Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəzi insanlar sanki dünyaya “qızıl qaşıqla” gəliblər. İstədikləri işə asanlıqla girir, doğru zamanda doğru yerdə olur və çətinliklərdən minimum zərərlə çıxırlar. Biz isə buna sadəcə “şans” deyib keçirik. Lakin psixoloq Riçard Uayzmenin 10 illik araşdırmaları göstərir ki, şans göydən düşən bir pay deyil, əslində bir düşüncə tərzidir.
Bəs, “şanslı” insanların fərqi nədədir? Onların həyatımıza tətbiq edə biləcəyimiz 4 əsas prinsipi:
1. İmkanları “Görmə” Qabiliyyəti
Şanssız insanlar adətən bir nöqtəyə həddindən artıq fokuslanırlar və ətrafdakı digər fürsətləri qaçırırlar. Şanslı insanlar isə daha geniş vizyona malikdirlər. Onlar yeni təcrübələrə açıqdırlar və hətta plandankənar qarşılaşmaları belə bir fürsətə çevirə bilirlər.
2. İntuisiyaya Güvənmək
Araşdırmalar göstərir ki, özünü şanslı hesab edən insanların 80%-i qərar qəbul edərkən daxili səslərinə qulaq asırlar. Onlar məntiqi analizlərlə vaxt itirmək əvəzinə, bədənlərinin və hisslərinin verdiyi siqnalları oxumağı bacarırlar.
3. “Yaxşı Olacaq” Gözləntisi
Bu, sadəcə boş optimizm deyil. Şanslı insanlar gələcəyə müsbət baxdıqları üçün daha cəsarətli addımlar atırlar. Onlar uğursuzluq ehtimalını deyil, uğur ehtimalını düşünərək hərəkət etdikləri üçün daha çox cəhd edirlər. Çox cəhd isə riyazi olaraq uğur ehtimalını artırır.
4. Bədbəxtliyi Şansa Çevirmək
Təsəvvür edin: ayağınız sınır.
Şanssız insan: “Niyə məhz mən? Bu günüm bərbad keçdi.”
Şanslı insan: “Yaxşı ki, belim qırılmadı, ayağımın sınması ilə canım qurtardı.”
Şanslı insanlar mənfi hadisələrin içindəki müsbət tərəfi tapmaqda ustadırlar. Bu, onları depressiyadan qoruyur və tez ayağa qalxmalarına kömək edir.
Taleyinizi Dəyişə Bilərsiniz?
Bəli! Şans bir genetika deyil, öyrənilə bilən bir bacarıqdır. Diqqətinizi artırmaqla, yeni insanlarla ünsiyyət qurmaqla və uğursuzluqlara baxış bucağınızı dəyişməklə siz də ətrafınızdakılar üçün “şanslı birinə” çevrilə bilərsiniz.
Səbinə Bağırova