün nəzərdə tutulmuş liftlərin işləməməsi insanların ən böyük narazılıq mövzusudur. Bu, təkcə narazılıq deyil, həm də təhlükədir.

“Təzadlar” qəzeti əməkdaşlarının neçə gün əvvəl ərazidən çəkdikləri görüntülər açıq şəkildə sübut edir ki, körpü doğrudan da acınacaqlı vəziyyətdədir. Bu, sadəcə subyektiv fikir deyil – kameraların qarşısında görünən reallıqdır.

Mən özüm də bu körpüdən tez-tez istifadə edirəm, amma etiraf edim ki, liftin işlədiyini demək olar ki, heç vaxt görməmişəm. Halbuki söhbət elə-belə bir keçiddən getmir. Körpünün hündürlüyü 12 metrdən artıqdır. Bu qədər hündürlükdə insanları yalnız pilləkanlarla  qalxmağa məcbur etmək hansı məntiqə və ədalətə, insafa sığır? Onu da nəzərə alsaq ki, bu körpüdən istifadə edən çoxsaylı insanlar arasında xəstələr, hamilə qadınlar, əli uşaqlılar və qocalar da var, onda mənzərənin nə qədər acınacalı olması daha çılpaqlığı ilə görünər.

***

Bu yerüstü körpüdən hər gün yüzlərlə insan keçir. Dediyimiz kimi, əlillər, qocalar, körpə uşaqlı qadınlar… Bəs bu insanları düşünmürlərmi? Onlar üçün lift qurulub, amma işləmirsə, deməli, sadəcə formal xarakter daşıyır. İnsanlar isə hər gün bu “ölü” liftlərin yanından keçib əzab-əziyyətlə pilləkanları qalxmağa məcbur olurlar. Bu, nə qədər ədalətlidir? Nə üçün təhvil verilən obyekt uzunmüddətli istifadə üçün yox, yalnız “göstəriş” xatirinə tikilir?”.

Maraqlıdır ki, bu strateji körpünün hər iki tərəfində, aşağı hissəsində böyük bir köşk də qoyulub, hələ bir nəzarətçi də saxlayırlar. İlk baxışdan bu, bəlkə də vacib görünə bilər. Amma sual yaranır: həmin nəzarətçi əslində, nəyə nəzarət edir?

 İnsanların ən çox narazı qaldığı məqamlardan biri də işləməyən liftlərdir. Əgər kimsə bu üstü açıq, demək olar ki, “intihar mənbəyi”nə çevrilmiş körpüdən özünü atmaq istəsə, həmin nəzarətçilər aşağıdan adamı əlləri ilə tutacaqlar? Yoxsa kimsə körpünü sındırmaq, sökmək istəsə, müdaxilə edə biləcəklərmi? Körpünün hər tərəfində quraşdırılmış kameralar da var. Əgər doğrudan da işləyirsə, bəs onda niyə işləməyən liftlərin qarşısında saatlarla dayanan qocaları görmürlər? Onların əziyyətini müşahidə etmək üçün əlavə sübut lazımdırmı?

Sonra da deyirlər ki, mətbuat yalandan aləmi qarışdırır. Amma hər şey qaydasında olsa, niyə jurnalistlər “mərdimazarçılıq” etsinlər? Əslində, bu körpünün düz tikilmədiyini ta əvvəldən deyirdik. İllərdir mətbuatda da, sosial şəbəkələrdə də bu barədə söz açılıb. Ən sadə nümunə: körpünün üstünün açıq qalması ciddi narahatlıq doğurur! Halbuki bunu şüşəli formada etmək, ya da heç olmasa yüngül bir kostruksiyalı örtüklə bağlamaq olardı. İndi isə vəziyyət odur ki, yayda insanlar uzunluğu ən azı 20-30 metr olan asma körpüdə günün altında əziyyət çəkir, qışda isə külək az qala adamı körpüdən aşırır. Bu necə layihədir, kim bunu belə təsdiqləyib? Sakinlər haqlı olaraq soruşurlar: əgər pul xərclənibsə, niyə keyfiyyətli iş görülməyib? Xüsusilə qış aylarında buradan keçmək əsl zülmdür – külək və qar, sazaq az qala adamı yerə çırpsın. Sual yaranır: hansı qurum bu körpünü qəbul edib? Necə olub ki, bu cür yararsız vəziyyətdə təhvil alınıb? Bu, sadəcə bir körpü məsələsi deyil. Bu, həm də insan həyatına, vətəndaşın gündəlik təhlükəsizliyinə, əlillərin, qocaların, uşaqlı insanların haqlarına biganə yanaşmanın göstəricisidir. Əgər bu qədər vəsait xərclənibsə və nəticə bu vəziyyətdirsə, deməli, ortada ciddi məsuliyyətsizlik.

Bizdə niyə problemlərin ardı-arası kəsilmir? Çünki çox vaxt məsələ gündəmə gəlir, səs-küy yaranır, sonra unudulur. Amma unudulan əslində vətəndaşın dərdi, çəkdiyi əziyyətdir. “Şamaxinka” körpüsü ilə bağlı çəkilən bu görüntülər də, faktdır, sübutdur, “mətbuatın şişirtməsi” deyil, sadəcə göz qabağında olan reallıqdır. Necə deyərlər, “görünən dağa bələdçi lazım deyil”.

***

Sonda: inanmaq istərdik ki,  nəhayət, aidiyyəti qurum rəsmiləri üzlərini bu körpüyə çevirəcəklər… Amma körpünün üstünə qalxmağa tələsməsinlər, çünki 12 metr hündürlükdə yerləşən körpüdə liftlər işləmir…

Elşad FƏRMANOĞLU

P.S.2020-ci ilin aprelin 3-də AzərTAC belə bir məlumat yaymışdı: “Bu gün Prezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində – “Şamaxinka” adlanan ərazidə tikilən yerüstü piyada keçidinin açılışında iştirak edib. Bununla da yerüstü piyada keçidi istifadəyə verilib. Hündürlüyü 5 metrdən artıq olan piyada keçidinin uzunluğu 130, eni 3 metrdir. Keçidin 3 giriş-çıxışı var. Keçiddə xüsusi liftlər quraşdırılıb ki, bu da yaşlı və əlillərin, o cümlədən uşaq arabası ilə olanların rahat şəkildə istifadəsini təmin edəcək”.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!