19 Sentyabr 2025 / 12:47

“SARI GƏLİN” MAHNISININ ƏSL MƏNASI NECƏ OLUB???

 …Qədim yunan əsatirlərində və tarixi mənbələrdə İspaniyadan Çinə qədər olan ərazidə amazonkaların yaşadiqları təsdiq olunub. Strabon da onların Qafqaz dağları bölgəsində məskunlaşdığını yazır: “…deyilənlərə görə, Albaniyanın dağlarında amazonkalar yaşayırlar”.
Pomponi Mela yazır: “Xəzər körfəzinin yanında skiflər və amazonkalar yaşayırlar”. Amerikalı professor Adrienne Mayor “Amazonkalar” kitabında bu problemi mifik müstəvidən real müstəviyə keçirib və Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki hadisələrlə uğurlu şəkildə identifikləşdirib. “Thalestris və Makedoniyalı İsgəndər” adlı 20-ci bölümündə (səh. 319-338) Azərbaycan ərazisində yaşayan amazonkaların İsgəndərlə görüşü haqda yazılıb. Amazonkalar özlərinə hökmdar seçir, onu “Sarı ana” (qocalanda “nənə”) adlandırırdılar. Sarı ana mütləq hakim olur, onun sözü qanun sayılırdı. Bu qanunu pozanlar sərt cəza alırdılar.” Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, amazonkalar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində, qarqarlarla qonşuluqda yaşayırlar. Yazda iki xüsusi ayda onları qarqarlardan ayıran qonşu dağa qalxırlar. Qarqarlar İndiki Ağdam rayonu ərazisində yaşamış qədim türk tayfalardan biri olub.
***
“Saçın ucun hörməzlər, sarı gəlin!” Amazonkalar saçlarını toplayıb uclarını dəbilqənin təpəsindən çıxararaq sərbəst buraxırdılar. Sarı paltar geyinirdilər. Onlar qadın cəmiyyəti yaratmışdılar. Amma nəsillərini qoruyub saxlamaq üçün onlar kişilərlə görüşürdülər. “Sarı gəlin” mahnısında da oğlanın amazon qadına məhəbbətindən bəhs edilir. “Gülü qönçə dərməzlər, sarı gəlin!” Amazonkalar ildə bir dəfə yaz aylarında düşərgəni tərk edər, qarqarlarla görüşər, hamilə olduqlarını hiss edən kimi geri qayıdardılar. Amma belə səfərlərə yalnız döyüşçü olduğunu sübut etmiş, ən azı iki düşməni canından etmiş qadınlar çıxa bilərdilər. Yəni gənc qızlara belə səfərlərə çıxmaq qadağan idi. Çünki onlar hələ əsl amazonka deyildilər və geri dönməyə bilərdilər. Ona görə də uşaq dünyaya gətirmək istəyən qadınlar çox cavan olmurdular və ola bilsin ki, artıq bir neçə övlad sahibi idilər.Buna görə də mahnıda “gəlin” sözü işlədilib. “Bu sevda nə sevdadır, səni mənə verməzlər, Neynim, aman-aman, Neynim, aman-aman, Sarı gəlin!”.
 Amazonkalar isə mütləq geri dönürdülər, əks təqdirdə ölməli idilər. Gözlərimin qarşısına gənc qarqar oğlan gəlir. O, həsrətlə yazı gözləyir, murad verib murad aldığı gözəl amazonkasının yazda yenə gələcəyi günü xəyal edir. Qara sevda çəkilməz bir dərd kimi sinəsinə çöküb.
 “Bu dərənin uzunu, çoban, qaytar quzunu, Sarı gəlin!” Qız uşaqlarını amazonkalar özlərində saxlayır, oğlanları isə qarqarlara verirdilər. Amazonkalar uşaqları vermək üçün kəndə gəlmirdilər. Onlar körpələri kəndin kənarındakı dərələrə atıb geri dönürdülər. Bilirdilər ki, Qarqar çobanlar onları götürüb evlərinə aparacaqlar. “Hər bir qarqar ona düşən körpəni oğlu bilib böyütməlidir”. (Strabon “Coğrafiya” əsəri.).
 Sevən oğlan öz çılğın sevgisinin barını görmək ümidi ilə çobanla birlikdə dərə boyunca gəzərək körpə oğlunu axtarır, uşağı tapmadıqda “Coban qaytar quzunu” deyir. “Nə ola bir gün görəm nazlı yarımın üzünü, Neynim, aman-aman! Neynim, aman-aman! Sarı gəlin!” O, sevgili amazonkasının gözəl üzünü xəyalında canlandırıb ürəyində onunla danışır. Qəlbinin səsi, sanki qayalarda əks-səda verib qulaqlarına dolur: “Heç olmasa ildə bir yol üzünü görüm!” “Bu sevda nə sevdadır, Səni mənə verməzlər, Ay nənən ölsün, sarı gəlin!” Oğlan sevgisinin ümidsiz olduğunu bilir. Çünki bu sevginin qarşısını istəklisinin amazonkalığı kəsib. “Sarı gəlin” mahnısı çox qədim dövrlərdə yaranıb və o vaxtlar hamı bu mahnının mənasını bilirdi. Əsrlər keçdikcə amazonkaların yox olması ilə əlaqədar mahnının mənası anlaşılmaz hala düşüb. Bu yerdə Dədə Qorqud dastanından “Qanlı Qoca oğlu Qanturalı boyu” yada düşür. Daha doğrusu, oradakı Sarı donlu Selcan xatun! Bu döyüşkən qız da əsl amazonka idi…
Gülər Mehdiyeva,
Namiq Həsənov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!